RU

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən NAMİZƏD: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Məclisə seçkilər yaxınlaşdıqca, barəsində bəhs etdiyimiz namizədlər, görünən odur ki, onlarla bağlı yazdığımız materialları qulaqardına verib, yenə də öz işləri ilə “məşğul” olmaqda davam edirlər.

NOCOMMENT.az xəbər verir ki, yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazılarda bu gün bir daha 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyini verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva barədə məlumatları paylaşırıq.

1989-cu ildən pedaqoji fəaliyyətə başlayan xanım Vəliyeva Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 6 oktyabr 2023-cü ildə isə Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Qeyd edək ki. uzun illər Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, sahiblik edib. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilməsi barədə media orqanlarında silsilə məlumatlar yayılıb. Məlumatlarda rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşdığı qeyd edilir.

Saytımızda onunla bağlı gedən qısa yazını bir daha oxucularımıza təqdim edirik:

“Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.

İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.

Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.

Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar”.
Mehriban xanımla bağlı əsas qalmaqal isə Milli Məclisin VI çağırış deputatı olmuş Etibar Əliyevin onunla bağlı səsləndirdiyi fikirlər olub. Sabiq deputatın məqaləsindən qısa məlumatı təqdim edirik:

“Son zamanlar Orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə “5-ci kolon”un nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır.

Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diktəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:

Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Bağçalar bu quruma tabe etdirildikdən sonra bağça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.

Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir;

Məktəblər repetitorlara arendaya verilib;

Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər;

Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir;

Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün respublika bilir;

Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir;

Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir;

Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır.

Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər…”

Uzun sözün qısası, Azərbaycan təhsilini məhv edib onun gününə ağlayan Mehriban Vəliyevanın bu gün deputatlıq eşqinə düşməsinin səbəbi indi daha çox anlaşılandır.

Избранный
75
16
nocomment.az

10Источники