EN

Ermənistanda 1700 illik MİF DAĞILIR: Hakimiyyət xalqı kilsəyə qarşı mübarizəyə səslədi

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Arsen Torosyan ölkədəki xristian kilsəsinin tarixini əfsanə hesab edir. Deputat bildirir ki, kilsəni yerlə-yeksan etmək lazımdır. O, kilsəni erməni dövlətçiliyini məhv etməkdə də ittiham edib. Baş nazir Nikol Paşinyanın tərəfdarı vurğulayıb ki, fırtınalı dənizdə gəzmək üçün mif və stereotiplər məhv edilməli, dövlətçiliyi qorumaq naminə 1700 illik mif tamamilə dağılmalıdır. A.Torosyanın sözlərinə görə, kilsə öz daxili və xarici qrup maraqları naminə Ermənistanın dövlətçiliyini qurban vermək istəyir. O, xalqı bu struktura yekun qiymət verməyə çağırıb.

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, erməni deputatın açıqlamasında yeni bir məlumat yoxdur.

Onun sözlərinə görə, həqiqətən də 1700 əvvəl baş verənlərin hay qövmü ilə heç bir əlaqəsi olmayan Ermənistanla hər hansı bir bağlılığı da yoxdur: “Əslinə baxdıqda erməni deputat Arsen Torosyanın açıqlamaları yeni bir şey deyil. Ermənilər xristianlığı 301-ci il tarixində kütləvi olaraq qəbul etdiklərini önə sürsələr də, tədqiqatlar nəticəsində bu tarixin ermənilərin xristianlığı qəbul və erməni kilsəsinin quruluş ili olmadığı ortaya çıxıb. Ümumiyyətlə 1700 əvvəl baş verənlərin hay qövmü ilə heç bir əlaqəsi olmayan Ermənistanla hər hansı bir bağlılığı da yoxdur. Odur ki, həqiqətən də Ermənistanın mif və stereotiplərdən yaxa qurtarması, nəhayət, dövlətçilik prinsipi əsasında fəaliyyət göstərməsinin vaxtı çatıb”.

Politoloq söyləyib ki, Ermənistanda separatizm, terror, işğal, “böyük Ermənistan” xülyası, qonşulara qarşı ərazi iddiaları ilə çıxış etmək kilsə ideologiyası olub: “Uzun zaman ərzində erməni toplumu məhz bu istiqamətdə tərbiyə olunub. İndi Ermənistanda baş verənlər və ümumiyyətlə Ermənistanın hələ də müstəqil ölkə ola bilməməsinin arxasında da bu cür yanlış stereotiplər dayanır. Şübhəsiz ki, indiki məqamda bu cür bəyanatlarla çıxış etmək müəyyən cəsarət tələb edir. Çünki indinin özündə də kilsənin erməni ictimaiyyətinə təsir imkanları danılmazdır. Amma bu cür bəyanatlarla çıxış edənlərin zaman-zaman artacağı və nəticədə kilsənin siyasi proseslərə təsir imkanlarının azalacağı gözləniləndir. Xüsusilə indiki mərhələdə, yəni kilsənin faktiki olaraq hakimiyyət uğrunda mübarizəyə qalxması nəticəsində mövcud miflərin və stereotiplərin zamanla yox olacağı ilə bağlı ehtimallar artır”.

Vüqar MƏMMƏDOV

Chosen
269
50
medianews.az

10Sources