EN

Bülbül yuvası

Neftçalanın Gündoğar"qəzetinde bir yazım dərc olunmuşdu. İ.Əbilov yazını bəyənmiş və  "Ömrün dan qızartısından qürub şəfəqlərədək..." kitabına "Böyük ümidlə Zülfiyyə xanıma hədiyyə" yazaraq mənə ünvanlamışdı.

Elə bu ümidə əsaslanaraq, əməlisaleh bir insan, tanınmış professor, filologiya elmlər doktoru, publisist, ədəbiyyatşünas İmamverdi Əbilovu xatırlamağı, onun əməllərinə işıq salmağı özümə borc bildim. Elimizin, obamızın müdrik ağsaqqalı olmuş mərhum İ. Əbilovun hər vaxt yada düşməyə, xatırlanmağa haqqı var. Bu haqqı xalq, el-oba qarşısında xeyirxah əməlləri ilə qazandı İ. Əbilov. Onun haqqında fikir  söyləmək, şəxsiyyətini layiqincə səciyyələndirmək  böyük məsuliyyət tələb edir. İ. İ.Əbilov haqqında dahi sənətkarlar dəyərli fikirlər söyləmiş, yazmışlar. Ziyalıların–şair və yazıçıların onunla bağlı təəssüratlarına əsaslanaraq Muğan ətirli güllərdən toxuduğum çələngi İmamverdi Əbilovun xeyirxah ruhuna hədiyyə edirəm.

Ömürdən izlər

1927-ci ildə Neftçala rayonunda,  Xankişi Əbilovun ocağında dünyaya bir körpə göz açıb. Balacanın ilk hədiyyəsi valideynlərinin böyük sevgi ilə ona verdikləri ad olub–İmamverdi. Bu ad heç də təsadüfi olmayıb. Sanki bu adı körpə ücün mələklər qanadlarında gətirib. Sürəyya ana arzularındakı bu körpəni İmam vergisi sayıb,Əli xeyir duası, Dədə Qorqud alqışı  ilə qundaqlayıb, ruhuna halal südlə yanaşı iman, Allah sevgisi içirib.Körpənin mənəvi qidası Sürəyya ananın oxuduğu həzin, xeyir-duali laylalar olub.

Çox erkən ata nəvazişindən məhrum olan İmamverdinin uşaqlıq çağı fərəhli keçməyib qayğısız uşaqlıq həyatı yaşamaq əvəzinə əməyə alışıb, hələ bərkiməmiş çiyinlərində qayğı yükü daşıyıb.Əzab-əziyyətli, kеşməkəşli həyat yolları onu polad iradəli gəncə  çevirib. 1946 -cı ildə Buzovna pedaqoji məktəbini, sonra isə M. Kirov adına Azərbaycan Dövlət Darülfununun filologiya fakültəsini  bitirib.

Ədəbi yaradıcılığa  1944 -cü ildə "Bolşevik" qəzetində çıxan şeirlə başlayıb.Tale onu  çox sevdiyi, vurğunu olduğu böyük sənətkar Səməd Vurğunla görüşdürüb.Görüş zamanı ilk qələm təcrübəsi olan şeirini qüdrətli qələm sahibinə təqdim edərək ondan mənəvi dəstək istəyib. Bu şeirdən ədəbiyyat ab-havasını duyan S. Vurğun ona ədəbiyyatın uzun yolunun başlanğıcında olduğunu bildirərək :  "Bütün sənətkarlar, adətən,  əvvəlcə şeir yazırlar. Sonrakı yolu həyat müəyyənləşdirir",–deyib.

Həyat onun qoynuna şair tək  atılmaq istəyən gənci ədəbi tənqidçi tək yetişdirib.1960-cı ildə ardıcıl müstəqim xətlə addımlayıb. Memuar, unudulmaqda olan epistolyar ədəbiyyatın yenidən inkişaf etməsi üçün əlindən gələni edib. İ. Əbilovun "Rəsul Rza",  "Azərbaycan ədəbiyyatında yeni insan",  "Siyasi lirika",  "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişdən uzaq gələcəyə", "Təbiətin və təfəkkürün möcüzəsi", "Ömrün dan qızartısından qürub şəfəqlərədək..." kitabları onun ədəbi əlaqələrinin əks-sədasıdır.

