EN

Bu gecə final var: Avroliqanın qalibi kim olacaq?

Bu gün UEFA Avropa Liqasının final matçı baş tutacaq.

Publika.az xəbər verir ki, qitənin 2 nömrəli klub turnirinin həlledici görüşündə mövsümün 2 sürpriz və baxımlı futbol oynayan komandası - "Atalanta" və "Bayer" üz-üzə gələcək.

Qrup mərhələsində "Qarabağ"ın rəqibi olan, sonra 1/8 finalda yenidən təmsilçimizlə üz-üzə gələn və şans sayəsində mərhələ adlayan Leverkuzen klubu bu mövsüm ümumiyyətlə məğlubiyyətin nə olduğunu bilmir. Vaxtından əvvəl Almaniya çempionu olan Xabi Alonsonun rəhbərlik etdiyi komandanın növbəti hədəfi məhz Avroliqanı qazanmaqdır. Təsadüfi deyil ki, heyətində heç bir itki olmayan "asprinlər" final görüşünün aşkar favoriti hesab edilirlər.

"Atalanta"ya gəlincə, uzun müddətdir İtaliya təmsilçisinə rəhbərlik edən Can Pyero Qasperini və onun komandasının şanslarını aşağı qiymətləndirmək olmaz. Oynadığı baxımlı futbol və məhsuldar oyunla diqqətləri cəlb edən berqamolular A seriyasından Çempionlar Liqasına vəsiqə qazandığı mövsümü titulla başa vurmağı hədəfləyirlər. Ötən həftə "Yuventus"a məğlub olaraq (0:1) İtaliya kubokunu əldən verən "Atalanta" üçün "Bayer"lə görüş bu sarıdan son şansdır.

Statistikaya gəlincə, finallarla bağlı "Bayer"in təcrübəsi zəngindir. Almaniya təmsilçisi 2 dəfə UEFA-nın bayrağı altında keçirilən turnirlərin həlledici görüşünə vəsiqə qazanıb. Leverkuzen klubu 1988-ci ildə UEFA kubokunun, indiki Avropa Liqasının qalibi olub. 2002-ci ildə Çempionlar Liqasının finalında "Real"ı məğlub etmək mümkün olmayıb.

"Atalanta" isə tarixində ilk dəfə avrokubokların finalına vəsiqə qazanıb.

Chosen
194
50
publika.az

10Sources