RU

Ermənilərin və Ermənistanın bəlası – yalan, yaxud Paşinyanın aldatmaq cəhdi – ŞƏRH

Ermənistanın və ermənilərin başbiləni hökumət başçısı Nikol Paşinyandır. Baş nazir isə yalan danışır. Bütün bəlalar da bundan doğur. Baş nazir avqustun 31-də keçirdiyi mətbuat konfransında yalanlarına bəzi həqiqətləri bulaşdıraraq ölkə və beynəlxalq ictimaiyyətə sırımağa çalışıb.
Nikol Paşinyan ötəngünkü açıqlamasında saxtakarlıqla bildirib ki, Azərbaycan İtaliyadan silah-sursat alıb. Baş nazirin bu iddiası tamamilə gülünc və yalandır. Çünki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb. Bu isə hərbi xarakterli və silah deyil.
Paşinyan yenə yalandan iddia edib ki, guya Azərbaycan Ümümdaxili Məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Bu vəsaitlərin hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusu olaraq qalır.
Məsələn, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub.



Bu, işğalçılığına görə ordusu darmadağın edilmiş bir ölkənin yenidən silahlanması üçün edilən məlum yardımdır. Müxtəlif layihələr, hərbi manevrlər və s. istiqamətlərdə Ermənistanın hərbi sahəsinə dəstək verildiyi də istisna olunmur. Bu isə ölkədə ÜDM 6 faizindən xeyli artığını təşkil etdiyini ehtimal etməyə əsas verir.
Yeri gəlmişkən, 2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur.
Nikol Paşinyan bildirib ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir? Həqiqətən də baş nazir özünü “balıq yaddaşlı” kimi aparır. Bəzi fikirləri isə instinktiv olaraq söyləyir. Onun indi başçılıq etdiyi ölkə və mənsub olduğu etnik qrup Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, 300 minə yaxın azərbaycanlını ölkədən qovaraq onları vətəndaşlıq hüququndan məhrum edib.
Onun yenidən silahlanmasının region üçün təkrar faciələr yaşatmayacağına kim zəmanət verə bilər?
Bununla belə onun silahlanmasına beynəlxalq ictimaiyyət göz yumur. Hətta ABŞ, Fransa, Avropa İttifaqı, Hindistan, İran və başqaları onun silahlanmasına yardım edir. İkinci dünya müharibəsi bitdikdən sonra işğalçılıq etdikləri üçün uzun illər Almaniya, İtaliya, Yaponiya və başqa ölkələrin silahlanmasına, ordu saxlamasına məhdudiyyətlər tətbiq edilmişdi. İndiyədək Yaponiyanın rəsmi ordusu yoxdur. Bu ölkəyə nüvə silahı hazırlamaq qadağan edilib və s. Yaxud, Küveytin ərazisinə təcavüz etdiyi üçün İraqın silahlanmasına məhdudiyyət tətbiq edilmişdi.

Ancaq Ermənistanın hərbi vəsaitləri əldə etməsinə nəzarət mexanizmi yoxdur. Habelə silahlandıqdan sonra onun əldə etdiyi hərbi texnikanı yenidən işğalçılıq məqsədi ilə tətbiq etməyəcəyinə zəmanət verilmir.
Ona görə də Azərbaycan vaxtı ilə təcavüzə məruz qaldığından özünü müdafiə və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə silahlanmağa məcburdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisindən beynəlxalq əhəmiyyətli marşrutlar keçir. Bu baxımdan onların təhlükəsizliyini terror və başqa hücumlardan qorumaq üçün də hərbi texnika, qurğulara ehtiyac var. Rəsmi Bakının silahlanma ilə bağlı fəaliyyəti şəffafdır. O, büdcədənkənar məlum olmayan yardımlarla ordu qurmur.
Nikol Paşinyan öz yanlışlıqlarını, işğalçı niyyətlərini gizlətmək üçün özündən Azərbaycan konstitusiyasına “əlavə” edib. O, ağ yalanları ilə beynəlxalq ictimaiyyəti üç ilə yaxındır aldadır. Cənubi Qafqazda sülh tərəfdarı olanlar rəsmi İrəvandan ölkənin əsas qanununa dəyişikliklər etməyi haqlı olaraq istəyir.
Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən regional vəziyyətə toxunaraq bildirib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır: “Bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və Konstitusiya dəyişdirilməlidir”.