Əsl sənətkar səsi

Əsl sənətkar əsərlərində özünü göstərə bilir. O, kitabın ilk səhifəsindən boylanıb oxucusunu salamlayır, mənəvi nemətlərlə bəzədilmiş süfrəsinə dəvət edir, öz qəlbi ilə oxucu qəlbini elə bağlayır ki, oxucu onu görməyə, hiss etməyə, onun səsini, hətta qəlb döyüntülərini eşitməyə başlayır. İ. Əbilovun memuarları-portret hekayələri bizi  şair və yazıçıların həyatı, xasiyyəti, görünüşü, davranış mədəniyyəti ilə daha yaxından tanış edir. İ. Əbilov mahir söz rəssamı kimi  bədii portret yaradıb,  oxucunu yazarların özləri ilə əsərləri arasındakı vəhdəti görmək intizarında qoymur. İ. Əbilov  S.Vurğun haqqında olan memuarda Səmədi belə xatırlamış: "Papiros tüstüsündən ucları xınayı rəngə çalan yaraşıqlı bığı, şahin gözləri, bir də məxməri səsi indi də yadımdadır".

S.Vurğunun saralmış yarpağa həyat verən, bahar nəfəsli səsi! Bu ecazkar səsin təsirinə düşən İ. Əbilov yazırdı ki,  Səmədi dinləyənlər poeziyanın sehrinə düşüb özlərini unudur, şirin duyğular, işıqlı arzular aləminə uçurdular.B. Vahabzadə mürəkkəb fikri sadə sözlə ifadə  etmək bacarığı olan S.Vurğun haqqında yazırdı ki, sadəlik çətindir, hər kəsə müyəssər olan xoşbəxtlik deyil. Sadəliyin böyüklüyünü görmək üçün bəsirət gözü lazımdır. İ. Əbilov Səmədə bəsirət gözü ilə baxmağı bacarmış və yazmışdı: "Hələ gəncliyimdən mən onun dahiyanə sadəliklə  yazılmış misralarına məftun olub onlardakı həqiqətə inanırdım". İ. Əbilov B. Vahabzadə haqqında memuarında yazmışdı ki, yaradıcılıq üslubuna görə Bəxtiyar yeganədir, təkdir, özüdür. İ. Əbilov haqlı idi. Bəxtiyarın seirlərini oxumaq kifayətdir ki, onu görə, duya, zamanın yayında tarıma çəkilmiş əsəblərini hiss edə, haqq-ədalət naminə ucalan səsini eşidə biləsən. İ.Əbilov öz səbri ilə "Mən tələsmirəm", –deyən S.Vurğuna, xalqına, millətinə sonsuz sevgisi, düşməninə qarşı hədsiz nifrəti ilə "Orta yolum yoxdur, dərindir mənim sonsuz nifrətim də, məhəbbətim də", – deyən B.  Vahabzadəyə qəlbən çox yaxın idi. İ. Əbilov gah Səməd tək təmkinli, gah da Bəxtiyar tək hövsələsiz olurdu..Təsadüfi deyil ki, İmamverdi ocağına gələn  Vaqif Səmədoğlu İ.  Əbilovun səsində atası Səmədin səsini, ilıq nəfəsini duyaraq: "Əziz İmamverdi qağa, Sizin evinizə gəldim, hər divarda atamın kölgəsini gördüm, səsinizdən üzümə onun nəfəsi dəydi, buna görə çox sağ olun", –deyə  təşəkkür etmişdi. Ziyalıları İ. Əbilov evinə gətirib çıxaran ürək birliyi idi.

Ürək birliyi

Filosoflar, çoxlu sədaqətli həmkarı,  dostu olan insanı kamil və xoşbəxt insan adlandırmışlar. Vəfalı dostları olmuş İ. Əbilov çox  xoşbəxt insan idi. N. Tusinin  "Əxlaqi Nasiri" kitabında deyilir: "Ən sədaqətli dost odur ki, daxilən sənin özün olsun, zahirən başqası". İ. Əbilovu dostları ilə ülviyyət aləmində birləşdirən ,əslində, həmkarlıqları yox, daxili, mənəvi uyğunluqları idi. İ. Əbilov dostu, qəlb sirdaşı, gözəl insan, istedadlı alim Xudu Məmmədova ithaf etdiyi "Təbiətin və təfəkkürün möcüzəsi" kitabında yazmışdı:  Taleyimizin oxşar "payları" çoxdur. İkimiz də eyni ildə və ilin eyni fəslində dünyaya gəlmişdik. O, "Kalsium silikatlarının  və hidrosilikatlarının kristallokimyası"monoqrafiyasını 1960-cı ildə yazıb mütəxəssis dostlarını sevindirmişdi, mən isə məhz həmin ildə "Rəsul Rza" kitabımı oxuculara təqdim etmişdim... Mənə tam aydındır ki, bütün bunlar yalnız zahiri oxşarlıqdır..." Məncə, bunlar daha çox mənəvi oxşarlıqdır.

