EN

Azərbaycan xalçası Latviya muzeyinə təqdim edilib

İyulun 25-də Latviyalı tanınmış şair və yazıçı Yanis Akuratersin adını daşıyan Muzey üçün Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ərsəyə gətirilən Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviya Parlamentinin sədri Daiga Mierina, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova tədbirdə çıxış ediblər.

Səfir E.Sultanov bildirib ki, bu il Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və hazırkı tədbir ikitərəfli münasibətlərdə əlamətdar hadisədir. Səfir iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıqda xalça mövzusunun önəmli yer tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Latviya parlamentinin sədri D.Mierina bu ilin mayında ölkəmizə səfərini məmnunluqla xatırlayaraq sözügedən tədbirin əməkdaşlıq rəmzinin olduğunu və ikitərəfli mədəni əlaqələrin zənginləşdirməsinə töhfə verdiyini söyləyib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Ə.Məlikova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Muzeyin gələcəkdə də latviyalı həmkarları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, təqdimatdan əvvəl “Xalça – ev bəzəyi. Şərq–Qərb hekayəsi” mövzusunda simpozium keçirilib.

Simpoziumda çıxış edən Azərbaycan və Latviya tədqiqatçıları “Dəryanur” xalçasının ərsəyə gəlməsi, Yanis Akuraters Muzeyinin fəaliyyəti, xalçaların Latviyanın tarixi interyerlərində tutduğu yer, XIX-XX əsrlərdə Azərbaycanda yaşamış latviyalı ədibləri, xüsusilə Yanis Yaunsudrabinşin müəllifi olduğu və Azərbaycan dilinə tərcümə edilmiş “Ölüm rəqsi” kitabı, həmçinin digər mövzular barədə çıxışlar edib, fikir mübadiləsi aparıblar.

Sonda Latviyada fəaliyyət göstərən “Buta” rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri təqdim olunub, ölkəmizin tanınmış şairlərinin poeziyasından seçmə parçalar Latviya Milli Teatrın aktyoru Qundars Qrasberq tərəfindən latış dilində səsləndirilib.

Chosen
42
4
nocomment.az

5Sources