RU

Qız doğulduğu günə lənət oxunan, söyülən, döyülən, öldürülən QADIN…

“Ana, məni bətnindəcə öldür, dünyaya gətirmə, çünki ya doğulduğum cəmiyyət mənəviyyatımı, ya da ailə həyatı qurduğum kişi cismimi öldürəcək… Öldür məni ana, sən öldür məni…” 

Gender həssaslığı əslində fərqli cinslərin ehtiyaclarını, təcrübələrini, çətinliklərini və prioritetlərini nəzərə alaraq, onların bərabər şəkildə iştirakını və hüquqlarının qorunmasını təmin və sadalananlara riayət etmək, həmçinin cəmiyyətdə, iş yerində cinslərarası ayrı-seçkiliyi aradan qaldırmağa və bərabər imkanlar yaratmağa yönəlib… Cümlənin sonunda üç nöqtədən istifadə etməyim sual doğura bilər. Səbəb sadədir və zənnimcə hər birimizə aydındır. Çünki bu sadəcə cümlədir, amma icrada, real həyatda bu qaydaya nə dərəcədə əməl olunur? Mən də bunu sual edirəm. Olunurmu? Təəssüflə və ürək ağrısıyla qeyd edirəm – Olunmur! Bu qayda əsasən də qadınlar və qız övladlarının həyat tərzində, təhsil almasında, ailədəki, cəmiyyətdəki rollarının, hüquqlarının qorunmasında pozulur. Bu qanun həm də məişətdə kobud və qəddarcasına pozulur. 

Yazının girişindəki ana bətnindən anasına “öldür məni, ana” deyən körpənin hayqırtısını eşidirsinizmi? Həmin körpəydi anasının dünyaya sevinərək gətirdiyi, uşaqlarının gözü önündəcə əri tərəfindən 11 bıçaq zərbəsiylə öldürülən 31 yaşlı Sevda... 

Məişət zorakılığı zəmnində Sevda kimi yüzlərlə qadın həyatını itirib və itirməkdədir. Biz cəmiyyət olaraq bu gün həmin qadınlardan üzr istəsək, ruhları, övladları bizi bağışlayarmı? Bağışlamaz... Biz deyirəm, çünki cəmiyyət bizdən ibarətdir. Bu faciələrə üzülməklə kifayətlənməyib susmamağı, səsimizi, ünümüzü, köksümüzdəki ağrı-acını, sarsıntını hayqırmalıyıq. Bəs necə? 

Qadınların döyülməsi, öldürülməsi kimi hallar birmənalı olaraq qəbuledilməzdir və heç bir şəkildə normal qəbul edilə bilməz. Təəssüf ki, bəzi cəmiyyətlərdə və ailələrdə bu cür zorakılıqların normallaşması, mədəniyyətin və ənənələrin təsiri ilə baş verə bilər. Bununla yanaşı, bu cür halların normal qəbul edilməsi böyük bir sosial və hüquqi problemdir və onun aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Mövzu elədir ki, təəssüflərin sonu görünmür. Yenə də təəssüf hissi ilə qeyd edirəm ki, qadınların kişilər tərəfindən idarə olunması və onlara qarşı zorakılıq tətbiq edilməsi bu gün bizim cəmiyyətdə məqbul hesab edilir. Və bu hal da qadınların hüquqlarının pozulmasına və onların insan kimi dəyərinin aşağılanmasına gətirib çıxarır. Bütün bu kimi hallar isə qadının özgüvəninin tamamilə məhv olması deməkdir. Gender bərabərliyi və qadın hüquqları haqqında maarifləndirmənin azlığı bu cür hallar barədə cəmiyyətin məlumatlılığını azaldır və zorakılığın normal qəbul edilməsinə səbəb olur. Təxminən 4 il öncə “bir neçə ildən sonra məişət zəmnində qadın ölümlərinin sayı elə bir dərəcədə artacaq ki, artıq bu hal insanlar üçün adiləşəcək” cümləsini oxuyanda “ola bilməz, bu qətiyyən mümkün deyil” dedim özlüyümdə. Amma nə qədər etiraz etsək, qəbul etməsək belə həqiqətlər də, nəticələr də, ölüm faktlarına cəmiyyətdəki yanaşmanı da hamımız müşahidə edirik. 