İ. Əbilovun evində qızıl səs tək qorunub saxanlan lent yazısında Xudu Məmmədov " Mən bu ədəbiyyatçıların, söz, sənət sahiblərinin silsiləsinə daxil deyiləm, amma nə təhər olubsa mən də düşmüşəm bu cərgəyə..." –deyir. Bax bu səs  sənət ayrılığı, ürək birliyinin səsi idi. Xudu Məmmədovu Neftçalaya– İ. Əbilovun mənzilinə gətirən yolar İmamverdi və Xudu qəlbindən keçirdi. 

Xudu cismən həyatda olmayanda Xudunun yoxluğuna inanmayan İmamverdi yolda dayanıb onun gələcəyini, "Qoşa qanad" la ziyarətgaha qonacağını gözləmişdi. Atasının gözlərinin yol cəkdiyini   görən Azər Turan o zaman atasına  təsəlli vermişdi: "Xudu Məmmədov gələcək, ata. Göyə uçanlar qayıdır... Ziyarətgahlara qonmaq üçün  qayıdır..."

Ədəbi-bədii dostluq məbədi

İmamverdinin qapısı dost üzünə açılan, qoynuna  yüzlərlə dost alan ünvanını,  astanasından cənnətə yol gedən elm ocağını ziyarətgah adlandıranlar yanılmamış. Müdəddəs ruhların, xeyirxah insanların toplandığı bu ev elm məbədidir.

Məsud Əlioğlu bu ziyarətgahın sahibi İmamverdi ağanı düşünərkən: "Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq çağladığı anda gözəldir", –qənaətinə gəlmişdi. İmamverdi ağanın söhbətlərindən zövq almış insanlar dostlarını da bu ədəbi-əbədi dostluq məbədinin işığına, nuruna yığıb gətirirdilər. V. Babanlı yazırdı: "Dost sözü – qəlb sözüdür. Mən bu evə sidq ürəklə gəldim. Gəldim ki, buradan sidq aparım".

İ.Əbilov evini ziyarət etmək   Z. Yaqub üçün müqəddəs mərtəbəyə çatmaq, orada nur selinə qərq olmaq idi. O yazırdı:  "İmamverdi ocağını ziyarət eləmək iki dəfə Məkkədə olmuş, Kərbəlada olmuş Zəlimxan Yaqub üçün yenidən o müqəddəsliyə qovuşmaqdır".

Sərraf söz xiridarı

Ömrü başdan-başa doğruluq, həqiqət meyarı olan söz xiridarının mənalı, bəzən sərt baxışları əlinə qələm alıb əsər yaratmaq istəyən şair və yazıçıları düşündürmüş, ad-san naminə yazıb tanınmaq arzusunda olanları yanlış fikrindən daşındırmışdı. İ. Əbilovun bu xidmətlərini dəyərləndirən görkəmli yazıçı-dramaturq İsi Məlikzadə İ. Əbilova ünvanladığı məktubda yazmışdı: "Azərbaycanda bir neçə ziyalı var ki, mən onların, uzaqdan da olsa, nəzarət və diqqətini hiss edirəm. O ziyalılardan biri isə Sizsiniz. Tanrıya çox şükür olsun ki, respublikamızda Sizin kimi kişilər hələ var və biz yazı stolu arxasına keçəndə İ. Əbilov kimi ciddi, xeyirxah və tələbkar söz xiridarının nəzərlərini üstümüzdə hiss edib, özümüzü yığışdırırıq".

Qızılgül olmayaydı...

