RU

"Qarabağ Universiteti Bakıdakı dövlət universitetlərindən daha reytinqli olacaq"

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Bəs ən çox müraciət edilən ixtisaslar hansılar oldu?

Bu barədə təhsil eksperti Ramin Nurəliyev Redaktor.Az-a açıqlamasında bildirdi ki, əsasən I və III qruplarda yüksək bal toplayan abituriyentlər oldu. IV ixtisas qruplarında isə digərlərinə nisbətən aşağı idi. Ən çox müraciət edilən ixtisaslar isə qruplara görə dəyişirdi:

"Məsələn, I qrupda kompüter yönümlü ixtisaslara, xüsusən informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və kompüter mühəndisliyi seçilirdi. Kimya və RK alt qrunda isə daha çox qida mühəndisliyinə tələbat oldu. Hətta qida mühəndisliyi neft-qaz mühəndisliyindən daha çox tələb olunan ixtisasa çevrildi, çünki qızlar da bu ixtisasa daha çox müraciət etdilər. II qrupda həmişə olduğu kimi maliyyə və iqtisadiyyat ixtisaslarına tələbat çoxdur. Mühasibatlığa maraq azalıb. III qrupda əsasən hüquq və dövlət ictimai münasibətlər seçilirdi. TC alt qrupunda isə beynəlxalq münasibətlərə tələbat daha çox oldu. IV ixtisas qrupunda isə tibb, daha sonra ən çox müraciət olunan ixtisaslar ictimai səhiyyə, fizioterapiya və s. idi. Tibbdən kənarda qalan yeni açılan biotexnologiya ixtisası idi ki, ona da kifayət qədər müraciət var idi".

Ekspertin sözlərinə görə, bütün ixtisas qrupları arasında Bakı Ali Neft Məktəbindən (BANM) sonra, ən çox tərcih edilən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) oldu:

"Həmçinin gözəl mənzərədir ki, yüksək bal toplayanların əksəriyyyətinin ilk seçimi Qarabağ Universiteti olub. Bir çoxu düşünürdü ki, Qarabağ Universitetinin balları aşağı olacaq, ancaq ixtisas seçimində gördük ki, yüksək bal toplayanlar elə Qarabağ Universitetini seçdilər. Bu da universitetin prestijini artırır. Qarabağ Universitetində yüksək səviyyədə təhsilin aparılacağı gözlənilir. Bu istiqamətə xüsusi diqqət ayrılır və düşünürəm ki, yaxın 3-5 il ərzində Qarabağ Universiteti Bakıdakı dövlət universitetlərindən daha yüksək reytinqə sahib olacaq. Bir çox abituriyent Bakıda rahatlıqla qəbul ola biləcəyi ixtisasları qoyub məhz Qarabağ Universitetinə üstünlük verdi. Çünki düşünülür ki, dövlətin xüsusi qayğısı olduğu üçün təhsili bitirdikdən sonra iş məsələsində müəyyən dəstək olacaq". 

Ramin Nurəliyev qeyd etdi ki, Türkiyə-Azərbaycan Universitetində İT sahəsinə aid ixtisas bir dənədir, ora müraciət edənlər oldu. Digər ixtisaslar isə çox tərcih edilmədi.

O, boş qalan plan yerlərindən də danışdı:

"Boş qalan plan yerlərində isə I qrupda daha çox yer oldu, V qrupda isə, ümumiyyətlə, boş plan yeri qalmadı. Çünki digər qruplara müraciət edə bilməyənlər V qrupa üz tuturlar. Həm də V qrupda qabiliyyət tələb edən ixtisasların sayı da kifayət qədərdir. Buraxılış imtahanının asanlığı da buna təsir edib və V qrupda qabiliyyətdən asılı olmayaraq ballar qalxdı. I qrupda isə boş yerlərin çox olmasının əsas səbəbi düzgün ixtisas seçiminin aparılmaması ilə əlaqədardır. Balı az olan abituriyentlərin sayı da kifayət qədərdir, ona görə ki, bəzi universitetlərdə limitli ixtisaslar var, yəni 150 ballıq ixtisaslardır və abituriyentlər məcbur qalıb meşəçilik, şərabçılıq kimi ixtisaslara müraciət etdilər. Bu ixtisasları da 3 mindən çox abituriyent seçdi". 

Sevinc İBRAHİMZADƏ

Избранный
163
44
hurriyyet.az

10Источники