RU

BDU-nun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. BDU-dan SİA-ya bildirilib ki, rektor Elçin Babayev 105 illik yubiley münasibətilə universitetin kollektivini, tələbə və məzunlarını təbrik edib. Bildirib ki, Bakı Dövlət Universiteti fəaliyyəti dövründə çətin və şərəfli bir yol keçib. 105 il ərzində BDU milli şüurun, Azərbaycan elminin və təhsilinin inkişafına misilsiz töhfələr verib, ölkəmizin intellektual elitasının yetişdirilməsində önəmli rol oynayıb. O dövrdə universitetin müəllim və tələbələri maarifçilik ideyalarını xalq arasında yaymaq üçün fədakarlıqla çalışıb. İllər keçdikcə BDU yalnız respublikamızın deyil, bütövlükdə regionun ən aparıcı elm və təhsil mərkəzlərindən birinə çevrilib: “Bakı Dövlət Universiteti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin parlaq nümunəsidir. 1969-cu ildə BDU-nun 50 illik yubiley tədbirləri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük təntənə ilə qeyd olunub. 50 illik yubiley tədbirlərinin ən yaddaqalan məqamlarından biri keçmiş sovet hakimiyyətinin güclü təbliğat maşını ilə qarşı-qarşıya qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək, ana dilimizdə, Azərbaycan dilində çıxış etməsi olub. Bu addım həmin dövrdə böyük bir cəsarətin və milli ruhun təzahürü idi. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Bakı Dövlət Universiteti milli oyanışın mərkəzi, elm və təhsilin flaqmanı kimi bu gün dünya səviyyəli təhsil müəssisəsi kimi tanınıb. Ümummilli Liderin “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı universitetə olan dərin bağlılığını və BDU-nun onun həyatında oynadığı mühüm rolu ifadə edirdi”.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə universitetin 100 illik yubileyi böyük təntənə ilə qeyd olunub: “Bu yubiley yalnız universitetin deyil, bütövlükdə Azərbaycanın elm və təhsil tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qalıb. BDU-nun 100 illik yubiley mərasimində Prezident İlham Əliyevin iştirakı və proqram xarakterli çıxışı isə universitet kollektivi qarşısında yeni və daha böyük hədəflər müəyyənləşdirib. Bu çıxış BDU-nun gələcək inkişaf istiqamətləri və universitetin Azərbaycan cəmiyyətindəki rolu haqqında aydın təsəvvür formalaşdırıb. Prezident İlham Əliyev bu tarixi çıxışında BDU-nun ölkəmizin həyatında müstəsna rolunu xüsusi vurğulayıb və universitetin 100 illik fəaliyyəti ərzində ölkənin müxtəlif sahələrində müvəffəqiyyətlə çalışan 200 minə yaxın məzun yetişdirdiyini qeyd edib. BDU-nun 100 illik yubileyindən ötən beş il ərzində universitet dövlətimizin yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlu fəaliyyətini ardıcıl davam etdirir”.

Elçin Babayev bildirib ki, hazırda BDU-da tədris tarixi ənənələrin və müasir dünya təcrübəsinin sintezində, innovativ təlim texnologiyaları əsasında qurulur. Elmi-tədqiqat işlərinin məzmunu da günün tələblərinə uyğun olaraq yenilənir. 105 il əvvəl universitet yalnız 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayıb. Bu gün isə BDU müasir dövrün ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. BDU-nun tərkibində 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 5 elmi-tədqiqat mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. BDU-da ali təhsilin bütün səviyyələrində təhsilalanların sayı 25 minə yaxındır: “105 illik yubiley BDU-nun keçmiş uğurlarını təqdir etmək və gələcək inkişaf yolunda yeni hədəflər müəyyən etmək üçün bir fürsətdir. Bizim əsas məqsədimiz Bakı Dövlət Universitetini dünyanın ən qabaqcıl elm və təhsil mərkəzlərindən birinə çevirmək, qlobal miqyasda tanınan bir universitet olaraq fəaliyyətimizi davam etdirməkdir”.

Daha sonra BDU-nun Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Tarix fakültəsinin Asiya və Afrika ölkələri kafedrasının müdiri dosent İqbal Ağayev, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin doktorantı Elmira Talıbzadə çıxış ediblər. Çıxışlarda müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan universitetin milli kadr hazırlığında, elm və təhsilin inkişafında, xalqımızın qədim tarixinin, mədəniyyətinin araşdırılmasında, ana dilimizin qorunub saxlanılmasında, vətənpərvərlik, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynadığı vurğulanıb. Çıxışçılar BDU-nun bu müqəddəs missiyanı uğurla davam etdirəcəyinə əminliklərini bildiriblər.

Избранный
123
50
sia.az

10Источники