Mübaliğəsiz, obyektiv, mənalı yazıları xoşlayan S. Vurğun İ. Əbilova yazılarında elmiliklə yanaşı, bədiilik olan Məmməd Cəfəri nümünə göstərib, ondan bəhrələnməyi, obyektivliyə, dəqiqliyə, bədiiliyə diqqət verməyi nəsihət etmişdi. İ.Əbilovun  Səməd nəsihətinə sadiqliyi onun "Rəsul Rza" kitabında özünü göstərdi. Bu kitabda yazılanlar Rəsulun özü qədər obyektiv, özü qədər dəqiqdir. Əsərdə R. Rzanın böyüklüyü, əzəməti, humanistliyi,  torpağa, vətənə bağlılığı bədii sözün qüdrətilə oxucu qəlbinin dərinliyinə nüfuz edə biləcək qədər gözəl əks etdirilir. Ömrün çərçivəsindən çixib ölümsüzlük qazanan R. Rzanın şeirləri də çərçivədən çıxıb sərbəstlik qazanmışdı. R. Rza lirikası səpələnmiş qızılgül ləçəklərinə bənzəyir. Sanki şair ilhamını qızılgüllərdən almış, qızılgüllər ətrini şeirlərinin misralarına səpmək üçün şairə ərmağan etmişlər. İ. Əbilovun ocağına da qızılgül fəslində gələrmiş şair. O, İ. Əbilovun qonağı olarkən səhər tezdən oyanıb qızılgül kollarına tamaşa edərmiş. Sanki şair qızılgüllərin ətrini ciyərinə çəkər,  oxucularına nəfəsindən bu ətri saçar, onları nəcibləşdirərmiş. İ. Əbilov xatirələrində yazır: "Şairi şəxsən tanıyanlar etiraf edirlər ki, Rəsul müəllimdə xüsüsi vergi – ünsiyyətdə olduğu adamları nəcibləşdirmək istedadı vardı". İ. Əbilov R. Rzanın zahiri portretini deyil,  mənəvi portretini yaratmış və nəticədə göz önündə qızılgül canlanmış . Ədəbiyyat gülüstanında tezdən açıb vaxtsız solan, ətri duyğularda qalan kövrək, nəcib, tikansız qızılgül. İ. Əbilov  hər il qızılgül fəslində R. Rzanı gözləyərmiş. Bir bahar R. Rzanın bir daha gəlməyəcəyini bilən İ. Əbilov bağçasında açan qızılgüllərə baxaraq, dərin bir köks ötürərək deyib:

Qızılgül  olmayaydı,

Saralıb solmayaydı.

Qızılgül fəsilləri

Rəsulsuz olmayaydı.

Əvəzsiz müəllim

Pedaqoji aləmə 1945-ci ildə qədəm qoyan  İ. Əbilov 1950-ci ildə Neftçala rayonunun 26-lar qəsəbəsində 8 illik məktəbdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayır. İ. Əbilovun ədəbiyyat dərsləri şagirdlərin yaddaşında əbədi həkk olunur. Çünki böyük fəzilət sahibləri olan müəllimlərin, mürşıdlərin mənalı, dolğun dərsləri heç vaxt unudulmur. İ. Əbilovu məzunları dərin hörmət, ehtiram hissilə xatırlayırlar:  "İmamverdi müəllimin bədii əsərləri təhlil etməsi bizə xüsüsi zövq verərdi. Elə mənalı, elə şirin, elə ahəstə danışardı ki, yorulmaq bilməz, ədəbiyyat dərslərinin uzandıqca - uzanmasını, heç bitməməsini istərdik". İ. Əbilovun şagirdlərini dinlədikcə aydın oldu ki, o,  sinfə girəndə uşaqların qarşısında su-həyat canlanırmış. Çünki sakit görünüşü,  mülayim baxışı ilə Araza, təmizliyi, paklığı ilə Göy-gölə, dərinliyi ilə Xəzərə,  coşqunluğu ilə Dəli Kürə bənzəyirdi İmamverdi müəllim. Bədii əsərlərin təbliğ etdiyi əsas ideyanı şagirdlərə çatdırmaq, onlarda poetik düşüncə hissi aşılamaq potensialı İ.Əbilovda yüksək səviyyədə idi. Mehdi Mehdizadə böyük fərəh hissi ilə : "...Onun məktəbinin məzunları həmişə ədəbiyyatı dərindən bilmələri ilə fərqlənirlər ", –deyirdi.İmamverdi müəllimin məzunları təkcə bu keyfiyyətləri ilə seçilmirdi. Onun əsl məramı şagirdlərin qəlblərini vətən odu ilə şölələndirmək, vətənpərvər gənclər yetişdirmək olmuşdu. Qasım Qasımzadə İ.Əbilovu millət balalarını vətənpərvərlik  ruhunda tərbiyə etmiş əvəzsiz müəllim-pedaqoq kimi dəyərləndirmişdi.

