Ermənistanda hökumətin Azərbaycanla apardığı delimitasiya işlərindən narazı qalan etirazçılar Nikol Paşinyanı vəzifədən getməyə çağırıblar.
Videonu YouTube kanalımızda izləyin.
Ermənistanın regionlarından yürüş etmiş etirazçılar Yerevanın mərkəzinə toplaşıblar.
“Tavuş Vətən naminə” hərəkatı 5 gündür ki, “Ermənilər, Ermənistan, Vətən və Tanrı” şüarları ilə Yerevana doğru hərəkət edib.
Onlara rəhbərlik edən Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Paşinyana xitabən "sizin daha Ermənistanda hakimiyyətiniz yoxdur" deyib.
Ermənistan Baş naziri bundan əvvəl deyib ki, demokratik ölkədə hakimiyyət dəyişikliyi seçkilər yolu ilə, xalqın iradəsi ilə baş verməlidir.
Yerevanın Respublika meydanına toplaşan bəzi etirazçılar Azərbaycanla müharibədə həlak olmuş hərbçilərin təsvirləri olan ağ köynək geyiniblər, əllərində Ermənistanın, artıq özünü ləğv etmiş separatçı Dağlıq Qarabağ hakimiyyətinin bayraqlarını tutublar.
Bazar günü arxiyepiskop Baş nazir Nikol Paşinyana istefa üçün 1 saat vaxt verib. Sonra isə mayın 10-dan etibarən, mitinqə və itaətsizlik aksiyalarına çağırış edib, özü isə meydanda gecələyəcəyini bildirib.