RU

Gəncədə əlillər üçün çəkilmiş film nümayiş olundu

İnklüziv cəmiyyətin inkişafına töhfə olaraq  rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur" sənədli filmi növbəti dəfə - avqustun 17-də Fərəh SİB-in təşkilatçılığı ilə Gəncə şəhərində - "Ganja Mall Cinema Plus" kinoteatrında nümayiş etdirilib.

Pedaqoq Aygün Qasımova və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin sədri, Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komandanın baş məşqçisi Amid Həsənquliyevin aparıcılığı ilə təşkil olunan təqdimat mərasimində ekran əsərinin özəlliyindən söhbət açılıb. Onlar filmin və bu məqsədlə keçirilən tədbirlərin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.

Aparıcılar bu möhtəşəm tədbirin İlhamə Axundova, Məcid Məcidli və Zivər Xanlarovanın təşkilatçılığı ilə keçirildiyini qeyd ediblər.
İnklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxışında təhsildə və cəmiyyətdə inklüzivliyin inkişafı üçün 2018-2024 cü illər ərzində Dövlət Proqramının təsdiq edilməsini diqqətə çatdırıb. O inklüzivliyin əsas mahiyyətinin milli-mənəvi dəyərlərimizə yad olmadığını deyib. Bildirib ki, bu ali dəyərləri yaşatmaq üçün hər sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələr var. Bu baxımdan Elçin Ağazadənin fiziki məhdudiyyəti olan istedadlılara aid çəkdiyi sosial çarxlar, autizmli uşaqlara həsr etdiyi və Amerikanın Florida ştatında "Ən yaxşı sosial film" nominasiyası üzrə qalib olmuş “Uğur böcəyi” sosial filmi olduqca təqdirəlayiqdir. O, istedadlı rejissorun şəhidlər və qazilər üçün çəkdiyi sənədli filmlər, şəhid övladlarından ibarət “Zəfər sədası” klipi, milli dəyərlərlə yanaşı “Cənnət ətri” və “Başqa həyat” kimi mənəvi dəyərləri də aşılayan sənədli filmlərinin nümunə olduğunu misal çəkərək onun yaradıcılığının, fəaliyyətinin bu baxımdan çox məhsuldar olduğunu bildirib.

Sonra "Fərəh" SİB-in təsisçisi, inklüziv sahə üzrə beynəlxalq təlimçi İlqar Hümbətov çıxış edərək, İnklüziv cəmiyyətin hər kəs üçün faydalarını və üstünlüklərini vurğulayıb.
Bundan əlavə, ziyalı ədəbiyyatsevər Əsgər Məmmədov N.Gəncəvi və digər klassiklərimizin şeirlərindən sitatlar gətirərək dahi şəxsiyyətlərimizin Azərbaycan xalqının yüksək mənəviyyatına təsirlərindən söz açıb.
Daha sonra tədbirə xüsusi dəstək göstərən  “Azestetik” şirkətinin rəhbəri Fariz Məmmədova təşəkkür ünvanlanıb.
Filmin nümayişindən sonra isə pedaqoq, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və Gəncə Dövlət Universitetinin baş müəllimi, əlilliyi olan tələbələr üçün mərkəzin  rəhbəri, İnklüziv təhsil üzrə təlimçi Lamiyə Hacımuradova film haqqında təəssüratlarını paylaşıblar.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.
Filmin qəhrəmanı Alik Cəfərovun və anasının səhnəyə gəlişi böyük sevgi və coşqu ilə qarşılanıb.
Xatırladaq ki, tamaşaçıların böyük rəğbətini qazanmış, fiziki əlil olan Alik Cəfərovun həyat hekayəsindən bəhs edən filmin ilk təqdimatı avqustun 4-ü Nizami Kino Mərkəzində baş tutmuşdu.

Избранный
40
5
xalqqazeti.az

8Источники