RU

Tələbələr oxumaq istədikləri ixtisasları seçməyə daha çox maraqlıdırlar - RƏY

Gənclərin bilik səviyyəsinin artmasında, əhatə dairəsinin genişlənməsində, eyni zamanda informasiya ilə təmin olunmasında elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarının müsbət istiqamətdə mühüm rolu var. Bu gün ölkəmizdə cəmiyyətimizin daha da savadlanması, dolğun məlumatlara sahib olması üçün əlverişli şərait, geniş imkanlar yaradılıb. Dövlətimizin bu istiqamətdə gördüyü işlər isə danılmazdır. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak etməsi bunun bariz nümunəsidir. Onlardan 55 656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Açıqlanan statistik göstəricilər deməyə əsas verir ki, ali təhsil müəssisələrinin sayının artması, ölkədə keçirilən imtahanlarda yaradılan əlverişli imkan bu gün təhsil almaq istəyən hər kəs üçün yaşıl işıq yandırır. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Səbuhi Abdullayev deyib ki, builki imtahanlar ötən illə müqayisədə rahat olması ilə seçilib: 

Fənn

“Xüsusən də, buraxılış imtahanı. Bu, təkcə fərdi subyektiv fikirlərimiz deyil. Ali təhsil müəssisəsində dərs deyirik. Birinci kurs tələbələri və builki buraxılışlarla danışırıq. Müqayisə etdikdə görünür ki, ötənilki buraxılışlar çox narazıdırlar. Bildirirlər ki, imtahan həddən artıq çətin idi, bu ilki buraxılışlar üçün isə rahat olub. Bu, danılmaz faktdır. Elə bu səbəbdən nəticədə cari ilin balları yuxarı qalxdı. Hətta rekord buraxılış olan 685 bal 687-yə qalxdı. Aşağı nəticələr də nisbətən yuxarı qalxıb. Digər tərəfdən yeni ali təhsil mərkəzlərinin açılması, peşə məktəblərinin sayının artması qəbula nisbətən kömək, dəstək məqsədi daşıdı. Xüsusən də, Qarabağ Universitetini, Türkiyə-Azərbaycan Universitetini vurğulamaq olar. Bu il gözlənildiyi kimi Qarabağ Universitetində keçid balları kifayət qədər yüksək olub”. 

 

Ekspert vurğulayıb ki, ölkədə elmi-kütləvi proqramların hazırlanmasına, yenilənmələrə daim ehtiyac var: “Zamanın tələbi və süni intellekt olduqca sürətli şəkildə inkişaf edir, işləri rahatlaşdırır. Təhsil proqramlarında dəyişikliklərə də çox böyük ehtiyac var. Belə ki, elə ixtisaslar var, onlar fundamentaldır. Bu ixtisası 4 il, bəzən 5-6 il oxumaq vacibdir. Riyaziyyat, fizika, kimya, tibb sahələri və s. Ancaq elə ixtisaslar var, onları 4 il oxumağa ehtiyac yoxdur. Məsələn, tərcümə ixtisasını 6-8 ay, maksimum 12 ay oxumaqla öhdəsindən gəlmək mümkündür. Mühasibatlıq da 6 ay oxumaqla beynəlxalq sertifikat almaq mümkündür. Bu qəbildən olan bəzi ixtisasların da tədris ilini azaltmağa böyük ehtiyac var”. 

 

Təhsil eksperti Vüsal Kərimli də ötən illə müqayisədə bu il qəbul ballarının  artması məsələsinə toxunub:

 

Tədris

 

“Yüksək balla kəsilən tələbələrin çoxluğunu müşahidə etdik. Bu isə onun göstəricisidir ki, tələbələr hansısa ixtisasa düşməyə deyil, yalnız və yalnız oxumaq istədikləri ixtisasları seçməyə daha çox maraqlıdırlar. Artıq gənclərimiz karyera planlamasını düzgün edə bilirlər. Digər məsələ budur ki, təhsil proqramlarının hazırlanması, daha savadlı abituriyentlərin yüksək balla universitetə qəbul olmaları universitetlər üçün də bir çağırış kimi görünəcək. Artıq onlar daha məsuliyyətli olmalı, 4 illik və ya iki illik təhsil proqramlarının hazırlanmasında əmək bazarının müəyyən tələblərini nəzərə almalı və buna diqqət etməlidirlər”. 

 

Ekspert hesab edir ki, hamısı olmasa da, müəyyən universitetlər kütləvi elm istiqamətində inkişafı prioritet və hədəf qoyublar: “Bunun üçün də universitetlər beynəlxalq tədqiqatçılarla, elmi mərkəzlərlə əməkdaşlıq etməyə başlayıblar. Elmi məqalələrin yazılması, birgə layihələrin aparılması məsələsi də gündəmdədir. Bu məsələlər bütün universitetlər tərəfindən olmasa da, bir neçə universitet tərəfindən uğurla icra edilir. Düşünürəm, bu il tələbələrin ümumi göstəriciləri çox yaxşıdır. Amma bir nüans var ki, bu yaxşı olmaq və tələbələrin yüksək bal topalamaları buraxılış imtahanlarının daha çox orta ümumtəhsil məktəblərinin proqramlarına uyğun olması hesabına olub”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 24 Avqust 2024, 16:44   
Избранный
172
44
pravda.az

10Источники