RU

ABŞ-da yaşayan azərbaycanlı gənclərin ilk forumu keçirilib

ABŞ-ın Corc Vaşinqton Universitetində bu ölkədə yaşayan azərbaycanlı gənclərin ilk forumu keçirilib.

“İki sahil” xəbər verir ki, forumda ABŞ-ın 20-dən çox ştatında yaşayan tələbə-gənclər, diaspor nümayəndələri, elm adamları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və ABŞ-ın Dövlət himnləri səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib. Amerika-Azərbaycan Gənclər Federasiyasının prezidenti Leyla Aslanova vətəndən uzaqda yaşasalar da, mənəvi bağlarının güclü olduğunu bildirib. Onun sözlərinə görə, xaricdə yaşayan gənclər öz vətənlərinin inkişafına töhfə vermək üçün istənilən imkanları dəyərləndirməlidir. O, əlavə edib ki, əvvəlki nəsillər Azərbaycanın adının ucaldılması üçün çox böyük səylər göstəriblər və indi gələcək nəsillər üçün firavan həyat qurmaq müasir gənclərin əlindədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında bu kimi forumların xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müzakirələrin aparılması, problemlərinin dinlənilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O, avqustun əvvəlində komitə tərəfindən Laçında gənclərin V Yay Düşərgəsinin keçirildiyini xatırladaraq, bu tədbirlərin artıq işğaldan azad olunmuş torpaqlarımızda reallaşdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan dövləti diaspor fəaliyyətlərinə güclü dəstək verir və eyni zamanda komitə də bir çox layihələr həyata keçirir. “Siz bu gün qalib dövlətin gənclərisiniz, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş dövlətin vətəndaşlarısınız. Siz burada yaxşı təhsil almaqla, bütün fəaliyyətinizlə Azərbaycanı təmsil etmiş olacaqsınız”,- deyə Elşad Əliyev əlavə edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov belə bir tədbirin keçirlməsinin böyük nailiyyət olduğunu deyib. Onun sözlərinə görə, burada azərbaycanlılar bir sıra uğurlar əldə ediblər və indiki gənclər bu nailiyyətlərin davamçıları olacaqlar. V.Qurbanov səfirliyin gənclərin fəaliyyətlərinə hər zaman dəstək verdiyini vurğulayıb.

Tədbirdə Corc Vaşinqton Universitetinin professoru Sevinc Məmmədova, Azərbaycan-Amerika Təşkilatları Alyansının prezidenti Minəvvər Vahabova çıxış ediblər. Onlar tələbə və diaspor nümayəndəsi kimi fəaliyyətlərindən, üzləşdikləri çətinliklərdən danışıblar. Qeyd olunub ki, hər bir azərbaycanlı istənilən addımında həm də Azərbaycanı təmsil etmiş olur. Çıxışlarda ABŞ-da təhsil alan gənclərinin sayının gündən-günə artmasından sevinc ifadə olunub.

Tədbirdə “Gənclərin təhsil vasitəsilə inteqrasiyası”, “Azərbaycanəsilli amerikalıların yeni nəsli: Mənim dünyam, ruhum, gözləntilərim”, “Mən mümkünəm”, “Xəyal et, inan, buna nail ol: dəyişiklik naminə gənclərin birliyi” mövzularında panel müzakirələri aparılıb.

Çıxışlarda forumun əhəmiyyəti, azərbaycanlı gənclərin ABŞ-a inteqrasiyası, xaricdə təhsilin və işlə təmin olunmanın çətinlikləri və yolları, gənclərin şəbəkələşməsinin əhəmiyyəti və gələcək fəaliyyətdə hədəflər, icmanın və Azərbaycan dövlətinin hər zaman gənclərə dəstək olması diqqətə çatdırılıb.

Forumda, həmçinin Diaspor Gənclərinin Laçında keçirilən V Yay Düşərgəsi, şəhidlərə həsr olunmuş “Tarix dərsi” adlı videoçarx, həmçinin Diaspor marşı nümayiş olunub.

Forum milli musiqimiz və milli rəqslərimizin nümayiş olunduğu bədii hissə ilə davam edib, həmçinin gənclərin breyn-rinq yarışı təşkil edilib.

Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib və “Birlikdə” adlı videoçarx nümayiş olunub.

Избранный
113
31
ikisahil.az

10Источники