RU

Maya İmran: "Televiziyanı sevə-sevə oradan ayrıldım"

"Yeni Azərbaycan"  AYB-nin üzvü, Prezident təqaüdçüsü yazar-jurnalist Maya İmranla  müsahibəni təqdim edir.

- Maya xanım, özünüzü daha çox jurnalistikada görürsünüz, yoxsa yazıçı olaraq ədəbiyyatda?

- 2014- ci ildən jurnalist olaraq fəaliyyət göstərirəm. Lakin içimdə hər zaman yazıçılıq ruhu var idi. Hətta universitet vaxtlarımdan müxtəlif sayt, qəzet və jurnallarda yazılarım çıxırdı. Təbii ki, o zaman yazılarım elmi araşdırmalarla bağlı olurdu. Bədii-publisist janrda 2018-ci ildən yazmağa başladım. Televiziyada çalışdığım 10 il ərzində yazdığım hər süjet mətnində də, əslində, publisistika var idi. Yəni, mənim yazdığım müxbir, redaktor mətnində də az da olsa yazıçı qələmim hiss olunurdu. Bəlkə də məni, çalışdığım mühitdə fərqləndirən elə bu idi. Aparıcı kimi efirə çıxdığım zamanlarda da sıradan mövzulara bədii ruh qatmağa çalışırdım. Zamanla başa düşdüm ki, yazıçılıq, yazmaq məni xoşbəxt edir.

- Kifayət qədər maraqlı hekayələriniz, məqalələriniz var. Şeirlə aranız necədir? Yazırsınız?
 

- Şeir yazmamışam, lakin səsləndirməyi çox sevirəm. Ümumiyyətlə, düşünürəm ki, insan özünü hər sahəni sınamamalıdır, bir sahədə peşəkarlaşmalıdır. Mənim düşüncələrim nəsrdə daha gözəl ifadə şəkli alır. Natamam, təsirsiz şer yazıb, özümü həm də şair adlandırmağım vicdansızlıq olar. Şairlərə haqsızlıq etmiş olaram.
Kifayət qədər istedadlı şairlərimiz var və onları oxumaq, eyni zamanda səsləndirməklə kifayətlənirəm. Qiraətçi kimi alqışlanıram.

- Gənc şairlərdən daha çox kimləri oxuyursunuz?
 

- Taleh Mansur, Eminquey, Şəhriyar Del Gərani, Habil Rzanurun şerlərini çox bəyənirəm. Bəzilərini hətta səsləndirmişəm.

- Kifayət qədər hekayələriniz var. Kitab çap etdirməyi düşünürsünüzmü?

- "Kifayət qədər" deməzdim... Özümə qarşı həmişə tənqidi yanaşmışam. Bəlkə də daha böyük uğur üçün insan öncə özü özünü, yazdığı hekayələri tərif etməlidi, amma mən bu üsuldan qaçıram. Düşünürəm ki, kitab çap etdirmək böyük məsuliyyətdir. Yəni, yazıçını o kitaba yüzlərlə kitab gətirib çıxarmalıdır, təkcə ani cəsarət və bir az maddi dəstək deyil. Kitab müəllifi olmağa təkcə o kitabı dərc etdirmək üçün vəsait və o səhifələri doldura biləcək qədər yaradıcılıq kifayət etməməlidir. 
İstəyirəm ki, mənim oxucum romanımı oxuyanda ətrafındakılara da tövsiyə etsin, haqqında müzakirələr etsinlər, bu barədə bədii mübahisə olsun. Heç olmasa, üç-beş gün əsərimin təsirində qalsın. Bax belə bir romanı yazıb bitirmiş olanda nəşr etdirəcəm. Əks halda, nə ehtiyac var "kitab" xətrinə kitab nəşr etdirməyə?

- Yaradıcı insanla yaşamaq, yola getmək bir az çətindir. Onun öz dünyası, öz duyğuları olur. Belə deyək yəni ilhamı gəldimi oturub yazmalıdır.  Belə olanda sizdə vəziyyət necədir?

- Biraz çətin olur. Yaradıcı adamlar həssas və kövrək olurlar. Bəzən adi adamların görə bilmədiyi bir məqamı biz görə bilirik. Elə vaxt olur ki, yolda mövzu gəlir ağlıma. Hətta obrazların adına, hadisələrin gedişatına qədər nizamlanır beynimdə. Avtobusda, metroda da olsam, imkan tapıb yazıram. Düşünürəm ilham gəldisə, yazmalısan, redaktəsini sonra etmək olar. Ailə, uşaqla reallıqdan, məişətdən uzaqlaşıb, bədii aləmə qapılmaq çətin olur. Amma mümkünsüz deyil. Əgər yazıçı olaraq bu ruhunu rahatladırsa, mütləq ki, uyğun zaman və şərait tapıb, özünü cümlələrin ixtiyarına verəcəksən.
Həyat yoldaşım yaradıcılığa uzaq olmasa da, şeirə, ədəbiyyata uzaq adamdır. Amma hekayələrimi oxuyandan sonra məni daha yaxşı anlamağı bacardı.

