EN

Azərbaycan boksçusu: Paris Olimpiadasında tarix yazacağıma söz verirəm

Azərbaycan

Bakı, 31 may, AZƏRTAC

“Paris Olimpiadasında tarix yazacağıma söz verirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan boksçusu Malik Həsənov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Güclü rəqiblərlə qarşılaşsam da, hamısına qalib gəlməyi bacardım. Bura gəlmədən öncə söz vermişdim ki, Olimpiya Oyunlarına lisenziya qazanacağam. Bunu bacardım. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Boksçu 1/4 finalda Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin “Paris-2024”ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.

Chosen
159
42
azertag.az

10Sources