Azərbaycan Prezidenti İlham Əliyev oktyabrda Kazanda keçiriləcək BRİKS sammitinə dəvət alıb. Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Bildirilir ki, Moskva Bakının müvafiq assosiasiyaya üzv olmaq üçün müraciətini dəstəkləyir: “Biz Azərbaycan müraciətini dəstəkləyirik. Biz inanırıq ki, bu, BRİKS-ə qoşulduqdan sonra əlavə dinamika və unikal təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək təcrübəsi gətirəcək güclü namizəddir. Hazırda biz tərəfdaş dövlətlər kateqoriyası üzərində işləyirik və möhtərəm Prezident İlham Əliyevin dəvət olunduğu Kazanda keçiriləcək sammit üçün keçən il verilən tapşırıqlara uyğun olaraq, tərəfdaş dövlətlərin müəyyən siyahısını hazırlayacağıq”. Qeyd edək ki, BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. Cənubi Afrika 2011-ci ildə, 1 yanvar 2024-cü ildə isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Bu il assosiasiyaya Rusiya sədrlik edir. Əsas tədbir oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammiti olacaq.