- Sizin üçün ailə modeli necədir?
 

- Tolstoyun "Anna Karenina" əsərində bir cümlə var: "Xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir". Əslində, xoşbəxt ailə modeli üçün fövqəltəbii heç nə tələb olunmur. Bir cütlük qarşılıqlı sevgi və sədaqət hissi ilə münasibətlərini ailəyə çevirə biliblərsə, artıq əsas mərhələni geridə qoyublar, deməli. Qalır o dəyərlərə sadiq olmaq. Bir ailədə kişi öz öhdəliklərini yerinə yetirirsə və bundan məmnundursa, qadın öz missiyasından zövq alırsa, heç bir vəziyyətdə “üstünlük” iddiası, mübarizəsi yoxdursa, bu iki insan “BİZ” ola bilibsə, məncə, o cütlük də, o ailədə böyüyən uşaqlar da xoşbəxtdirlər. Dəyərlərə bağlılığı sındırmaq olmaz. Münasibətləri qəlizləşdirmədikcə, hər şey öz qaydasında gedəcək. Bu mövzuda ağıllı olmaq çətindir. F.Dostoyevski demiş, ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır. Mən, sadəcə, öz fikirlərimi bölüşürəm.

- Uzun müddətdir, çalışdığınız işinizdən ayrılmasını bir çox medialar maraqla qarşıladı. Səbəbini nədə görürsünüz?
 

- Səbəbini özüm də bilmirəm. Əslində, belə səs-küy doğurmasını istəməzdim. İş mühitini dəyişmək qeyri-adi hadisə deyil axı.. O vaxta qədər yaxşı mənada danışılacaq və müzakirə olunacaq işlər görmüşəm, lakin insanlar bu qədər maraqla qarşılamayıblar. Axı indi insanların maraq göstərdikləri məzmunlar, səbəblər dəyişib. Təəssüf ki. Hətta bəzi adamlar bunu sifarişlə etdiyimi düşünürdülər. İşə gəldim və gördüm ki, bütün saytlar bu barədə paylaşım edib. Düşünürəm ki, burada böyüdüləcək bir şey yoxdur. İnsanların bu xəbərə reaksiyası da birmənalı deyildi. Bu, heç mənə də xoş deyil. Ancaq həmin xəbərləri oxuyandan sonra televiziyadan ayrıldığımı dərk etdim. Sanki, özüm də özümə tamaşaçı kimi kənardan baxdım. O zamana qədər mən televiziyaya, sadəcə, işim kimi yanaşırdım, tamaşaçı kimi baxa bilmirdim.

- Bəs nəyə görə ayrıldınız?

- Ümumiyyətlə, televiziya elə bir yerdir ki, nə vaxtsa ordan uzaqlaşmalısan. Bu məkan yalnız gənclik illərində sənə cazibədar və işıqlı görünə bilir. Gənclik həvəsi televiziya sevgisi ilə birləşəndə mükəmməl işlər ərsəyə gəlir. Zamanla başa düşürsən ki, bu sevgi tükənmədən ayrılmaq lazımdır ki, uzun illər xoş xatirələrlə xatırlayasan. Televiziyanı sevə-sevə oradan ayrıldım. İstədim ki, hafizəmdə onu xoş xatırlayacağım xatirələr qalsın. Məzmun, maraqlar, zövqlər dəyişilib və tələb olunan zövqdə olmadığını başa düşdüm. Mən özlüyümdən, kimliyimdən çıxa bilmədim. Bilməyəcəm də. Çünki bunu istəmirəm. İndi hər kəs- təkcə efir adamları yox, siravi insanlar lazımsız iddialar arxasındadırlar. Baxımlı olsun, diqqət mərkəzində olsun, gözəl olsun, hər kəs ondan danışsın – sanki, belə bir tendensiya yaranıb. Əksəriyyət bu istəyə yoluxub. Anlamırlar ki, insan sadəcə xoşbəxt olmağa çalışmalıdır. Daxilini xoş tutan, rahat edən işlərlə, nəsnələrlə məşğul olmalıdır. Axı ömür müvəqqətidir, mahiyyətsiz mövzulara qapılmamalıyıq. Hər kəs gözəl görünən, amma mahiyyətsiz nələrinsə arxasınca sürətlə qaçır və onu xoşbəxt edə biləcək kiçik səbəblərin ayağı altında qaldığını hiss etmir.