Azərbaycan lideri qeyd edib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil: “Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir”.
Ermənistan rəsmiləri isə indi də çıxış yolu olaraq iki istiqamətdə təbliğat aparır: birincisi, ədliyyə naziri Qriqor Minasyan bildirib ki, 2027-ci ildə konstitusiya dəyişikliyi ilə referendum keçirəcəklər; ikincisi isə Nikol Paşinyanın Azərbaycanın Əsas Qanununa şər-böhtan atması.
O, yenə yalandan bildirib ki, Azərbaycanın bu baş qanununda hansısa dövlətə qarşı ərazi iddiasına dair maddə var.
Bir ölkənin baş nazirinin belə 40 gün deyil, heç 40 an ömrü olmayacaq yalan danışması heç bir siyasi davranışa sığmır.



Azərbaycan Konstitusiyasında başqa ölkələrə qarşı ərazi iddiası yoxdur. Paşinyanın təhrif etdiyi preambulada bu müddəa var: “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq”.
Ermənistan hökumətinin başçısının ermənilərə xas olmayan bir məsələni də Azərbaycanın Əsas Qanunundan oxuması vacibdir: “Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”.
Atalar sözüdür: “Yalançının yaddaşı olmaz” deyiblər. Bu, təsdiqini daha aydın tapır. Paşinyan bu il fevralın 1-də ölkəsinin “İctimai Televiziya”sına müsahibəsində Ermənistan əsas qanunun yarıtmazlığını bir daha bəyan edərək bildirmişdi ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: “Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq”.
O, qonşularla münasibətləri inkişaf etdirmək, yaxşılaşdırmaq üçün ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb.
1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin sədri L.Ter-Petrosyan və Ali Sovetin katibi A.Saakyanın imzaladığı “Ermənistanın müstəqilliyi haqqında Bəyannamə”də isə vurğulanıb: “Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, bütün ermənilərin arzularının həyata keçirilməsində və tarixi ədalətin bərpasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının dekabr tarixli birgə Qərarına əsaslanaraq, İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin prinsipləri və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normaları, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirən 1989-cu il 1 saylı “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirmək…” . Həmin sənədin ikinci bəndi isə belədir: “II Ermənistan Respublikası beynəlxalq səviyyədə tanınma davasını, 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda erməni soyqırımını dəstəkləyir”.

Sənədin 12-ci maddəsində isə yazılıb: “Bu Bəyannamə Respublika Konstitusiyasının hazırlanması üçün əsasdır”.
Bu, Ermənistan Konstitusiyasının təcavüzkar olduğunu, ermənilərin “Qarabağın Ermənistana biləşdirilməsi” kimi “miatsum” xülyasından xilas olmadığını təsdiqləyir. Nikol Paşinyan və komandasının Qarabağın Azərbaycan, Ağrı dağının isə Türkiyəyə aid olduğuna dair verdikləri açıqlamaları əməli olaraq təsdiqləməsi münasibətlərin normallaşmasına təkan verər.
O, bir tərəfdən ikitərəfli birbaşa əlaqələrin tərəfdarı olduğunu bildirir, digər yandan isə ATƏT-in keçmiş Minsk qrupunun ləğv edilməsini birmənalı olaraq demir. Bu məsələ üzərində iddialar isə manipulyasiya xarakterlidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Minsk qrupu tarixdə qalıb. O, avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: “Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!”.



Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsində də riyakarlıq edib. Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini 30 il blokadada saxlayıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra da bu proses davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışıb ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Rəsmi İrəvanın xoşməramlı olduğunu nümayiş etdirmək üçün əvvəlcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyanın açılmasına imkan yaratması vacibdir. Başqa nəqliyyat məsələlərinə isə sonra baxıla bilər. Çünki Ermənistan hakimiyyəti Azərbaycanın etimadını hələ qazana bilməyib. Odur ki, rəsmi Bakının öz vətəndaşlarının taleyini Ermənistanın ümidinə buraxması mümkünsüzdür. Çünki tarix Ermənistanın belə hallarda necə davrandığı dəfələrlə təsdiqləyib.
Beləliklə, Nikol Paşinyanın çıxışından altı məqama diqqət çəkdik. O, açıqlamaları ilə regiondakı həqiqətləri təhrif edib. Baş nazirin çıxışı ölkəsinə, ona etibara, etimada və inama bir daha zərbə vurub. Hökumət başçısı bu yalanlarla yalnız yüz ildən artıqdır “dənizdən dənizə” kimi xülyalara inanan erməniləri aldada bilər. Çünki onlar bir-biri ilə belə davranışa adət edib. Ancaq beynəlxalq ictimaiyyətə yalan demək tərbiyəli hökumət başçısına yaraşmaz. Paşinyan yerisə də, “yalan ayaq tutar yeriməz”.
Sədrəddin İsmayılov,
Report.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
40
arantv.az

10Источники