RU

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat elan edilib

Peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsi üzrə sentyabrın 22-də keçiriləcək imtahana qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 12 sentyabr saat 18:00-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi – mühasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;

2. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;

3. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikatını və ya kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR - “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA - Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA - Certified Public Accountant) təşkilatının sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını pms@dim.gov.az ünvanına göndərə bilərlər.

Избранный
7
4
sia.az

9Источники