EN

Aktual iPhone modellərinin çoxunda iOS 18-in süni zəka funksiyaları məhdud şəkildə çalışacaqlar

     Son məlumat sızıntılarına əsasən 10 iyun tarixində start götürəcək WWDC 2024 konfransı çərçivəsində təqdim ediləcək iOS 18-dəki süni zəka funksiyaları iOS 17 dəstəkli bütün iPhone modellərində istifadəyə veriləcək. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən iOS 18-də olacaq lokal süni zəka funksiyaları yüksək sistem tələblərinə sahib olacaqlar. Bu səbəbdən də lokal süni zəka funksiyalarından yalnız ən güclü iPhone modellərinin istifadəçiləri yararlana biləcəklər. İnsayder bildirib ki, Apple iOS 18-dəki süni zəka funksiyalarını iki növə ayıracaq.     Birbaşa smartfon daxilində çalışan standart lokal funksiyalar və şirkətin bulud serverləri vasitəsilə çalışan güclü funksiyalar. Birinci növə aid ediləcək süni zəka funksiyaları çox güman ki, Apple şirkətinin fərdi böyük dil modeli üzərində çalışacaqlar. Hər yeni iPhone modelinin ildən-ilə performans göstəricisi artdığı üçün süni zəka funksiyalarının öhdəsindən heç də bütün iPhone modelləri gələ bilməyəcəklər. Məlumata əsasən iPhone 15 Pro və iPhone 15 Pro Max modelləri istisna olmaqla digər aktual iPhone modelləri süni zəka funksiyalarından məhdud şəkildə istifadə edə biləcəklər. Bununla yanaşı Gurman bildirib ki, MacBook və iPad cihazlarında lokal süni zəka funksiyalarının çalışmaları üçün onların minimum Apple M1 prosessoruna sahib olmaları lazım gələcək.

Chosen
95
16
technote.az

10Sources