EN

III MDB Oyunlarının Təşkilat Komitəsində "CBC Sport" da yer alır

Azərbaycan 2025-ci ildə daha bir nüfuzlu turnirə - III MDB oyunlarına ev sahibliyi edəcək. Azərbaycan prezidentinin sərəncamına əsasən yarışın Təşkilat Komitəsində "CBC Sport" da yer alacaq. Yarandığı gündən ölkə idmanının ayrılmaz parçasına çevrilən telekanalımız üçün bu məsuliyyətli, həm də qürurverici bir vəzifədir.

Bir çox nüfuzlu yarışların ölkəmizə həvalə edilməsi artıq adət olunan haldır. Müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, eləcə Avropa Oyunları və İslam Həmrəylik Oyunları ölkəmizdə təşkil edildi. Azərbaycanda keçiriləcək növbəti yarış III MDB Oyunlarıdır. 2025-ci ildə ölkəmizin böyük hissəsini əhatə edəcək bu vacib turnirə hazırlıqlar artıq başlayıb.

Yarışı fərqləndirən cəhət isə "CBC Sport"la bağlıdır. Belə ki, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən turnirin Təşkilat Komitəsinin üzvləri arasında "CBC Sport"un baş direktoru Volkan Üst də yer alır. Bu telekanalımız üçün böyük etimaddır. 2015-ci ildə yarandığı gündən "CBC Sport" ölkə idmanının təbliği üçün bütün gücünü səfərbər edib. Təkcə HD yayıma çıxan ilk telekanal olmaqla kifayətlənmədik. Prioritetimiz də yalnız futbol olmadı. 9 ildə ölkə xaricində keçirilən bir çox nüfuzlu yarışların yayımı ilə yanaşı, Azərbaycandakı turnirlərə də böyük önəm verildi.

Bir çox idman növləri üzrə Dünya və Avropa çempionatları, beynəlxalq yarışları yerindən yayımlamaqla tamaşaçıları idman zövqünü oxşamağa çalışan "CBC Sport"un bu müddətdə ölkədə təşkil edilən bütün nüfuzlu turnirlərdə öz izini buraxmağı bacarıb. Bakıdan Şuşaya, Gəncədən Naxçıvana, Mingəçevirdən Xankəndiyə qədər hər bir yerdən canlı yayımlar təşkil edildi. İşimiz təkcə uğurlardan və böyük idmandan danışmaq deyil, həm də təbliğat və uşaqların da idmana həvəsini artırmaq olduğunu işimizlə göstərdik. Məhz bu səbəbdən ən aşağı yaş qruplarında keçirilən turnirlər efirimizin bir parçasına çevrildi. Ölkə başçısının bu etimadı gördüyümüz işlərin nəticəsi olmaqla yanaşı, bizi daha məsuliyyətli olmağa sövq edir. Telekanalımızın baş direktoru Volkan Üst bu etimadı doğrultmaq üçün çalışacaqlarını bildirdi.

Chosen
48
cbcsport.az

1Sources