EN

İrəvan itirə-itirə gedir

Azərbaycanla sülhə gəlməyə tələsməyən Ermənistan kənar asılılıqdan qurtulmalıdır

Əvvəl başa salmağa çalışdıq. Anlamadılar. Sonra tarixi sənəd-sübutları, xəritələri qarşılarına qoyduq. Cığallıq etdilər. Kənardan dedilər, sözdə razılaşdılar, özlərini dinə-imana gəlmiş kimi göstərdilər, amma yenə tərsliklərindən əl çəkmək istəmədilər. 

İndi tələb edirik! Nəyi tələb edirik? Konstitusiyalarını dəyişdirmələrini. Bəli, Hayastanın baş qanununda qon­şularına – Azərbaycan və Türkiyəyə ərazi iddiaları yer alır. İndi də sülh danışıqlarında “diplomatik balans” yaratmaq üçün bizim qanunlarımızla paralellik axtarırlar. Amma bir şey tapa bilmirlər. Əgər Ermənistanın qanun­vericilik aktlarında ərazi iddiası yazı­lıbsa, bu, artıq, onların dediyi kimi, nə daxili məsələdir, nə də şəxsi. İctimai məsələdir. Həm də beynəlxalq icti­maiyyətin bildiyi və qınadığı məsələ. Əslində, müharibələrdə qalibə verilən bu hüququ biz müəyyən etməmişik və onu dəyişmək səlahiyyəti də təkcə bizə aid deyil... 

* * *

İkinci tələbimiz: Azərbaycanın əsas hissəsindən Naxçıvana birbaşa əlaqə yolu açılmalıdır. Daha doğrusu, əvvəllər mövcud olmuş Zəngəzur dəh­lizi işə düşməlidir. Bu, sadəcə, ölkəmi­zin milli maraqları və ərazi təhlükəsiz­liyi ilə bağlı məsələ deyil. Bu, regional sabitlik və insanların və malların ma­neəsiz hərəkəti deməkdir. Məgər bi­zim bu tələblərimizdə Ermənistanın hansısa hüquqlarının tapdanması, yaxud maraqlarına etinasızlıq var? Buna görə Azərbaycanın üstünə gələn kənar aktorlar tamamilə ədalətsizlik və tərəfkeşlik edirlər. Azərbaycanı maksi­malizmdə qınayırlar. Xeyr, biz mak­simalist deyilik. Əgər olsaydıq, İkinci dünya müharibəsinin qaliblərinin faşist Almaniyasının boynuna yüklədiklərini biz də Ermənistandan tələb edərdik. Bakı bunu etmir, çünki ədalətli sülhün, üzləşdiyi haqsızlıqlara baxmayaraq, əməkdaşlığın tərəfdarıdır. 

İndi rəsmi İrəvan sərhədlərin açıl­ması üçün Ankaraya minnətçi düşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhə­di aça biləcəyini istisna etməyib. Tür­kiyə lideri bu barədə iyulun 9-11-də ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıq­lamasında bildirib. “Biz niyə sərhədin açılması məsələsinə baxmayaq? Bun­dan əvvəl Ermənistanın baş naziri Ni­kol Paşinyana bu barədə hər şeyi söy­lədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermə­nistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır. Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilmə­sini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə Ərdoğan qeyd edib. Bundan başqa, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə telefon söhbətini yada salan R.T.Ərdoğan vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbay­can hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq”.

* * *

Göründüyü kimi, qardaş Türkiyə­nin sülhə, barışıqdan sonra atılacaq addımlara müasibətdə mövqeyi dəyiş­məyib. İndi bütün gözləntilər İrəvana yönəlib. Sülhə aparan yolun üstündə həllini gözləyən problemlərdən biri də anklavlarla bağlıdıfr. Söbhət bir güllə atılmadan Azərbaycanın yurisdiksiya­sına qaytarılan Qazaxın 4 kəndindən getmir. Onlardan savayı, daha 4 ank­lav kəndimiz hələ də işğaldan azad olunacağı günü gözləyir. Azərbaycan bu məsələdə də ədalət prinsipinə söykənir. İrəvanın bu anklavların geri qaytarılması ilə Ermənistanın Gürcüs­tanla yolunun bağlanacağı, eləcə də İranla kommunikasiyalara nəzarət et­məyə imkan verməyəcəyi barədə de­dikləri heç bir əsasi olmayan iddialar­dır. Yaxud, Ermənistan hakimiyyətinin “Azərbaycan bizim oksigenimizi hər an kəsə biləcək” qorxusu da sağlam məntiqdən uzaq siyasi avantüradır. Azərbaycan oksigeni yalnız Ermə­nistanın təcavüzü və ya onun silahlı birləşmələrinin ərazi bütövlüyümüzə təhlükə yaradan zirehli və digər tex­nikasının sərhədə toplanması halında kəsə bilər. 