- Ölkəmizdə qadın yazarlarının kifayət qədər uğurlu olmadığını deyirlər. Bununla razısınız?
 

- Bunu deyənlərin tutarlı, əsaslı səbəbləri olmalıdır. Məsələn, son günlərdə Samirə Əşrəfin “Divanın altı” hekayəsini oxudum, çox bəyəndim. Magistratura dissertasiyasını yazanda yazıçı Nərmin Kamalın multikulturalizm barədə fikirlərindən yararlanmışdım.  Gənc olmasına baxmayaraq, o fəlsəfi araşdırmalar aparmaqla yanaşı, həm də ən çətini - qadınlıq missiyasını həyata keçirir. Belə bir qadın yazarı olan ədəbi mühit necə qadın yazarlarının mükəmməlliyinə şübhə edə bilər? Baxın, yaxşı kişi yazıçısının hər bir uğurunda, oxunaqlı əsərində bir az da qadının payı var. Çünki az da olsa ona anlayış göstərib, onun üçün sakit mühit yarada bilib, həyat yoldaşının yaxşı nəticə əldə etməsi üçün üzərinə düşən hər şeyi edib. Amma uğur yenə də yazarın özünündür. Sırf yazıçı qadınları nəzərdə tutaraq deyirəm ki, heç bir halda, qadın növbəti hekayəsini yazsın deyə, kişi onun əvəzinə yemək bişirməz. Qadın sosial-ictimai həyatdakı uğurlarını, paralel olaraq məişətdəki rolunu icra edərək qazanır. Bu, çox çətindir. Qısacası, qadının əldə etdiyi uğur onun bütün gücünün nəticəsi deyil. Qadın evdə evdar xanım, övladına ana olmalıdır. Yaxşı iş yoldaşı, yaxşı həyat yoldaşı, ürəyəyaxın övlad, qardaşına qayğıkeş bacı, qızına rəfiqə, oğluna dost və bütün mühitlərdə qadın adına ən layiqli şəkildə qadın olmağı bacarmalıdır. Bu, çətin deyilmi? Üstəlik, bunların hansısa birini etməyən qadın şiddətlə qınanılacaq. Bizim cəmiyyətdə qadın olmaq çox çətindir.

- Bu, təkcə bizim ölkəmizə aiddir?
 

- Bizdə qadından gözləntilər çoxdur. Təbii ki, həyatda hər şey nisbidir. Mən qadınlıq missiyasını dərk edən və onu gözəl şəkildə icra edən qadınları nəzərdə tuturam.  Nümunəvi qadınları göstərmək, tanıtmaq, alqışlamaq lazımdır ki, qadınlıq öz gözəlliyini itirməsin. 
Rəşad Məcid, Taleh Mansur, Qulu Ağsəs, Yusif Rzayev, Xəyal Rza kimi adamların adlarını çəkə bilərəm ki, təmənnasız şəkildə gənclərə kömək edirlər. İllərdir, arzulayırdım ki, Yazıçılar Birliyinə üzv olum. 2023-cü ilin fevral ayında bu arzum gerçək oldu. O zamandan sonra hər kiçik essemə də xüsusi məsuliyyətlə yanaşıram. Düşünürəm ki, söylədiyim hər fikir, yazdığım hər cümlə yazıçı adını doğrultmalıdır. Çox adam yaza bilər, amma çox adam yazıçı ola bilmzə. 

- Eyni zamanda yaxın günlərdə Prezident təqaüdünə layiq görülmüsünüz.
 

- Bəli. 2024-cü ili mənim üçün əlamətdar edən səbəblərdən 1-cisi elə budur. Böyük qürurdur mənim üçün. Hər zaman özümə tənqidi və kəskin yanaşdığım üçün, düşünürdüm ki, o ad mənim üçün hələ çox uzaqdır. Daha çox və daha mükəmməl yazmalıyam, daha çox oxumalı və oxunmalıyam. Özümə kənardan baxıb, gördüyüm işləri gözümdə heç zaman böyütmürəm. Amma nə yaxşı ki, işini sakit görsən belə, səni görən, izləyən, qiymətləndirən insanlar var.

- Gənc ədəbiyyatçı olaraq daha çox kimləri oxuyursunuz?

