BMT illik göstəricilərini artırmaq kampaniyası çərçivəsində qadınların iş yerlərində uşaqlarına süd verə bilməsinə daha çox dəstək verməyə çağırır.
Çağırışda deyilir ki, ana südü ilə qidalanmayan körpələrin ilk doğum günündən əvvəl ölmə ehtimalı, sadəcə ana südü ilə qidalananlara nisbətən 14 dəfə çoxdur. BMT ödənişli analıq məzuniyyəti, analar üçün süd vermə fasilələri və iş yerində anaların körpələrini əmizdirə bilməsi və ya südlərini sağa bilməsi üçün otaqlar yaratmaq üçün çağırış edir.
Qadınları uşaqlarına ana südü verməkdən çəkindirə biləcək bir çox miflər var. BBC iki mütəxəssislə bu miflərin ən çox yayılanları haqda danışıb.
Catriona Waitt Liverpul Universitetində Klinik Farmakologiya və Qlobal Sağlamlıq professoru, Makerere Universiteti Sağlamlıq Elmləri Kollecində tədqiqatçıdır, Alastair Sutcliffe isə London Universitet Kollecində Ümumi Pediatriya professorudur.
Mif 1: Əmizdirmə vaxtı ağrılar və döş uclarının şişməsi adi haldır
Professor Waitt hesab edir ki, buna cavab vermək bir qədər çətindir:
"Çünki bəzi ilkin narahatlıqlar tamamilə normaldır və döş ucları süd verməyə öyrəşənədək əvvəllər də ağrıya bilər. Bununla belə, ana südü ilə qidalanma zərər verməməli və şiddətli ağrıya səbəb olmamalıdır. Bu, döş uclarının iltihablanma ehtimalının daha yüksək olduğunu və ya körpənin döşü düzgün tuta bilmədiyini göstərir".
Onun sözlərinə görə, bəzi narahatlıqlar normal ola bilər və xüsusilə ilk dəfə əmizdirməyə başlayan anaların bir az adaptasiyaya ehtiyacı ola bilər. Əgər əmizdirmə həddindən artıq ağrılıdırsa və diskomfort yaradırsa, bu barədə həkiminiz, tibb bacısı və ya mamaça ilə məsləhətləşməlisiniz".
Şəklin mənbəyi, Getty Images