RU

Azərbaycan-İtaliya strateji əməkdaşlığı münasibətlərində COP29 və G7

Bakı, TurkicWorld

Azərbaycan və Avropa ölkələri arasındakı əlaqələr Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu kontekstdə İtaliya ilə əməkdaşlığı vurğulamaq vacibdir, çünki bu il hər iki ölkə üçün əlamətdar dövrdür: İtaliya G7-nin, Azərbaycan isə COP29-un sədridir. İtaliya Azərbaycanla strateji tərəfdaşlıq sənədini imzalayan 9 Avropa İttifaqı üzvündən biridir.

Uzun bir tarixi olan iki ölkə arasındakı əlaqələr bu gün strateji səviyyəyə yüksəlib və bu münasibətlər gələcəkdə daha da genişlənə bilər. Xüsusilə 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan edilməsi dostluq münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 1-2 sentyabr 2022-ci ildə İtaliyaya etdiyi səfər ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynayıb.

Həm İtaliya, həm də Azərbaycan bölgələrində strateji əhəmiyyətə malik ölkələrdir və iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəm təməli davamlı tərəfdaşlıq üçün geniş yol açır.

2 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "Il Sole 24 Ore" qəzetinin müxbiri Roberto Buondjorno ilə müsahibəsində bildirib ki, italiyanın şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər.

"İtaliyanın şirkətləri tərəfindən həyata keçirilən işlər miqyasına görə Türkiyə şirkətinlərdən sonra ikinci yerdədir. Türkiyə şirkətləri birinci yerdədir və bu təbiidir, çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların tanınmış tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləri qərarlaşır", - dövlət başçısı bildirib.

Bundan əlavə, İtaliya şirkətləri işğaldan azad edilmiş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə yerləşən elektrik stansiyalarını avadanlıqlarla təmin ediblər. İtaliyalı memarlar Şuşada tarixi abidələrin və məscidlərin bərpasına da dəvət olunublar. Həmçinin, İtaliya şirkəti Bakıda Zəfər muzeyinin inşasında iştirak edib.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsi milyardlarla dollar təşkil edir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sektordur. Azərbaycan neftinin üçdə birindən çoxu İtaliyaya ixrac olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 5,671 milyon ton neft və neft məhsulları ixrac edib ki, bu da ümumi Azərbaycan ixracının 38,59 faizini təşkil edir. İtalyan şirkətləri Azərbaycanda neft emalı zavodunun bərpası üzərində fəal işləyib.

Həmçinin, İtaliya Cənub Qaz Dəhlizi üzrə Azərbaycan qazının ən böyük idxalçısıdır. TAP boru kəməri vasitəsilə illik 10 milyard kubmetr qazın 8 milyard kubmetri İtaliyaya təchiz edilir. İtaliya Cənub Qaz Dəhlizinin gücünün ikiqat artırılmasını dəstəkləyir. 2024-cü ilin ilk yarısında TAP vasitəsilə Azərbaycandan İtaliyaya 5,17 milyard kubmetr qaz göndərilib (5,5 faiz artım). İtaliyanın Ətraf Mühit və Energetika Təhlükəsizliyi Nazirliyinin məlumatlarına görə, ötən il eyni dövrdə İtaliyaya 4,901 milyard kubmetr qaz daxil olub. Ümumilikdə, 2024-cü ilin yanvar-iyun aylarında İtaliya 31,072 milyard kubmetr qaz idxal edib (4,6 faiz azalma), Azərbaycan qazının payı isə 16,6 faiz olub.

Onu da qeyd etmək lazımdır ki, ötən il Azərbaycanın ümumi neft ixracının 43 faizini və Azərbaycanın Avropaya qaz tədarükünün 79 faizini İtaliya təşkil edib.

Bundan əlavə, Azərbaycan və İtaliyanın Bərpa Olunan Enerji Mənbələri sahəsində əməkdaşlıq üçün geniş perspektivlərə malikdirlər.

İyulun 1-də Milan şəhərində İtaliyanın "Saipem" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə yerüstü və Xəzər dənizində külək enerjisinin inkişafı, habelə "yaşıl" enerji dəhlizlərinin yaradılması imkanları müzakirə edilib.

Həmçinin, İtaliyanın şirkəti olan "CESI" Xəzər dənizindən Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana "yaşıl" enerji dəhlizinin tikintisinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üzrə Azərbaycan Energetika Nazirliyinin tərəfdaşıdır.

Eyni zamanda, İtaliya Azərbaycandan "yaşıl" enerji tədarükü üzrə əməkdaşlıqda maraqlıdır.

"Ansaldo Energia" ilə əməkdaşlıq Azərbaycanda azad olunmuş ərazilərdə yeni və müasir enerji infrastrukturunun yaradılmasına yönələcək.