Bu məqamda Ermənistan parla­mentində iqtidardakı “Mülki müqa­vilə” fraksiyasının üzvü Lusina Ba­dalyanın çıxışına diqqət yetirməyimiz yerinə düşər. Badalyanın çıxışının oxucularımız üçün maraqlı olacağını düşünərək, onun dediklərini olduğu kimi təqdim edirik: “Mən Kirantsda tək gəzdim. Orada həm erməni, həm də Azərbaycan sərhədçilərini gördüm və heç bir təhlükə hiss etmədim”. “Yüz dəfə eşitməkdənsə bir dəfə görmək məsləhətdir” kəlamına riayət edən er­məni deputatın bu açıqlaması, ilk növ­bədə, daşnak-revanşist əhval-ruhiyəli haylara görk olmalıdır. Əgər Azərbay­can əsgərinin yanından keçən erməni qadın heç bir təhlükə hiss etmirsə, bəs kişiləri nədən qorxurlar? 

* * * 

Sülh danışıqlarının indiki həlledici mərhələsində Ermənistanın iradə­sizliyi və inadkarlığı tamamilə başa düşüləndir. İntəhası, bu inadkarlıq ona heç cür haqq qazandırmır. İrə­van düşünür ki, sülh danışıqlarında bu cür davranışı ilə Bakının ədalətli tələblərinin “yumşaq zolağa” salınma­sına nail olacaq. Bu zaman fərqinə də varmır ki, vaxtın uzanması onun itir­diklərinin sayını artırır. Daha konkret desək, hayların inadkarlığı uzandıqca, bizim də tələb və iddialarımız kəskin­ləşəcək. Adətən, müharibədən sonra məğlub tərəfin qalibin şərtləri ilə sülh müqaviləsi bağlamaq istəməməsi, belə məntiqi qənaəti formalaşdırır ki, müxtəlif bəhanələrlə sülhdən qaçan revanş görürəcəyinə, qisas alacağı­na ümid bəsləyir. Paşinyan iqtidarının son davranışları Bakıya bu versiyadan şübhələnmək üçün hər cür əsaslar ve­rir. Bax onda qalib Azərbaycan məğlub Ermənistanın qarşısında əlavə tələb qoya və onu indikindən daha ağır şərt­lərlə danışıqlar masasına oturtmağın alternativ yolları barədə düşünə bilər.

Tofiq ABBASOV, 
siyasi şərhçi

– Sülh sazişini imzalaması üçün Ermənistan hakimiyyətinin siyasi qətiyyəti olmalıdır. Açıq deməliyik ki, indi İrəvan iqtidarı başını itirib. Bilmir kimi eşitsin: Vaşinqtonu, Brüsseli, Moskva­nı, yoxsa Parisi? Yəni, ona hər tərəfdən təzyiq edilir. Azərbayca­nın ondan üstünlüyü ondadır ki, sağa-sola baxmırıq, qərarlarımı­zı özümüz veririk. Bu baxımdan, təəssüflə qeyd etməliyik ki, Er­mənistan satellit bir məmləkətdir. Doğrudur, Nikol Paşinyan bəzi hallarda, bir növ, qeyrətə gəlir, amma atacağı addıma Şimaldan, Cənubdan, Qərbdən hansı reak­siyanın olacağını nəzərə almağa məcburdur. Gördüyümüz budur ki, Paşinyan “misqal-misqal” prin­sipi ilə irəliləməyə çalışır. Sərhə­din həmin on yeddi kilometrlik hissəsinin delimitasiyası ilə bağ­lı ona nə dərəcədə təzyiqlərin edildiyini bilirik. Məhz bu səbəb­dən birdən və böyük qərarı qə­bul etməkdə çətinlik çəkir. Onun özündən bədgümanlığı da var, hakimiyyətini itirmək qorxusu da. Bizə elə gəlir ki, əgər Paşinyan, həqiqətən də, cəmiyyətə konsti­tusiyada dəyişikliyin edilməsi ilə bağlı müraciət etsə, desə ki, ərazi iddialarından əl çəkirik, Azərbay­can və Türkiyə ilə barışıq, eləcə də Zəngəzur dəhlizinin açılması qaçılmazdır, bu zaman onun üz­ləşdiyi bütün problemlərin müqəd­dəratı bəlli olacaq. Bu prosesdə qalib gələcəyimizə əminik. Bakı­nın gündəmə gətirdiyi məsələlər mütləq öz həllini tapmalıdır. 

