EN

Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib VİDEO

Vyana, 26 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir. Müstəqillik Günü ərəfəsində təşkil edilən konsertlərdən biri də Avstriyanın Baden şəhərində baş tutub.

AZƏRTAC xəbər verir ki, tanınmış bəstəkar, cazmen, Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Baden şəhərinin mərkəzində yerləşən Musiqi pavilyonunda açıq səma altında konsert proqramı ilə çıxış edib. Konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin əməkdaşlığı əsasında təşkil olunub.

Baden Şəhər Bələdiyyəsində Mədəniyyət idarəsinin rəhbəri professor Hans-Qerd Ramaxer konsertdən öncə çıxış edərək, təmsil etdiyi qurumla Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığın artıq ənənə xarakteri aldığını bildirib. O, uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya minnətdarlığını çatdırıb. Həmçinin diqqətə çatdırılıb ki, peşəkar Azərbaycan musiqiçilərinin təqdim etdiyi konsert proqramları yerli musiqisevərlər tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, Baden şəhərində yerləşən, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük kurort parklarından biridir və salındığı 1792-ci ildən bəri təbiət, istirahət və mədəniyyət burada ön planda dayanır. Kurortun ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.

Tədbirin bədii hissəsində Əməkdar İncəsənət Xadimi Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Azərbaycan bəstəkarlarının əsərləri əsasında etnocaz proqramı ilə çıxış edib. Konsertdə Əməkdar artist Mircavad Cəfərov (ud), Tofiq Cabbarov (perkussiya), Elvin Bəşirov (zərb), Coşqun Sadıqov (balaban, tütək) və Ruslan Hüseynovun (bass) ifaları böyük alqışlarla qarşılanıb. Ud, balaban və tütəyin ifasında özünəməxsus caz improvizasiyaları xüsusilə diqqəti çəkib.

Qeyd edək ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri Vyana sakinlərinin, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Betxoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirmişlər. Bu şəhərdə klassik musiqiyə ənənəvi olaraq böyük diqqət göstərilib. Şəhərin sakinləri və qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən konsertləri diqqət mərkəzində saxlayırlar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Chosen
233
41
azertag.az

10Sources