Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirən Nicat Əliyevə hökm oxunub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin dekabrında paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib. Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıb. Ondan 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu