EN

“Ümid edirəm ki, Rza yığmanın baş məşqçisini çətin seçim qarşısında qoyacaq” - Cahangir Həsənzadə

Milli komandamız Macarıstanın Sombathey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində Qazaxıstana qarşı keçirdiyi yoldaşlıq görüşündən qalib ayrıldı.

Artıq 2-ci dəqiqədə qapısında qol görən yığmamızın möhtəşəm geridönüşlə iki top fərqini “əritməsi” futbol ictimaiyyətini sevindirdi. Ümumiyyətlə, yığmanın tarixində iki topdan sonra qələbəli geridönüş olmamışdı. Hazırlıq oyunlarının müsbət tərəfi odu ki, rotasiyalar etməklə əlinin altındakı bütün oyunçuların potensialını müəyyənləşdorə bilirsən. Millini oyuna hazırlaşdıran Arif Əsədov bu baxımdan yetərincə geniş, fərqli rotasiyalarla yadda qaldı. Demək olar ki, bunu hər mövqe üçün tətbiq etdi. Ancaq təkcə qapını toxunulmaz saxladı. Hamı gənc futbolçu Rza Cəfərovun şans qazanacağını düşündüyü halda, Əsədov Şahruddin Məhəmmədəliyevi sona qədər meydanda saxladı. Ki, bunu da bəzi futbolsevərlər narazılıqla qarşıladı. Ümumiyyətlə, “Neftçi”nin əsas qolkiperi olmağı bacaran Rzanın potensialı nə yerdədi? Yəni onun karyerası nə vəd edir? Bununla bağlı təcrübəli veteran qapıçı Cahangir Həsənzadə ilə söhbətləşdik:
“Bəli, yığma komandamız sonuncu matçını çox yaxşı keçirdi. Həm nəticə baxımından, həm də oyun baxımından bunu deyə bilərəm. Çünki hesabda geri düşmələrinə rəğmən, sona qədər mübarizə aparıb, geridönüş etdilər. Rzanın ehtiyatda saxlanmasına gəlincə, doğrudu, bu barədə çox danışmçaq olar. Ancaq burda A millimizdən söhbət gedir. Həm də nəzərə almaq lazımdı ki, bundan sonra yığmamız ancaq rəsmi matçlar keçirəcək. Artıq kimisə yoxlamağa, sınaqdan keçirtməyə, məncə, ehtiyac yoxdu. Baş məşqçinin beynində sual işarəsi yoxdusa ki, əsas oyunçu kimdi, onda nəyisə sınamağa ehtiyac qalmır. Çünki hər bir insan kimi, baş məşqçi də oyunçusuna güvənir. Amma burda məsələ qapıçıdan gedir. Bilindiyi kimi, yaxşı qapıçı elə komandanın yarısıdı. İndiki duruma görə Şahruddinin bir nömrəli qolkiperimiz olduğunu deyə bilərik. Bu üzdən də Şahruddini qarşılaşmanın sonuna qədər meydanda görməyimiz məntiqlidi. Rza performansını bəyəndiyim qapıçılardan biridi, yetərincə güclü yönləri var. Hətta əminəm ki, gələcəkdə yığma komandamızda öz yerini tuta biləcək. “Milliləşdirilmiş” və ya “milliləşdirilməmiş” anlayışını isə qəbul etmirəm. Onların hər biri bizim, yəni Azərbaycan yığma komandasının üzvləridi. Ona görə də bu haqda nəsə fikir bildirməyim düzgün deyil. Getdikcə elə zaman gəlib çatır ki, artıq millimizin qolkiper mövqeyində “milliləşdirilmiş” oyunçulara ehtiyac qalmayacaq. Şəxsi fikrim də baş məşqçi Arif Əsədovun düşüncəsiylə aşağı-yuxarı eynidi. Yəni sonuncu qarşılaşmada etibar etdiyin qapıçı komandanın bütün əsas oyunlarında olub. Elə sonuncu sınaq oyununda da iştirak etməlidi ki, özünü rahat hiss etsin və növbəti rəsmi görüşlərdə etibarı doğrulda bilsin. Fəqət yenə də qeyd etmək istəyirəm ki, Rzadan gözləntilərim çoxdu. Ümid edirəm ki, növbəti mövsümdən etibarən komandadakı yerini tutacaq və millinin baş məşqçisini çətin seçim qarşısında qoymağı bacaracaq. Sözsüz, həmin vaxt belə dəyişikliklər baş verə bilər”.


KAMAL SƏFƏR
Chosen
98
21
football-plus.az

10Sources