EN

Dərs ilinin bitməsinə 1 ay qalmış şagirdlərə sinif tapılmır - Video

Dərs ilinin bitməsinə 1 ay qalmış şagirdlərə sinif tapılmır - Video

Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində artıq 3 gündür ki, dərslər dayandırılıb. Tədris ilinin bitməsinə bir ay qalmış məktəbin otaqları boşaldılıb, bütün musiqi alətləri, stol-stullar, şkaflar çölə atılıb. Buna səbəb isə 2007-ci ildə yan binanın özəlləşdirilməsi, sahibkarın binanın nəzdində olan otaqları məktəbdən almasıdır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Qeyd olunur ki, bu musiqi məktəbi 65 ildir fəaliyyət göstərir və sözügedən binada isə heç bir fəaliyyət olmadığından illərdir həmin binanın otaqlarından istifadə olunub. Ümumilikdə 16 sinif musiqi məktəbindən alınıb. Bütün inventar yağmurlu havada həyətdə qalıb.

Şikayətçilərin sözlərinə görə, yekun imtahanların, açıq dərslərin olduğunu nəzərə alsaq, məktəbdə tədris prosesinin hansı vəziyyətə düşdüyünü təsəvvür etmək elə də çətin deyil.

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov APA TV-yə bildirib ki, sahibkara sözügedən otaqların icarəhaqqı ödənilməklə cari tədris ilinin sonunadək istifadədə qalması təklif olunsa da, o bundan imtina edib: "Məcbur qalıb məhkəmə qərarını icra etmişik. Məktəbin balansında olan musiqi alətləri və digər əşyalar qısa müddətdə yaxınlıqda olan digər bir məktəbə köçürüləcək. Məktəbin fəaliyyətini dayandırması məsələsi gündəmdə deyil".

Qeyd edək ki, hazırda həmin musiqi məktəbində 80 müəllim çalışır, 500-dən çox şagird təhsil alır.

***

"Modern.az"ın məlumatına görə, sözügedən binanın sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. O, vəzifədə olan zaman bina özəlləşdirilib.

Chosen
326
8
sonxeber.az

7Sources