"Yaşıl" enerji mövzusuna gəldikdə, İtaliya, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsi üçün Azərbaycanı dəstəkləyir.

İtaliyanın iqlim dəyişiklikləri üzrə xüsusi nümayəndəsi professor Françesko Korvaro bildirib ki, İtaliya nümayəndə heyəti COP29-un Bakıda uğurla keçirilməsi üçün əlindən gələni edəcək.

"Hamı bilir ki, COP29-da iqlim maliyyələşdirməsi müzakirə ediləcək və bunun üçün BTR – 2 illik şəffaflıq hesabatları və kollektiv adımlar vacibdir. Heç bir ölkə tək başına iqlim dəyişmələri ilə mübarizə apara bilməz. Biz həmişə iqlimin və sülhün əhəmiyyətini xatırlamalıyıq", - Korvaro əlavə edib.

Digər uğurlu əməkdaşlıq sahələrindən biri hərbi sektordur. Azərbaycan və İtaliya arasında hərbi sahədə, eləcə də, digər sahələrdə münasibətlər xüsusi xarakter daşıyır. 2024-2025-ci illər üçün hərbi sahədə planlaşdırılan 31 tədbirdən bəziləri həyata keçirilib.

26 iyun tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan C-27J Spartan hərbi-nəqliyyat təyyarəsi təqdim edilib. Təyyarə həm hərbi, həm də mülki müdafiə vəzifələrini çətin coğrafi və mürəkkəb əməliyyat şəraitində icra edə bilir. C-27J Spartan təyyarəsi hərbi-nəqliyyat əməliyyatlarında, paraşütçülərin və yüklərin düşürülməsində, həmçinin, tibbi tapşırıqların yerinə yetirilməsində istifadə ediləcək.

İtaliya azad olunmuş əraziləri minalardan təmizləmək üçün Azərbaycana dəstək verən ölkələrdən biridir.

Avropa İttifaqının "Team Europe" təşəbbüsü çərçivəsində bu il Azərbaycana 2 milyon avro məbləğində maliyyə yardımı planlaşdırılır. Bundan əlavə, Aİ ölkələri - İtaliya, Almaniya, Fransa, Xorvatiya, Niderland və Litva maliyyə dəstəyi verəcək. Ümumilikdə, Aİ və bu ölkələr tərəfindən dəstək məbləği 2,75 milyon avro olacaq.

İtaliya, həmçinin, Azərbaycan üçün siyasi müstəvidə mühüm tərəfdaşdır və Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı destruktiv mövqe tutan qüvvələri düzgün yola gətirir. Bu kontekstdə İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən Fransanın təxribatçı bəyanatlarına qarşı açıqlama diqqətəlayiqdir.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurne tərəfindən Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması ilə bağlı səsləndirilən fikirlərlə bağlı narazılığını ifadə edib.

Çirielli qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesində birbaşa iştirak etməyən dövlətlərin nümayəndələrinin verdiyi açıqlamalar vəziyyəti yalnız pisləşdirə bilər.

"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir və məsuliyyətli mövqe tutur. Fransa XİN rəhbəri Stefan Sejurne ABŞ Dövlət Katibi ilə birgə keçirdiyi mətbuat konfransındakı açıqlamaları gərginliyin azalmasına kömək etmir. Fransız nazir Sejurnenin sağlam düşüncə ilə bölgədə davamlı sülhə nail olmaq üçün çalışanların səylərini zəiflətməməsi məqsədəuyğun və faydalı olardı", - o qeyd edib.

Azərbaycan ilə İtaliya arasındakı enerji və hərbi sahələrdən tutmuş digər sahələrə qədər olan əlaqələr strateji səviyyəyə yüksəlmib. Bu əlaqələr yalnız iki ölkənin iqtisadi inkişafı və təhlükəsizliyinə töhfə vermir, həm də regional sabitlik və inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. İqlim dəyişmələri və enerji keçidi kimi qlobal çağırışlar çərçivəsində Azərbaycan və İtaliya arasındakı tərəfdaşlıq daha da əhəmiyyətli hala gəlib. Bərpa olunan enerji mənbələrinin birgə inkişafı və COP29 kimi beynəlxalq iqlim təşəbbüslərində iştirakları davamlı inkişafa olan marağı vurğulayır.

İtaliyanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirakı münasibətlərin möhkəmliyini göstərir. Gələcəkdə bu strateji tərəfdaşlıq iki ölkənin xarici siyasətində açar rol oynayacaq və əməkdaşlığın genişlənməsi üçün yeni perspektivlər açacaq.

Избранный
108
50
turkic.world

10Источники