Kamil insan

Əsl insan zirvəsinə ucalmaq üçun əqli-mənəvi  yüksəliş  mərhələləri  var: şəriət, təriqət, mərifət, həqiqət. Bu mərhələlərdən keçən adam kamilləşir, əsl insana çevrilir. İslama bağlılığı ilə şəriət, İlahiyə olan sonsuz sevgisi ilə təriqət, yüksək əxlaqi dəyərlərı ilə mərifət, haqqı nahaqdan ayırması ilə həqiqət mərhələlərini keçən İ. Əbilov müdrikləşmìş, kamilləşmiş, tam mütləq varlığa çevrilmiş, ən nəhayət, ulu, qadir, tək,  şəriksiz  tanrısına qovuşmuş, qeyri-adiləşmişdi. Çingiz Aytmatov yazır:  "İmamverdi Əbilovla Bakıda Bəxtiyar Vahabzadənin 60 illik yubileyində tanış oldum... Qeyri - adi bir insandır . Tanışlığımızdan məmnunluq duyuram ".

Allah və elm adamı

Möminliyin ən ali, ən ülvi yüksəkliyi "Təqva"nı həyat qayəsinə çevirmişdi İ. Əbilov. B. Vahabzadə deyib: "Əgər məndən soruşsaydılar ki, İmamverdi necə adamdır? Bir kəlmə ilə cavab verərdim:  Allah adamıdır". Məhəmməd peyğəmbərin (S.Ə.) hikmətli kəlamı yada düşür: "Bir saat elmlə məşğul olmaq altımış il namaz və dua ilə məşğul olmaqdan xeyirlidir". İ. Əbilov nə ibadətindən geri qaldı, nə də elmindən. İbadət və elm... Qurani-Kərim və Ədəbiyyat...Bu kəlmələr İ. Əbilov üçün həyat mənbəyi idi. Müqəddəs dini kitabımız insanları saflığa, xeyirxahlığa, haqqa, ədalətə, iblisə uymamağa, bəd əməllər etməməyə səsləyir. Bəzi əsərlər istisna olmaq şərti ilə, bədii əsərlərin də əsas ideyası, başlıca məqsədi bunlardır. Elə ona görə də İ. Əbilov müsbət keyfiyyətlər aşılayan əsərləri təhlil, təbliğ etməkdən ötrü mürəkkəbini əsirgəmədi. Çünki "Qiyamət günü alimin mürəkkəbi, şəhidin qanından ağır gələr". Bu an  İ. Əbilovun şəhidlər barəsində yazdığı "Şəhidlər mehrabı...Rəhmət duası" kitabını yada salıram. İ. Əbilovun bu kitabında Vətən uğrunda canlarından keçmiş Neftçala şəhidlərinin qısa, lakin   şərəfli ömür səhifələri vərəqlənir, ölümlərilə ölümsüzlük qazanmış, şəhidlik zirvəsinə ucalmış bütün Azərbaycan igidlərinin ruhuna rəhmət duası oxunur.

Xoşbəxtlər bağçasında

"Allaha, onun ədalətinə, mərhəmətinə sidqlə inanmışam və ən çox ibadət vaxtı əl açdığım Ulu Tanri məni naümid qoymayıb,  diləklərimə  qovuşdurub", –deyə şükr edən İ. Əbilovu Allah  neçə illər həsrətində olduğu Həcc ziyarətinə getmək, Füzulinin nisgilli ruhu dolaşan Bağdada səfər etmək, arzusuna qovuşdurmuşdu.1994-cü ildə böyük ziyalı heyəti Füzulinin 500 illiyinə həsr edilmiş Beynəlxalq simpoziumda Füzuli ruhunu şad etmək üçün  Bağdada yola duşdülər.

