RU

«Meyxanada Baləli kimdirsə, poeziyada Ramiz Rövşən odur!» — Xalq şairinə hücumların məqsədi nədir?

İctimaimedia.az Xalid Kazımlının yeni yazısını təqdim edir.



Biz uşaq olanda belə bir tapmaca dəb idi, hamı növbəylə bir-birini sınağa çəkirdi: karandaşla bir vərəqə 3-5 santimetrlik xətt cızırdılar və deyirdilər, pozandan istifadə etmədən bu xətti gödəldin. Doğru cavab çox sadəydi. Həmin xəttin altından daha uzun bir xətt çəkirdin, birinci xətt avtomatik olaraq gödək olurdu.



Gənc yazarların israrla və kütləvi şəkildə, bir-birinə ötürmə edə-edə Ramiz Rövşənin “xəttini gödəltməyə” çalışmasını, bu zaman nəinki pozandan, ağardıcıdan, hətta qara flomasterdən istifadə etməsini görəndə adamın yadına bu detal düşür. Halbuki, o xətti gödəltməyin daha effektiv bir yolu var: daha uzun xətt çəkmək. Yəni, bir şair olaraq Ramiz Rövşəndən böyük olmağın yolu ondan yaxşı yazmaqdır. Bu qədər bəsit.



Söz yox, istənilən şairin, yazıçının əsərlərini, bəzən isə lap özünü də tənqid etmək olar. Müqəddəs kitablarda belə səhv tapan adamlar var. Bu baxımdan bütün şair və yazıçıların ən tərifli bir əsərini götürmək, sətir-sətir, misra-misra incələyərək, müasir dildə desək, “sökmək” olar.



Yaxud istənilən dahiyə ağız büzüb, “nə yazıb e, öz dövrünün mövzularından bəhs edib də” demək, yazılanları heç-puç etmək mümkündür. Bu cəsarətli görünə bilər, amma ədalətli olacaqmı? Məsələ budur.



Ötən əsrin 30-cu illərində nə qədər yaradıcı ziyalı amansız tənqidlərin qurbanı olub. Özləri bir sətir belə yazmayan kəmfürsətlər oturub gözləyiblər, istedadlı şair-yazıçılar nəsə yazanda bunlar qələmə sarılıb təhlil ediblər, misraların arasında partiyaya, sovet quruluşuna zidd eyhamlar tapıblar, onu da tapa bilməyəndə yazılanların yeni quruluşu tərənnüm etmədiyini deyərək başqa bir damğa vurublar.



Tənqid etmək asandır. Mikayıl Müşfiqin ən qızğın tənqidçiləri isə illərlə gücənsələr də, “Yeni o bağ olaydı, yenə yığışaraq siz, o bağa köçəydiniz” misrasının yaratdığı həzin emosiyanı doğura biləcək bir misra yaza bilməyiblər.



İndi Səməd Vurğunun şeirlərini təftiş etmək də dəbdir. Hər müəllifdə olduğu kimi, onun külliyyatında da zəif, dövrün konyukturasına uyğun şeirlər, mədhiyyələr var. Amma şairin gözəl şeirlərini bir kənara qoyaraq, hətta özü tərəfindən “ölən şeirlərim” adlandırdığı nəzm parçalarını yenidən çap edib, sonra da üzərində ifşa əməliyyatı aparmaq nəyə lazımdır? Çoxmu vacibdir?



O dövrün yaradıcı ziyalıları ağır zəmanədə yaşayıblar, sözün əsl mənasında yaşamaq, salamat qalmaq uğrunda mübarizə aparıblar, bir-birini güdaza veriblər, bəxti gətirənlər, özlərini böyüklərə, dövlətə daha şirin satanlar salamat qalıb. Və onlar artıq həyatda yoxdur. Yazdıqları isə qalıb. İndi biz o əsərləri oxuya da bilərik, oxumaya da. Oxusaq, bir şey qazanarıq, yox, şəxsiyyətlərinə acıq edib oxumasaq, onların onsuz da itirəcəyi bir şey yoxdur.



İndi Ramiz Rövşənə hücum edənlərin çoxluğuna işarə edərək, təəccüblənənlər var: Axı ondan nə istəyirlər?



Gənc yazarlar ondan heç nə istəmir. Sadəcə, onun sayəsində şöhrət qazanmaq, tanınmaq, özlərini təsdiq etmək, bir də onun olmamasını, unudulmasını istəyirlər.



Ramiz Rövşən olmasaydı, bir başqası, məsələn, Məmməd Araz, Nüsrət Kəsəmənli olsaydı və məhz onlar Azərbaycan poeziyasının simvoluna çevrilsəydilər, hücuma onlar məruz qalacaqdılar.



Burada hücum Ramiz Rövşənin şəxsiyyətinə yönəlməyib (hərçənd, belə hallar da var), müasir şeirimizin mücəssəməsinə, onun qazandığı şöhrətə yönəlib. Başqa şairlərin tənqid olunası şeirləri yoxdurmu? Var. Sağlığında Bəxtiyar Vahabzadə də şiddətli hücumlara məruz qalırdı. Çünki o zamanın “baş şair” postunda o idi. Ramiz Rövşəndən sonra ortaya çıxan yeni yazarlar da öz dövrlərinin “baş şair”inə hücum edəcəklər.