- Janr olaraq seçimlərim var, yazıçı olaraq yox. ABŞ yazarları Teodor Drayzer, Cek London və Xalid Hüseyni, fransız ədəbiyyatının Viktor Hüqosu, öz yazarlarımızdan isə Rövşən Abdullaoğlunun əsərlərini oxuyanda dincəlirəm. Onların və oxşar tərzdə yazan yazıçıların nəsri məni uzun müddət reallıqdan qoparıb, öz təsirində saxlaya bilir. Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanını oxuyanda, sevərək mütaliə edəcəyim milli yazıçımızın olduğuna görə çox sevinmişdim. Mənim üçün yaxşı romanın əsas göstəricisi budur- oxucunu reallıqdan qoparıb, günlərlə kitabın səhifələri arasında saxlaya bilmə gücü. Reallıq üzücüdür. Ədəbiyyat ən çox buna görə gərəklidir- bizi hiss və duyğularımızla daha yaxın, isti tuta bilmək üçün. Artıq dövr daha da sərtləşdiyi və robotlaşdığı üçün, düşünürəm ki, ədəbiyyatın vacibiyyəti ikiqat artıb. Yalnız şerlə, təsirli romanla insanları ümidli, mərhəmətli və insan halında saxlamaq mümkündür. Baxmayaraq ki, çoxluq üçün təsirli olan hər şey sıxıcıdır. Amma mən bir yazıçı kimi deyə bilərəm ki, insan həyatın və təbiətin bəxş etdiklərindən qopduqca, materializmə aludə olduqca, həyat mənasızlaşıb, dəyərsizləşəcək gözündə. Hissizləşmək ən bədbəxt xəstəlikdir.

- Ən çox bəyəndiyim hekayələrinizdən biri "Bataqlıq"dır. İstəyərdim biraz da sözügedən hekayənizdən danışasınız.

- O hekayə bir uşağın dilindən səslənir. Həmin hekayəni oxuyub özüm də ağlamışdım. Deyirlər, yazıçı öz yazdığına kövrəlirsə, gözəl yazıb deməkdir. Mən o hekayəmə çox təsirlənmişdim. Əslində, o hekayədəki bataqlıq həyatımda olub. Evimizin arxasında bir bataqlıq var idi, anam ora getməyimizə icazə vermirdi. Həmin bataqlığın bir gün hekayəyə çevriləcəyini heç düşünməzdim. Müsabiqəyə göndərdim, gözəl yazıldığı vurğulandı. Üzücü məqam həm də odur ki, yazıçılar, şairlər oxuculardan çox oxuyur, daha açıq və obyektiv fikir bildirirlər. Müasir zamanın oxucuları çox tələskən olublar, düşünmək, təsirlənmək istəmirlər. Hər şeyin bir anlıq olmasına öyrəşiblər. Bilmirəm, bunun günahını tam olaraq, nədə və kimdə axtarmalıyıq, amma üzücüdür. İnsanlar gözəl görünən, amma mahiyyətsiz, ötəri nəsnələrə daha çox maraq, diqqət göstərirlər. Tez, ani, ötəri, tələskən- hər şeyə belə yanaşırlar. Əgər bir adam oxumaq, düşünmək istəyirsə, buna mütləq vaxt tapacaq. Və oxucu yoxdursa, yazıçı kimə yazır? Mən oxucu dedikdə, hekayənin, essenin oxunma sayını nəzərdə tutmuram, bu, mənim üçün oxunaqlıq göstəricisi deyil. Bu, aldadıcı rəqəmdir. Bəlkə də hekayənin ilk iki cümləsini oxuyub, düşünüb ki, “boş-boş danışır” və bu ümumi sayda artım olaraq qeydə alınıb. Əlbəttə ki, o oxucu deyil, onun fikri isə heç zaman oxucu rəyi hesab olunmamalıdır. Mənim üçün oxucu hekayəni oxuyan, yazıçının ötürdüyü fikri anlayan, yazıçı və onun yaradıcılığı barədə özündə müəyyən fikir formalaşdıran şəxsdir. Yazıçı belə oxucuların çoxluğu ilə məhsuldar ola bilər. Hətta belə oxucularla qürrələnmək də olar. (təbəssümlə)

Yazıçı olmaq başqasının düşünüb söyləyə bilmədiyini yaza bilmək bacarığıdır. Amma bunu elə şəkildə yazmaq ki, oxuyan hər kəs o yazılanda bir az özünü tapsın və düşündüklərinin səhv yaxud düz olduğunu güzgü kimi aydın görsün. Yaşamadan anlamaz insan deyirlər, amma hər şeyi anlayacaq qədər yaşamağımız üçün bizə bir ömür azlıq edər. Bəzi şeyləri yaşamadan, oxuyaraq anlamalıdır insan. Mütaliəsiz keçən ömür hədər olar. Hər kəsə bol sevgi və çoxlu kitab arzu edirəm.

Havar Şəfiyeva  

Избранный
81
yeniazerbaycan.com

1Источники