RU

Ərzaq təhlükəsi(zliyi): Azalan istehsal, artan idxal, bahalaşan qiymətlər - SƏBƏB NƏDIR?

Aqrar sektorda tənəzzül: Qeyri-effektiv idarəetmə və fermerlərə maneələr ölkəmizi ağır vəziyyətə sala bilər

Azərbaycan ənənəvi olaraq aqrar potensialı yüksək olan və bu sahədə zəngin və məhsuldar fəaliyyət tarixinə malik ölkələrdəndir. Bu sahənin vacibliyi onun inkişafı üçün bütün imkanlardan istifadə edilməsini tələb edir. Bəs mümkün imkanlardan, mövcud potensialdan necə istifadə edirik? Gəlin baxaq.

Dövlət aqrar sektor dəstəyi nəyi dəyişib?

Dövlətin tənzimləyci, yönəldici və stimullaşdırıcı funksiyasının detallarında aqrar siyasətin mahiyyəti gizlənir. Belə ki, müvafiq statistika bu sahədə dövlət siyasətini aydın göstərir. Aqrar sektorun inkişafı üçün dövlət dəstəyi getdikcə həm həcm, həm miqyas üzrə artır. Lakin milyardlarla ölçülən investisiyalar, subsidiyalar, müxtəlif dövlət yardımları hələ də öz effektini verə bilməyib. Belə ki, ərzaq məhsullarında idxaldan asılılığımız 50 faizi keçib, yerli istehsalın həcmi azalıb, daxili bazarda qiymətlərin artması baş verib. Yerli istehsal bir çox sahələrdə artmaq əvəzinə azalır. Burada müxtəlif faktorlar təsir göstərir- yerlərdə qeyr-effektiv idarəetmə, monopoliya halları, korrupsiya, fermerlərə müxtəlif bürokratik maneələr və sairə.

Ölkəmizin ümumdaxili məhsulunda aqrar sektorun payı son illərdə 5-10 faiza arasında dəyişir. Halbuki, ölkə əhalisinin 40 faizi potensial olaraq aqrar sektor məşğulluğuna aiddir. Halbuki, 50 il əvvəl aqrar sektor ÜDM-in 50 faizə yaxınını verirdi. 90-ci illərdə isə 25 faiz civarında idi.

Qeyri-neft sektorunun inkişafı kontekstində bizim üçün ən potensiallı sahə aqrar sahədir. Burada həm də sənayedən söhbət gedir- aqrar sənaye kompleksinin yaradılması yeyinti və yüngül sənayenin inkişafını təmin edə bilər.

Bu sektorda ciddi artımlar baş versə, bu öz növbəsində ÜDM-in artmasına, dövlət büdcəsinin gəlirlərinin yüksəlməsinə, işsizliyin ciddi səviyyədə azaldılmasına, ixrac imkanlarının artmasına, idxaldan asılılığın azalmasına, ölkədən valyuta çıxışının azalması və ölkəyə valyuta daxil olmasının artımına, ölkənin ərzaq bazarında bolluq və ucuzluğun yaranmasına səbəb olardı. Yığcam desək, aqrar sektorun inkişafı sosial vəziyyəti yaxşılaşdırmalı, iqtisadi artımı artırmalıdır. Lakin aqrar sektora ayrılan nəhəng vəsaitlər və edilən güzəştlər bu sahədə ciddi dəyiliklik yarada bilməyib, əksinə bəzi sahələrdə vəziyyət pisləşib.

Ərzaq idxalında ciddi artımlar var

Bu ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı 9 faiz artıb.

Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü ilin 1-ci yarımilliyində ölkəyə 1 milyard 131 milyon dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 73 milyon dollar, yəni 7% çoxdur. Qeyd etmək lazımdır ki, son 5 ildə ilin ilk yarısı üzrə müqayisə aparsaq, son 5 ildə yeyinti məhsulları idxalı 55%, son 10 ildə isə 2,2 dəfədən çox artıb.

Dövlət Statistika Komitəsinın yaydığı məlumata görə, 2024-cü ilin ilk yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz artıb. Komitə heyvandarlıq məhsulları istehsalının 2,1 faiz artdığını bildirir.

Lakin Gömrük Komitəsinin məlumatlarına əsasən, əsas heyvandarlıq məhsullarının idxalının ciddi artdığı görünür. Bu ilin 6 ayı ərzində ət idxalı fiziki çəkidə 23,7%, dəyər ifadəsində isə 44,9% artıb. Süd idxalı fiziki çəkidə 8,5 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı fiziki çəkidə 58,9 faiz, dəyər ifadəsində isə 51,1 faiz artıb.

Azərbaycanda istehlak edilən bitki yağının 95%-i idxal edilir. İlk yarımildə bitki və heyvan mənşəli yağların idxalı fiziki çəkidə 23,3% artıb.

Bu ilin yanvar-iyun aylarında heyvandarlıq məhsullarının idxalının kəskin şəkildə artması isə ölkədə heyvandarlıqda vəziyyətin acınacaqlı olduğundan xəbər verir. Yarım il ərzində ət, süd və kərə yağı idxalı üçün ölkədən 140 milyon dollar vəsait çıxarılmışdır ki, bu da 5 il əvvəlki göstəricidən (73 milyon) 91,7%, 10 il əvvəlki göstəricidən isə (28,1 milyon dollar) 4,9 dəfə çoxdur.

