EN

Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşından sonra Bakıya niyə qayıtmışdı?

Bu gün məşhur dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anım günüdür.

Kulis.az bu münasibətlə filosof Rahid Uluselin “Səməd Vurğun 76 yaşından sonra” essesini təqdim edir.

Bizim “şair xalqımızın” uydurduğu miflərdən biri də budur ki, guya Səməd Vurğun 1956-cı ildə 50 yaşında vəfat etmişdir. Doğru deyil. O, ağır xəstələnsə də, “ana südü, dağ çiçəyi” ilə sağala bilmişdi. Yusif və Vaqif Səmədoğlu qardaşları buna şahiddir.

Ölümdən dönən böyük şair əsl yaradıcılığa məhz bundan sonra başlamış, boş ideologiyadan üz döndərmiş, əvvəl yazdıqlarını qapatmış (İsa Muğanna kimi yox, yalnız Səməd Vurğun kimi), qazandığı orden və medallardan, ad və sanlardan imtina etmiş, indən belə o miflərə qarşı mübarizə aparmışdır.


Bir müddət xəlvətcə öz doğma kəndinə – Yuxarı Salahlıya çəkilərək, oradakı evində gözdən-qulaqdan uzaq yaşamış, əsərlərini özü bircə-bircə təhlil edərək oradakı boşluqlardan, patetikadan, mədhiyyəçilikdən dəhşətə gəlmiş, sənəti (yəni İnsanı) məhv edən səbəblərin kökünə varmış, Sözü (yəni İnsanı) danışdırmağın böyük sirlərinə yiyələndiyinə əmin olduqdan sonra üzə çıxmışdır.

76 yaşında, bir ulu Şeyx qüdrətində yenidən Bakıya qayıtmış, vaxtilə akademiki olduğu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində ömrünün sonunadək şərəf və ləyaqətlə çalışmış, ən sanballı əsərlərini də bu dövrdə qələmə almışdır.

Böyük mütəfəkkir İmam Mustafayev, Vəli Axundov, Şıxəli Qurbanovla dostluq etmiş, siyasətin, mədəniyyətin, ədəbiyyatın iliklərinə milli ruhu yeridən qaynaq olmuşdur.

Azərbaycan humanitar elmlərinin bütün potensialını səfərbər edərək, onların gələcək inkişafına əsas verən təməl prinsipləri müəyyən etmişdir. O prinsiplərin başlıca ideyası – dünya sivilizasiyasının üstün dəyərlərini özündə cəmləmiş seçkin bir mədəniyyətə, elmi, fəlsəfi, estetik və ədəbi dünyagörüşünə sahib olduğumuzu dərk edərək, yad nəzəriyyə və ideologiyaların dalınca sürünməmək, epiqonçuluğu tərgitmək və öz kökümüz üzərində özümüzü yaratmaq bahadırlığımızdır.

Dünya ilə nəfəs-nəfəsə dayanmağın, milli varlığından dünyaya saçılmağın necə coşqun bir həyat olduğunu Ustad proqram mahiyyətli monumental əsərlərində – poeziyasından fəlsəfi traktatlarınadək – bütün dərinliyi ilə göstərmişdir.

Qocaman yaşlarında Səməd Vurğun Məhəmməd Hadidən sonra qeyb olan sonuncu şairimizdir.

Ustadın yetmiş-səksəninci illərdəki bütün nikbin proqnozları doğru çıxmışdır:

Azərbaycan müstəqilləşmiş, dünya mədəniyyətinin məbədlərindən birinə çevrilmişdir.

1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində bir az dala getsə də, sonra özünü toparlamış, ildırım sürəti ilə irəli şığımışdır.

Ustadın dedikləri bir-bir həyata keçməkdədir: Neft kapitalı insan kapitalına çevrilir. Var-dövlətimiz başımızdan aşır.

Dünya zənginləri London, Paris, Nyu-Yorkdakı evlərini satıb Bakıda mülklər alırlar. Almaniyadan, Britaniyadan, Fransadan, İsveçrədən iş dalınca basa-basa Bakıya gəlirlər. Artıq qalanları fermer təsərrüfatları yaratmaq üçün kənd yerlərimizə üz tuturlar.

