EN

İstirahət üçün gedib niyə ÖLÜRÜK? - VİDEO

Son günlər dənizdə batanların sayının artması bir çox suallar yaradır.

Bütün bunlar insan ehtiyatsızlığından yoxsa çimərliklərdə təhlükəsizliyin kifayət qədər təmin edilməməsindən qaynaqlanır? Bəzən dənizə dincəlməyə gedənlər xilasedicilərin olmamasından, yaxınlıqda təcili yardım maşının görünməməsindən gileylənirlər.  

Mövzu iləəlaqədar olaraq  Redaktor.az-a danışan FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirdi ki, boğulma hallarına daha çox qeyri-qanuni çimərliklərdə rast gəlinir:

“FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə ərazisində ümumilikdə 37 sularda xilasetmə məntəqəsi fəaliyyət göstərir. Bu sularda xilasetmə məntəqəsinin ərazisinə düşən çimərliklərdə, habelə ideya ictimai birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə bütün təhlükəsizlik qaydaları bu qurum tərəfindən həyata keçirilir. Ancaq boğulma halları çox olan çimərliklərdə bu təhlükəsizlik tədbirləri həyata keçirilmir.”

FHN-nin əməkdaşı bədbəxt hadisələrin baş verməsinin səbəblərdən birinin də yanlış saatlarda çimərliklərə gedilməsi olduğunu vurğuladı.

“Çimərliklərdə təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatları da çox vacibdir. Yadda saxlamaq lazımdır ki, küləyin sürəti saniyədə 10 metri keçəndə çimərlikdən istifadə etmək qadağandır. Hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Onu da qeyd edək ki , 13 yaşına çatmamış uşaqlar yalnız valideyn müşahidəsilə çimərlikdən istifadə etməli və nəzarətsiz buraxılmamalıdırlar. Ttəhlükəsiz istirahət səhər saat doqquzdan axşam saat səkkizə qədərdir”

A.Əlili çimərlik opetorlarının xidmət əməkdaşları tərəfindən məlumatlandırıldıqlarını, vətəndaşların məhz bu cür təhlükəsizliklə təmin olunduğu yerlərə getmələri ilə bağlı çağırış etdi.

“Bütün çimərliklərdə xilasedicilər, xilasetmə, texniki vasitələr, üzmə sərhədlərini müəyyən edən nişanlar, ərazidə vətəndaşların məlumatlandırılması üçün maarifləndirici lövhələr məhz özəl çimərliklərdə çimərlik operatorları tərəfindən həyata keçirilməlidir. Odur ki, vətəndaşlar diqqətli olsunlar. Əgər hər hansı bir çimərlikdə xilasedicilər, xilasetmə texnikaları yoxdursa ora getməyin. Həmin ərazidə təhlükəsizlik tədbirləri görülmədiyindən bu ərazilərdən istifadə təhlükəlidir.”

Rəis onu da əlavə etdi ki, iyun ayının 15-dən bu günədək Xidmətin Sularda Xilasetmə məntəqələrinin nəzarət etdiyi ərazidə suda boğulma təhlükəsi ilə üz-üzə qalan 67 nəfər xilas olunub və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb.

Sevinc İBRAHİMZADƏ

Chosen
169
4
redaktor.az

10Sources