EN

"Muğan Bank" ilk deyil, son da olmayacaq - Bankların gələcək taleyi...  

Azərbaycan Mərkəzi Bankı daha bir bankın lisenziyasını ləğv etdi. “Muğan Bank” ASC artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Bu 2023-cü ildə qeydə alınan ikinci hadisədir. Bundan öncə isə “Günay Bank” ASC eyni səbəbdən lisenziyası ləğv edilmişdi.Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, Muğan Bankın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır.Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil. Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı Muğan Bankın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə Muğan Bank Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. Muğan Bankın həmin müddətdə aktivləri 18.9 faiz azalıb.Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub.Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216.7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99.9%-nin əmanətləri kompensasiya olunacaq.Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub.“Muğan Bankın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər”- deyə, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.“Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”- deyə, o qeyd edir.Muğan bankın lisenziyasının alınması və ümumiyyətlə Azərbaycan bank sektorunda son vəziyyətlə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda son zamanlar zəif bankların sıradan çıxması hallarının artdığını müşahidə olunur: “"Muğan Bank" ilk deyil, yəqin ki son da olmayacaq.  Zəif bankların fəaliyyətini dayandırması təbii haldır. Kiçik banklar bazarda rəqabətə dözə bilmir. Onların göstəriciləri zəiflədikcə, problemlər yaranır və lisenziyalarının  geri alınması ilə nəticələnir.  Digər tərəfdən bu hallar periodik olaraq tez-tez təkrarlandıqda vətəndaşlarda banklara olan güvənin azalmasının şahidi oluruq. Azərbaycanda hazırda 5 böyük bank var ki, onlar bazarın təxminən 80 faizinə nəzarət edir. Kiçik bankların belə şəraitdə fəaliyyət göstərməsi çox çətindir. Getdikcə kiçik bankların sıradan çıxması mümkündür. Bankların bağlanmasının iqtisadiyyata ciddi təsiri olmasada, ümumi bank sektoruna olan etibarın zədələnməsinə səbəb olurlar”. İqtisadçı  ekspert kiçik bankların bağlanma hallarının gələcəkdə də mümkün olacağını vurğulayıb:“Azərbaycan kimi rəqabətin və bazar həcminin az olduğu ölkədə kiçik bankların ayaqda qalması çətin görünür. Kiçik bankları süni şəkildə ayaqda saxlamağın mənası yoxdur. Onlar yenidən eyni problemlərlə üzləşəcəklər.  Hər bankın bazarda öz varlığını qorumaq üçün strategiyası fərqlidir. Azərbaycandakı bankların əksər hissəsi istehlak kreditləri üzərinə  ixtisaslaşıblar. Amma bəzi banklar var ki, ipoteka kreditləri üzrə ixtisaslaşıblar. Bəziləri daşınmaz əmlak girov götürürlər və balanslarında çoxlu sayda daşınmaz əmlak olur. Yəni hər bankın öz strategiyası var və onlara uğur gətirəcək strategiyanı tətbiq edirlər”.

Chosen
705
3
sherg.az

4Sources