Burada bir eşşəyə dayəlik ən azı beş min avro, bir beçəni böyüdüb xoruz kimi banlatmaq yeddi min avro, bir hind toyuğunu dəvəquşu boyda etmək doqquz min avro, bir tutuquşuya “Mən kral XIV Lüdovikəm!”, yaxud “mollanı əmmamələməlimi, mollanı əmmamələməməlimi?!” dedirtmək on iki min avrodur.

Yaponiya, Koreya alimləri bizim avtomobil, kompüter zavodlarında qara fəhləliyə işə düzəlmək üçün əldən gedirlər.

Bir Azərbaycan milyonçusu xaricə bir manat da çıxarmır. Əksinə, əcnəbi yatırım Azərbaycana sel kimi axır. Banklardan daşan pulumuzu yığıb-yığışdıra bilmirik.

Hərdən bəşəriyyətə yazığımız gəlir. Vatikana-zada yardım edir, antik abidələrinə yamaq vururuq. Bizim vurduğumuz yamağın gözəlliyinə baxmaq üçün dünyanın hər yerindən axışıb gəlir, sirrindən agah olmaq istəyirlər.

Ölkəmizdə həyat olduqca maraqlı, çil-çıraqlıdır. Ağaclara da dənə-dənə işıq lampaları sarmaşdırmışıq ki, dünyanın başqa ağaclarından seçilsin.

Dünyadakı şadlıq saraylarının onda doqquzu bizdədir. Biz ayrı bir xəstəlikdən yox, atılıb-düşməkdən, gülməkdən ölürük. Yalnız bu səbəbdən yeni müəssisələr, iş yerləri kimi yasxanalarımız da çoxalır, mollalarımız, mürdəşirlərimiz yağ içində böyrək kimi üzür.

Darıxmamaq üçün ildə beş dəfə Aşura, dörd dəfə Qəhqəhə və Zəngulə müsabiqələri, iki dəfə Olimpiya, bir dəfə Formula-1, hər bazar Olum-Qalım yarışı keçiririk. Dünyanın ən nüfuzlu forumlarına, ən möhtəşəm poeziya festivallarına ev sahibliyi edirik.

Yunanıstanın Xalq şairi Homer, İtaliyanın Xalq şairi Dante, İranın Xalq şairləri Sədi və Hafiz Şirazi azərbaycanlı sənətkarlarla yanaşı bu festivallardakı birincilikdən böyük məbləğdə mükafatlar qazanıblar.

Azərbaycan öz sənət adamlarını dünyaya çıxarmaq üçün milyonlarla manat pul xərcləyir. Ona görə də onlarca böyük əcnəbi sənətkar əl boyda bircə şeir kitabı çıxmış sütül Azərbaycan şairinin əsərini tərcümə etmək üçün növbəyə dayanır.

Umberto Eko məşhur Azərbaycan postmodernisti Kamal Abdullanın yanına gəlmək, onunla kəlmə kəsmək, şəkil çəkdirməkdən ötrü bizim səfirliyin qabağında gecələyir.

Dünyanın ən zəngin şairləri, yazıçıları Azərbaycandadır. Azərbaycan Yazıçılar Birliyi onlara ev vermək üçün yalvarır, nüfuzlu məmurlardan elçi göndərir. Onlar isə istəmirlər. Çünki kitablarının nəşrindən, mediadan qazandıqları vəsaitlə şairanə malikanələr tikdiriblər, orada zürafə, kenquru, delfin saxlayırlar.

Bu ölkənin ən kasıb ədibi Çingiz Abdullayevdən sonra ən aciz yazarı mənəm ki, qəfəsdəki bülbülümə dən alıb yedirə bilmirəm. Gərək sabah səhər tezdən bağçamdakı güllərin üstünə şeh qonanda qəfəsi açıb bülbülü buraxam. Axı, mənim ölkəmdə bülbülün dəni qəfəsdə deyil, azadlıqdadır!

Fotoda: Səməd Vurğun, Nazim Hikmət. (Fotonu Nurlan Əhmədov rəngləyib)

Chosen
53
21
kanal.az

10Sources