Birinci dəhlizin açılması, yox­sa sazişin imzalanması variantı o qədər də prinsipial məsələ deyil. Əsas odur ki, bunların baş ver­məsi üçün İrəvanın mövqeyi şəf­faf, məramı sağlam olsun. İrəvan, nəhayət, anlamalıdır ki, qarşıdur­ma, nifrət siyasətinin resursları tükənib və çıxış yolu yalnız Azər­baycan və Türkiyə ilə barışıqdan keçir. Yəqin NATO-nun Vaşinqton Sammiti çərçivəsindəki görüşdə də bu barədə söhbətlər olub. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

– Azərbaycan torpaqları işğal altında olanda Türkiyənin mövqe­yi birmənalı olaraq belə idi ki, iş­ğal davam etdiyi təqdirdə Ankara Ermənistanla sərhədi açmayacaq və onunla diplomatik münasi­bətlər qurmayacaq. Bu mövqeyi neçə illər bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxı­şında bəyan edib. Amma torpaq­larımız işğaldan azad olunduq­dan sonra Prezident İlham Əliyev Azərbaycanın problemi həll etdiyi­ni və Ermənistanla müünasibətləri məsələsində Ankaranın qərarını verməkdə sərbəst olduğunu söy­lədi. Fəqət, buna baxmayaraq, Ərdoğan Türkiyənin Azərbaycan­la Strateji Müttəfiqliyə sadiqliyini nümayiş etdirdi. Bu, o deməkdir ki, həm Rəcəb Tayyib Ərdoğan, həm də Xarici işlər naziri Hakan Fidan ən yüksək tribunalardan bildiriblər ki, Türkiyə və Ermənis­tan arasında sərhədlərin açılma­sı, diplomatik əlaqələrin bərpası üçün İrəvan Bakı ilə sülh sazişini imzalamalıdır. Yəni, Ermənistana mesaj verilib ki, sülh əldə olunma­yınca bu məsələlər öz həllini tap­mayacaq. 

Doğrudur, Türkiyə və Ermə­nistan arasında, xüsusi nümayən­dələrin vasitəsilə, müəyyən danı­şıqlar aparılır. Faktiki olaraq, indi “top” Ermənistanın siyasi mey­danındadır. İrəvan iqtidarının da dediyi kimi, Azərbaycan və Tür­kiyə ilə münasibətləri yaxşılaşdır­mağın yeganə yolu Bakı ilə sülhə gəlməkdir. Bunsuz Ermənistan qonşuları ilə münasibətləri nor­mallaşdıra bilməyəcək. 

Əgər Ermənistan Orta dəhliz kimi böyük layihələrdən kənarda qalmaq istəmirsə, sülh prosesini sürətləndirməlidir. Azərbaycan bu dəhliz olmadan da yüklərini Avro­paya daşıyır. Çin də, ABŞ da Orta dəhliz ideyasını dəstəkləyirlər. Yəni, bu məsələlərdə Ermənistan yenə gecikir. Azərbaycanın Araz dəhlizi barədə İranla da razılaş­ması var. Zəngəzur dəhlizi açıl­masa belə, biz Araz variantını işə salacağıq. Bu isə Ermənistanın ziyanına olacaq. Ona görə Paşin­yan tələsməldir.  

İmran BƏDİRXANLI
XQ

Chosen
246
50
xalqqazeti.az

10Sources