RU

“Ana dili – Azərbaycan məktəbi”nə növbəti tədris ili üzrə qeydiyyat prosesinə başlanılır

“Ana

Avqustun 21-dən Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat prosesi elan edilir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dil biliyi səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə iki dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.

Link vasitəsilə “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərimizdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub. Layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarılar üçün əlavə iki qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib.

Daha ətraflı məlumatı https://anadili.agma.az/ saytından əldə etmək olar.

Избранный
92
8
xalqcebhesi.az

10Источники