Beləliklə, 2024-cü ilin birinci yarımilliyində yeyinti məhsullarının idxal göstəricilərinə nəzər yetirdikdə görürük ki, yeyinti məhsullarının idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9%, son 5 ildə 55,3%, son 10 ildə isə 2,2 dəfədən çox artıb.

İxracda da azalma müşahidə olunur

İşğaldan azad edilən torpaqlardakı 600 min hektarlıq sahə də heyvandarlıq və əkin dövriyyəsinə daxil edildiyindən ölkənin ümumi aqrar istehsalında ciddi artım olmalı idi. Nəinki yerli tələbatı ödəmək, hətta bir çox məhsullarda ixracı artırmaq potensialı da var. Lakin belə olmadı. Əksinə, idxalın artması ixracın azalması ilə müşayiət olunur.

İlk yarımildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas ixrac məhsullarından meyvə-tərəvəz ixracı fiziki çəkidə 7,7% azalıb. Kartof ixracı fiziki çəkidə 32,1% azalıb.

Yeri gəlmişdən, ilk 6 ayda kartof istehsalında azalma qeydə alıb. DSK-nın məlumatına görə, yanvar-iyun aylarında 358 min ton kartof istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17% azdır.

Fiziki çəkidə alma ixracında azalma 1,8%, nar ixracında 41,1%, fındıq ixracında 31% azalma var. Bir sıra digər məhsul ixracında da azalmalar var. Deməli, ixracın azalması nəticəsində ölkəyə gələn valyuta da azalır.

Göründüyü kimi, aqrar sektorda çox ciddi problemlər var. Dövlətin bu sahəyə çox böyük vəsaitlər ayırdığına, ciddi güzəştlər və yardımlar etdiyinə baxmayaraq sahəyə məsul orqanlar və məmurların yarıtmaz işi sayəsində ciddi inkişaf əldə edə bilmirik, əksinə geriləmə müşahidə olunur. Beləliklə, dövlətin bu qədər vəsaitləri də batmış olur.

Bu sahədəki problemlərə isə ilk növbədə Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşıyır. Nazirlik aqrar sektora elmi yanaşma qoya bilməməsi, effektiv idarəetmə və düzgün stimullaşdırma apara bilməməsi, regional və sektorial planlaşdırmanı qura bilməməsi, proqnozlaşdırma və preventiv tədbirlərin olmaması aqrara sektorda vəziyyəti tənəzzülə aparır.

Qlobal ərzaq böhranına hazırıqmı?

Beynəlxalq proqnozlara görə, qarşıdan qlobal ərzaq böhranı gəlir. İdxaldan asılı olan ölkələrin vəziyyəti yaxşı olmayacaq. Ona görə gə, bu sahədə çox ciddi islahatlar aparılmasına ehtiyac var. Həm kadr islahatı, həm stimullaşdırma, idarəetmə və planlaşdırma düztgün aparılmalı, həm elmi yanaşma ortaya qoyulmalı, həm texnika parkı gücləndirilməli, həm də fermerlərə yaradılan problemlər həll olunmalıdır.

Üstəlik, fermerlərin bazarlara çıxşı imkanlarının məhdudlaşdırılması şəraiti də aradan qaldırılmalıdır- bu gün sahələrdə 20-30 qəpiyə alınan meyvə-tərəvəzin iri şəhərlərdə 10 qat baha- 2-3 manata satılması məhz bununla bağlıdır. Yeri gəlmişkən, mövsümi meyvə-tərəvəz və digər məhsulların qiymətləri hər il yeni rekordlar vurur. Bu isə aqrar sektorda məhsuldarlığın azalmasını, xərclərin çoxalmasını, bazarlama probleminin olmasını, bir sözlə qeyri-düzgün idarəetməni göstərir.

Dövlət ilk növbədə kiçik sahibkarlara- fermerlərə dəstək verməlidir. Bu istiqamətdə ən effektiv proqramlardan biri də Özünüməşğulluq proqramı ola bilər. Proqrama müraciət edənlərə kəndlərdə, toxum, meyvə tingləri, mal-qara və sair təmənnasız təmin olunur. Bu proqramın büdcəsi və miqyası dəfələrlə artırılmalıdır- bu halda yüz minlərlə işsiz kəndli özünə iş yeri qurar, ölkədə ərzaq istehsalı artar, son nəticədə həm dövlət büdcəsinə vergi ödənişləri artar, həm sosial prolemlər azalar. Fikrimizcə, bu vəsaitlərin azı 90 faizi rayonlarda, kəndlərdə istehsal obyekti və ya təsərrüfatı yaratmaq istəyənlərə yönəldilməlidir.

Bunun üçün müvafiq maliyyə ehtiyatlarımız da var. Məsələn, xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığımız strateji valyuta ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar da, xammal da var, sadəcə istehsal avadanlıqlarını alıb gətirmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq.

Qlobal iqtisadi böhranlar, ekoloji problemlər, hərbi münaqişələr qlobal istehsalı və ölkələrarası ticarəti xeyi zəiflədib. Əgər qlobal vəziyyət bir qədər də gərginləşsə və ya dünyada digər gözlənilməz problemlər də yaransa, ölkələr öz ümidinə qalacaq. Bu şəraitdə biz istənilən qlobal böhranlara və fors-major hallarına hazır olmalıyıq. Bunun üçün də ölkəmizin potensialından maksimum istifadə etməliyik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Избранный
151
8
sesqazeti.az

9Источники