Qanunların zorakılığa qarşı yetərsiz olması və ya mövcud qanunların icrasının zəif olması zorakılığı tətbiq edən şəxslərin cəzasız qalmasına səbəb ola bilər. Bu, qadınların qorunmasız qalmasına və zorakılığın davam etməsinə gətirib çıxara bilər ki, artıq o vəziyyət hökm sürməkdədir. Cəmiyyətlərdə ənənə və adətlər qadınların cəmiyyətdə ikinci dərəcəli statusda qəbul edilməsinə səbəbdir. Bu cür mədəniyyətlərdə qadınların döyülməsi və hətta öldürülməsi halları bəzən ailə namusu, qüruru və ya digər dəyərlər adı altında məqbul hesab edilə bilər. Zorakılığa məruz qalan qadınlar çox vaxt cəmiyyət tərəfindən günahlandırılma və ya qınaqdan qorxaraq bu halları gizli saxlayır. Bu, problemin ictimaiyyət tərəfindən görünməməsinə və zorakılığın davam etməsinə səbəb ola bilər.

Bu halların qarşısını almaq üçün bir neçə mühüm addım atılmalıdır: Zorakılığa qarşı qanunlar gücləndirilməli və zorakılıq törədən şəxslərin cəzalandırılması təmin edilməlidir. Eyni zamanda, zorakılıq qurbanlarının qorunması üçün təcili tədbirlər alınmalıdır. Gender bərabərliyi və qadın hüquqları haqqında maarifləndirmə kampaniyaları təşkil edilməli və zorakılığın qəbuledilməz olduğu barədə mesajlar cəmiyyətə çatdırılmalıdır. Məktəblərdə və təhsil müəssisələrində gender bərabərliyi mövzusunda tədris proqramları həyata keçirilməli, gənc nəsillər zorakılığın yanlış olduğunu öyrənməlidirlər. Cəmiyyətin tanınmış üzvləri, xüsusilə kişilər, zorakılığın əleyhinə çıxış edərək bu məsələni ictimaiyyətin diqqətinə çatdırmalı və daima gündəmdə saxlamalıdırlar.  Zorakılığa məruz qalmış qadınlara psixoloji dəstək və reabilitasiya imkanları təmin edilməli, onların yenidən cəmiyyətə inteqrasiya olması üçün şərait yaradılmalıdır.Qadına qarşı zorakılıq heç bir halda normal qəbul edilə bilməz və bu problemin həlli üçün bütün cəmiyyətin səfərbər olması vacibdir.

 

Azərbaycan bu il də selektiv abort sayına görə birinci yerdədir... 

 Əslində qadına yanaşma cəmiyyətdəki selektiv abortların sayından da məlum olur. Artıq 6 ildir ki, Azərbaycan selektiv abortların sayına görə birinci yerdədir. Azərbaycanın selektiv abortlarla bağlı birinci yerdə olması ciddi sosial və demoqrafik bir problemdir. Selektiv abortlar cinsiyyətə görə edilən abortlardır, yəni əsasən qız uşaqlarının doğulmasının qarşısını almaq məqsədilə həyata keçirilir. Bu təəssüf doğuran statistika, cəmiyyətdə cinsiyyət fərqliliyinə görə uşaqların dəyərinin fərqli şəkildə qiymətləndirilməsinin və qız uşaqlarına qarşı mənfi yanaşmanın hələ də geniş yayılmasının nəticəsidir. Azərbaycan cəmiyyətində dərin köklərə malik olan patriarxal ənənələr, oğlan uşaqlarına üstünlük verilməsinə gətirib çıxarıb. Bir çox ailələr, xüsusilə kənd yerlərində, oğlan uşağını ailənin davamçısı və iqtisadi təminatçı kimi qəbul edirlər. Qız uşaqlarının, xüsusən də kənd yerlərində, təhsil, iş və ictimai həyatda məhdud imkanlara malik olması onların cəmiyyətdə aşağı statusda qəbul edilməsinə səbəb olur. Bu da selektiv abortların sayını artırır.  Qadın hüquqları, gender bərabərliyi və qız uşaqlarının əhəmiyyəti haqqında maarifləndirmənin azlığı, selektiv abortların yayılmasına səbəb olur. