EN

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər –Həkim digər əlamətləri açıqladı

Əgər zəiflik, tez yorulmaq, üşümək, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər.

Medicina.az xəbər verir ki, Dr. Rüştü Vural anemiyanın qırmızı qan hüceyrələrinin sayının və ya hemoglobin miqdarının azalması olduğunu ifadə edərək bunun 3 səbəbini izah edib:

"Qan itkisi, qırmızı qan hüceyrəsi (eritrosit) istehsalının pozulması, qırmızı qan hüceyrələrinin məhvinin artması anemiyaya səbəb olur".

O bildirib ki, qan azlığından şübhələnən xəstə əvvəlcə sözügedən xəstəliyin həqiqətən olub-olmadığını müəyyən etməlidir. Bunun üçün qan analizi etməmiz lazımdır.

“Hansı növ anemiyaya sahib olduğunuzu tapmaq vacibdir. Səbəbini tapmaq üçün qırmızı qan hüceyrələrinin böyük və ya kiçik olduğunu və onların tərkibindəki hemoglobinin miqdarını bilmək önəmlidir”, - deyə həkim qeyd edib.

Dr. Vural anemiyanın əlamətlərini belə sadalayıb:

* Yorğunluq, zəiflik, başgicəllənmə, asanlıqla yorulma

* İş qabiliyyətinin azalması

* Tez-tez xəstələnmək

* İştahsızlıq, ürəkbulanma

* Dərinin, göz qapaqlarının və ovucların daxili hissəsinin solğunluğu

* Ürək döyüntüsünün artması və nəfəs darlığı

* Üşümək

* Konsentrasiya pozğunluğu

Mütəxəssis böyüklərdə dəmir çatışmazlığının daha çox xroniki qan itkisindən qaynaqlandığını diqqətə çatdırıb:

“Xroniki qanaxmanın əsas səbəbləri mədə xorası, mədə yırtığı, qida borusu varikozu, yoğun bağırsaq polipləri, kolit, hemoroid, qanaxmalı bağırsaq parazitləri, sidik yollarında qanaxma, davamlı aspirin istifadəsi nəticəsində yaranan qanaxmalar və ağciyər qanaxmalarıdır. Bu səbəbdən anemiyası olan yetkinlərdə bu sistemlər ətraflı yoxlanılmalıdır”.

Həkim anemiyadan əziyyət çəkənlərə aşağıdakı qidalanma tövsiyələrini verib:

- Pəhrizinizə bütün qida qruplarını daxil etmək vacibdir.

- Əgər vegetariansınızsa, anemiyadan qorunmaq üçün bu vəziyyət barədə həkiminizə məlumat vermək və müvafiq pəhriz proqramına riayət etmək lazımdır.

- Həkiminiz sizə dəmir preparatlarından istifadə etməyi tövsiyə edibsə, onu səhər yüngül səhər yeməyindən 1 saat sonra qəbul etməlisiniz. Xüsusilə süd kimi qidalarla qəbul edildikdə dəmirin udulması azalır.

- Acqarına dəmir preparatlarının qəbulu bəzi mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər.

- Dərman qəbizlik və nəcisin rənginin qaralmasına səbəb ola bilər. Dərmanı dayandırmazdan əvvəl bu şikayətləri həkiminizə çatdırmağınız vacibdir.

- Hamiləlik dövründə nə qədər dəmir əlavəsi istifadə edəcəyinizə həkiminiz qərar verməlidir.

Mütəxəssis bildirib ki, anemiya müalicəsi aparılmadıqda və ya gecikdikdə insan səhhətində ciddi problemlər yaranır:

HAMİLƏLİKDƏ

- Körpə ölümləri arta bilər.

- Aşağı çəkili körpənin dünyaya gəlməsi riski artır.

- Vaxtından əvvəl doğuş riski artır.

- Bədən müqaviməti azalır və xəstəliklər daha tez-tez baş verir.

- Doğuşdan sonra problemlər yarana, doğuş zamanı qan köçürülməsi tələb oluna bilər.

KÖRPƏ və UŞAQLARDA

- İnkişaf yavaşlayır.
- Fiziki fəaliyyət azalır.

- Xəstəliklər daha tez-tez baş verir.
- Qavrama, öyrənmə funksiyaları zəifləyir; diqqətin yayınması, yorğunluq və apatiya artır.

BÖYÜKLƏRDƏ

- Daimi yorğunluq hissi yaranır, halsızlıq baş verir, iş qabiliyyəti azalır.

- Xəstəliklərə qarşı müqavimət azalır.


Aysel

Chosen
207
9
medicina.az

10Sources