İ. Əbilovu buralara gətirib çixaran müqəddəslərə olan böyük inancı, ölməz Füzuliyə olan tükənməz sevgisi, kədər aşiqi olan şairlə dərdlərini bölüşmək arzusu olmuşdu. İnsanlar müqəddəs ziyarətgahda özləri, doğmaları üçün Allahdan şəfa, şəfqət diləyərkən, İ. Əbilov bura çiyinlərində  xalqının dərd yükünü: Xocalı faciəsinin ağrı-acısını, yurd-yuvasından didərgin düşən insanların fəryadını, Qarabağ harayını, şəhid ata-analarının ah-naləsini gətirmişdi. Məzarı ziyarət edərkən 500 il arxasından sanki Füzulinin səsini eşitmişdi: 

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar.

Nəqdi-can sərf eyləyib dünyada kam almaq gərək.

Əcz ilə dönmək ədudən səhldir, himmət tutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

 

"Bu bir sehr idi, möcüzə idi, yoxsa heç nə baş verməmişdi, mən mövlanə Füzulinin səsini eşidirdim axı?" – deyə İ. Əbilov təəccüblənmişdi. Əslində, bu səs Füzuli eşqi, Füzuli irsi, Füzuli ruhu yaşadan  İ. Əbilovun öz qəlbindən gələn səs idi.

Qarabağ yad əllərdə olduğu üçün qəlbində nisgil köçdü bu dünyadan  İ. Əbilov.  Şuşada zəfər bayrağı dalğalandı, zəfər nəgməsi ucaldi! Çox güman ki, İ. Əbilovun narahat ruhu  dinclik tapmış oldu.

Dərd əmanəti

Hər kədəri səadət, hər sevinci qəm izlər,

Əsl könül həm qəmi, həm sevinci əzizlər.

                                                B.Vahabzadə

Dostlarının, əzizlərinin itkisindən doğan kədəri yaşadırdı İmamverdi qəlbi. Bu qəlbdə Əliağa, Xudu dərdi yaşadı. Əliağanın son nəfəsində yanında olan İ. Əbilov Əliağa ilə bağlı memuarında yazmışdı: " Ürəyimin dərinliyinə nisgilli bir arzu qövr edirdi: vida günlərində onunla göz-gözə dayanmaq istəyirdim". İ. Əbilov vida günü Əliağanın qəlbindəki dərdləri gözlərindən oxumaq, bu dərdləri öz qəlbinə köçürmək istəyərkən birdən Əliağanın artıq qırılmaqda olan səsini eşitdi:  Ge-di-rəm , el-oğ-lu. Mən-dən sə-nə  ə-ma-nət ...

" Bütövlük" kitabının müəllifinin sözləri yarımçıq qaldı. Deyə bilmədi son vəsiyyətini " Məndən sənə əmanət ..."  Nə idi bu əmanət? Bu sual İ. Əbilovu uzun illər rahat buraxmadı. Əliağa sanki dostuna, sirdaşına yetim qalan dərdlərini əmanət verdi. Bu dərdin üzərinə bir dərd də gəldi– Ülkər dərdi! Yaşaya bilmədi Ülkər atasız! Əliağa və qızı Ülkərın dərdlərini ümman olub İ. Əbilovun gözlərindən qəlbininə axdı. O qəlbdən N. Xəzrinin şeiri ucaldı:

                                                               Bu nədir? Saralıb soldu şəfəqlər

                                                               Dünyaya göz yumdu ata da, qız da

                                                               Bu nədir? Ülkərsiz qaldı üfüqlər,

                                                               Qaldı Kürçaylısız Kür çayımız da.

İ. Əbilova Əliağanın son hədiyyəsi " Bütövlük" kitabı, bir də bütov bir dərd əmanəti oldu. 

"Dərdlərim yetim qalsa, Məndən sonra kim çəkər",–demiş Xudu Məmmədov. İ. Əbilovun "Təbiətin və təfəkkürün möcüzəsi" kitabına ön söz yazan  Azər Turan yazır:" Gerçəkdən o dərdləri çəkənlərimiz yox kimidir. Dünya Xudusuz yetimdir. Xudunun dərdləri də yetimdir" . Xudunun dərdləri  yetim deyildi, çünki bu dərd karvanını Xudu ürəyinin teli ilə çəkməyi bacaran İ. Əbilov kimi sarvanlar vardı.

