EN

Özbəkistanda “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” keçiriləcək

Oktyabrın 23-dən 26-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcək.

İnterpress.az xəbər verir ki, tədbirin ilk günündə Azərbaycanın Xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş olacaq.

Bundan başqa, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr təşkil ediləcək.

Eyni zamanda, V.Əziz yaradıcılığına dair tədbir keçiriləcək.

Oktyabrın 24-də Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan poeziyası və musiqisi ilə bağlı ədəbi-bədii tədbir təşkil olunacaq.

Tədbirdə V.Əzizlə görüş keçiriləcək, şairin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələr, beynəlxalq müsabiqələr laureatları, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva milli musiqimiz, muğamlarımızı ifa edəcək, eyni zamanda Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizlə çıxış edəcəklər.

Oktyabr 25-də Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində tədbirlər davam edəcək, Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili tədbir keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış azərbaycanlı yazıçı, ictimai xadim, 1938-1940-cı illərdə Urgənc Dövlət Universitetinin müəllimi olmuş Yusif Vəzir Çəmənzəminlinin adı sözügedən təhsil ocağında əbədiləşdiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Urgənc Dövlət Universitetində Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan – Özbəkistan dostluq mərkəzi yaradılmış və Xarəzm vilayətində keçiriləcək “Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində sözügedən mərkəzin açılışı nəzərdə tutulub.

Mərkəzdə Azərbaycan-Özbəkistan dostluğu, dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin görüşləri, onların dostluğumuzla bağlı fikirləri, Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatına dair müxtəlif sərgilər, guşələr təşkil olunacaq, Azərbaycana dair mini kitabxana və auditoriya fəaliyyət göstərəcək..

Tədbirlər çərçivəsində Urgənc Dövlət Universitetində Heydər Əliyev ili münasibəti ilə dahi şəxsiyyətə həsr olunmuş kitab və foto sərgi təqdim olunacaq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 3 dildə (Azərbaycan, özbək və türk) çapdan çıxan “Heydər Əliyev – 100 kəlam” adlı kitabın, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (Azərbaycan, türk, özbək, rus, ingilis) ensiklopedik nəşrin təqdimatları da keçiriləcək.

“Azərbaycan mədəniyyəti və poeziya həftəliyi” çərçivəsində oktyabr 25-də Özbəkistanın Xarəzm vilayətinin Mərkəzi Konsert Sarayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcək.

Tədbir çərçivəsində Özbəkistanın Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərinin kitabxanalarına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəşrlərindən ibarət zəngin kitab kolleksiyası hədiyyə ediləcək.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-ci ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşmış və bu barədə müqavilə imzalanıb.

Chosen
1001
40
interpress.az

10Sources