"30 ildən çoxdur səhnələrdəyəm. Bu illərdə əlbəttə çətin günlərim də, həmkarlarımın qısqanclığı ilə qarşılaşdığım da olub. "Leyli və Məcnun" tamaşasının premyerasına 1 gün qalıb, gördüm ki, mənim geyimimi hazırlamayıblar. Tamaşa günü paltarı əyri-üyrü tikib verdilər mənə. Bir təhər baş örpəyi ilə filan əyrilərini gizlətdim. Amma tamaşanın elə başlanğıcında paltarın arxa hissəsi əynimdə yırtıldı. Kürəyim qaldı açıqda".Bu fikirləri Lent.az-a Əməkdar artist Gülüstan Əliyeva səsləndirib."Səhnədə elə hərəkət edirdim ki, tamaşaçılardan heç kim paltarın cırıldığını hiss eləməsin. Amma pərdə arxasında rejissorumuz Hafiz Quliyev saçlarını yolur. Əl- qol hərəkəti ilə məni hədələyir ki, sən nə edirsən, bütün mizanları pozmusan. Elə əsəbiləşmişdi ki, üzünə baxmağa qorxurdum. Pərdə arxasında mənə yaxın olan ikinci rejissora kürəyimi göstərdim ki, anlasın niyə belə edirəm. O da Hafiz müəllimə dedi. Səhnə dəyişdi, mən də gedib ikinci səhnə üçün olan qiyafətə büründüm, həmin libasın üstündən geniş xalat geyindim, beləcə vəziyyətdən çıxdım. Bu paltarın belə alınmsında təbii ki, bəzi məşhurların, öz həmkarlarımın rolu olmuşdu",- deyə müğənni qeyd edib.