Xeyirxah qəlbin döyüntüləri

B.Vahabzadə "Göy-göl" şeirini İ. Əbilova həsr etməyinin səbəbsiz olmadığını, ilhamını, sözünü əsir edən, donduran təbiət gözəlliyi ilə pak, xeyirxah qəlbli İ. Əbilov arasında bənzəyiş gördüyünü qeyd edir. Yadıma məşhur A. Şopenhauerin sözləri düşür: "Günəşin qabağında məşəllər və atəşfəşanlıqlar solub öz işığını itirdiyi kimi, ağıl, hətta düha və gözəllik də xeyirxah qəlbin yanında nurunu itirir".

Bütün ömrünu xalqına, onun maariflənməsinə həsr edən İ. Əbilovun qəlbi xalqın qəlbi ilə bir döyündü. Bu döyüntüləri eşidən  M. İbrahimov yazırdı:  "İmamverdi müəllim!  Mən diqqətlə sizin yazdıqlarınızı oxuyuram və onlarda həqiqət  üçün, xalqın səadəti və idrakı inkişafı üçün əsl vətəndaş  ürəyinin səsini eşidib sevinirəm" .

İlahi vergi

İ. Əbilov yazır : " Tale mənə zəngin həyat verməyib, ümumiyyətlə, sərvət toplamağa, zəngin yaşamağa  xüsüsi meyilli olmamışam. Şükranam ki, tale məni sərvət, dövlət həvəsindən xali yaradıb, fəqət bütün  sərvətlərin fövqündə dayanan zəkalı, vəfalı dostlar bəxş edib".Təkcə dostlarmı? İ. Əbilova "zəngin həyat" verməyən tale ona  fəzilət, xeyirxah qəlb, düşünən beyin, fitri-istedad, yorulmaz, yaradıcı əllər, rəvan, gözəl nitq, nurani çöhrə, Minayə tək qayğıkeş bacı, Cəmilə xanım tək vəfalı ömür-gün dostu, ağıllı övladlar, şirin, şəkər nəvələr, şah əsərləri olan şagirdlər, dost xatirəsi yaşadan halal ocaq,  dost qibləgahı olan ziyarətgah, dost-tanış üçün açıla bilən maddi və mənəvi nemətlər və s. vermişdi. Bütün bunlar taleyin ona nə qədər zəngin həyat verməsindən, İ. Əbilovun çox böyük  sərvət sahibi olduğundan xəbər verirdi.

N.Tusi deyib: " Fəzilət zərrələrində və fəzilət sahiblərinin nəfslərində olan həqiqi nemətləri heç bir bəla məhv edə bilməz, çünki mənəvi istedadlara, ilahi vergilərə zaval yoxdur, necə ki həkim Sənai( orta əsr Şərq filosofu) demişdir: "Fələk nə veribsə, geri alacaq, İlahi vergidir əbədi ancaq!"

Böyük fəzilət sahibi İ. Əbilovun  mənəvi sərvətlərlə, həqiqi nemətlərlə dolu olan xəzinəsi səmalarda, Allah dərgahında toplanmışdı. Çünki  burada toplanan sərvət əbədi sərvətdir.

Bülbül güldən ayrılarmı?

Başqaları üçün ucqar, basəfa "nöyüt qoxulu rayon", yerlilər üçün "neft qoxulu gülüstan" olan Neftçala İ. Əbilovun əzəli-əbədi yurdu oldu. Əslində, Neftçala neft qoxusu ilə İ. Əbilova doğma, əziz, xoş idi. 

Vətən həsrətli, vətən nisgilli didərgin şair Almaz İldırım "Əsir Azərbaycanım" şeirində sorağında olduğu nazlı Bakını ona doğma, əziz olan neft qoxusu ilə xatırlayır,  onu neft qoxan gülə bənzədir:

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı Bakim, o neft qoxan gülümdən. 

Neftçala da neftçalalılar üçün neft, nöyüt qoxulu gül, İmamverdi isə o gülün nəğməkar bülbülü idi. Elə isə, İ. Əbilovu əyalətə bağlanmaqda qınayanlar, bülbül güldən ayrılardımı?!

