EN

Olimpiya Təsnifat Turniri: Məmmədova da uduzub, Stadnik 1/4 finalda

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxacaq. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimiz son şansdan yararlanmağa çalışacaq. İlk 3 yerin sahibi Olimpiadada iştirak hüququna yiyələnəcək.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında Menq Hsiehə (Çin Taypeyi) tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxan Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin 18:8 hesablı qələbəsi ilə yekunlaşıb.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olub. O, startda 1:4 hesablı məğlubiyyətə üzülüb.

62 kq
Təsnifat mərhələsindən yarışa start verən Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə güləşib. O, "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Lakin Məmmədova bu mərhələdə çinli Jia Lonqa 1:7 hesabı ilə məğlub olub.

68 kq
Elis Manolova təsnifat mərhələsində Nikol Parradoya (Kolumbiya) 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

Chosen
271
1
cbcsport.az

2Sources