Bu, normaldırmı? O qədər normal olmasa da, təbiidir, qaçılmazdır. Zəmanə belə gəlib. İndiki yaşlı şair-yazıçılar gənc olanda mətbuatda olmasa da, çayxanada, redaksiya otaqlarında, dərnəklərdə özlərindən yaşlı “klassiklər”i çox yamanlayıblar. “Geriçilik” və “novatorluq” davaları həmişə olub və olacaq.



Ancaq gənc yazar Tural Turanın “Meyxanada Balaəli kimdirsə, poeziyada Ramiz Rövşən odur” deməsi ədalətsizliyin zirvəsidir.



Birincisi, müəllifin aşağıladığı Balaəli öz şeirlərini oturub kağıza yazsa, düşünə-düşünə, yazdığını yona-yona ərsəyə gətirsə, ortaya daha sanballı bir şey çıxarar, onun minusu bədahatən şeir qoşmasıdır. Ağıla ilk gələn satirik fikir lətifə kimi dillərə düşə bilər, amma dərin məna yükü daşıyan şeir parçası ola bilməz. Mümkün deyil.



İkincisi, Turalın kiçiltməyə çalışdığı Ramiz Rövşən isə hələ onun yaşından çox qabaq gözəl şeirlər yazıb. Şairin “Papaq” filmi üçün yazdığı şeir “göz üzünə daş atan oğlan”lara cavab ola bilər:



Mənim balam, bu dünyayla oynama,Sən cavansan, dünya qoca dünyadır.



Başqa bir gənc yazar Emin Rasimoğlu “Medianyus” saytında dərc etdirdiyi yazıda iddia edir ki, Ramiz Rövşənin şeirinin gücü onları özünün ifa etməsində, müəllifin səsindədir.



Emin yazır: “Əslində, Ramiz Rövşənin istedadı, KREATİV GÜCü, novatorluğu böyük deyil. Sadəcə, Ramiz Rövşən istedadının çölündə, sənətdən çox-çox uzaqlarda yazdıqlarının bədii reallıqlarını səsi ilə ört-bastır edə bilir”.



Ədalətsiz yanaşmadır. Necə olur ki, Ramiz Rövşənin şeirlərini başqa qiraətçilər deyəndə də yaxşı, hətta daha yaxşı alınır? Sadəcə, Ramiz Rövşən o şeiri yazdığı anda hansı hissləri yaşayıbsa, sonradan həmin şeiri auditoriya qarşısında deyəndə də eyni hissləri yaşayır, yaşadıqlarını ifadə edir. Ona görə də şeir yaxşı səslənir, ecazkar şəkil alır.



Turan Turalın şair haqqında qeydlərində belə bir məqam da var ki, Balaəlini də, Ramiz Rövşəni də onların söylədiklərini qavrayacaq gücdə olanlar sevir. Bu, artıq oxucuya sataşmaqdır.



Nəyə görəsə, gənc yazarlara elə gəlir ki, onlar xüsusi istedada, Allah vergisinə malikdirlər, heç kəsin enə bilmədiyi dərinliklərə enə, heç kəsin qalxa bilmədiyi yüksəkliklərə pərvaz edə bilirlər. Onların anlaması lazımdır ki, bu gün oxuduqları mətnləri minlərlə oxucu 30-40 il əvvəl oxuyub, təsirləniblər, nələrisə əxz ediblər.



Tənqiddə, inkarçılıqda ifrata varmaq, absurda getmək düzgün deyil. Elə orta yaşlı şairlərin də bir çoxuyla ədəbiyyata dair söhbər edəndə görürsən ki, tənqid və inkar edə-edə Nizamiyə qədər gedirlər, sona qədər bəyəndikləri, birmənalı olaraq qəbul etdikləri nə bir ədib olur, nə də yazılı mətn. Hamısı yarımçıqdır, “o deyil”, öz yazdıqları isə şedevrdir.



Bu köhnə, sovetdənqalma mərəzdir. Nə yazıq ki, gənc yazarlara da sirayət edib. Bir-birini qeyd-şərtsiz bəyənən iki yazarı bir arada görmək çox nadir hadisədir.



Belə bir dəbdən düşməyən ehkam da var: Detektiv əsərlər ədəbiyyat deyil, satirik və yumoristik əsərlərin əsl ədəbiyyata dəxli yoxdur, macəra və səyahət romanları əyləncə xarakterlidir, ciddi ədəbiyyat sayılmaz, memuarların adı üstündədir, onda bədiyyat axtarmağa dəyməz, eşq romanları sabun köpüyüdür, ədəbiyyatdan uzaqdır, o birilər də qrafomaniyadır və sair və ilaxır. Bəs axıra nə qaldı? Demək olar ki, heç nə.



Yazının sonunda gənclərə xatırlatmaq istəyirəm ki, tanınmış şair, yazıçı olmağın ən yaxşı yolu ağ vərəqdə daha uzun xətt çəkməkdir. Kim bu xətti daha yaxşı çəkəcəksə, simvola çevriləcək, gələcəkdə ona hücum edəcəklər, deyəcəklər, nədir axı onun yazdıqları»Yeni Müsavat»

Избранный
157
5
ictimaimedia.az

10Источники