Yerə zinət verən insan

Kiçik, dar məkanın böyük ürəkli insanı İ.  Əbilov haqqında ziyalıların fikirlərini onun "Ömrün anları" kitabında oxumuşdum. Doğrusu, Neftçalanın "mərkəzdən uzaq", "balaca yer" adlandırılması ürəyimcə olmamışdı. Belə kiçik məkaların geniş qəlbli insanlarının səmimiyyəti, mehribanlığı Səmədi bu torpaqlara bağlamış, nəticədə  "Muğan" adlı böyük poema yaranmışdı. Dar, balaca məkan böyük ürəkli, gözəl düşüncəli, savadlı, zəkalı, xeyirxah insanlar sayəsində böyüyür, sonsuzluqlara qədər uzanır, məkan anlayışından çıxır. Əbülhəsən yazır: "Əzizim İmamverdi, bilmirəm bu sakit Neftçala sənə görə gözəldir, yaxud sən Neftçalalı olduğuna görə belə təmkinli, səxavətlisən?" Yer üzünün əşrəfi, gövhəri insandırsa, demək, eli-obanı qiymətləndirən, zinətləndirən, şərəfləndirən də insandır. Mirsalam Müasir İ. Əbilova həsr etdiyi qəzəlin bir beytində yazır: 

Yerə zinət verən insandır, yeri zat tanıdır.

Tanıyırlar səni sənlə, nə ki, məvaya görə.

İ. Əbilov fitri-istedadı, ağlının gücü Neftçalanı işığa qərq etdi. M. Araz yazır:  "İmamverdi müəllim xalqımızın işıq oğullarından biri, ədəbiyyatımızın işığını xalqımıza çatdıran alimlərin ən qeyrətlilərindəndir".

İ. Əbilov günəşi  əbədi quruba ensə də,  o günəşin övladları ömrun dan qızartısından qurub şəfəqlərədək yol gedib aylı gecələrə, işıqlı  sabahlara qovuşurlar.

Bülbül yuvası

Xalq şairi Qabil İ. Əbilovun sazlı-sözlü ocağını nəğməli bülbül yuvasına bənzətmiş, insanlara  ona  toxunmamağı nəsihət etmişdi:

Bu ev bülbül yuvasıdır dəyməyin

Qapısını bəd niyyətlə döyməyin.

Bu misraları oxuyarkən M.Rahimin S.Vurğunla bağlı Qarayazı meşəsindəki xatirələri yada düşür: "Meşənin elə bir yerindən keçirdik ki, bülbüllərin cəh-cəhi aləmi götürmüşdü. Səməd arabanı saxlatdırıb, qulaq asmağa başladı. "Başqa quşlar ürkək olur. Bunlarsa görün necə budaqlarda oturub saymazyana oxuyurlar, bilirlər ki, misilsiz səslərinə insanlar heyrandırlar, kimsə onlara əl qaldırmaz, həqiqi sənətkara qaldırılan əl quruyar" 

İ. Əbilov ocağına çox adlar verilib. Ən layiqli adı isə Qabil seçib–Bülbül yuvası. Ömür kitabının  son səhifələrinin vərəqləndiyini hiss edən İ. Əbilov bülbül yuvasını oğlu, davamçısı Azər Turana əmanət edərkən kövrək, həzin səslə demişdi: "Bu yuvanı qoru, oğul! Buradakı xatirələr müqəddəsdir, əzizdir!" Azər Turan ata vəsiyyətinə sadiq qalaraq ata ocağının  çırağını sönməyə qoymur. O, atasınin xatirələrlə dolu otağina sakit-sakit, asta-asta girir ki, burada olan kövrək xatirələr uçub getməsin.

Son sözlər

Qədim bir aforizmdə deyilir: "Əvvəl müdriklərin fikirləri qocalır, sonra bədənləri..." İ. Əbilov da belə insanlardan idi. B. Vahabzadə fikirlərindən sonra qocalmış, qocaldıqca ucalmış müdrik el ağsaqqalı İ. Əbilovun qocalığına həsəd aparmış, dostlara, doğmalara belə qocalıq səadəti arzulamışdı.

Xatirələr yaşatmış, özü də xatirəyə çevrilmiş İ. Əbilovu ehtiram hissi ilə xatırlarkən ruhuna rəhmət dualarımız ucalacaq: Allah rəhmət etsin!

Zülfiyyə ZİYA

Chosen
134
xalqqazeti.az

1Sources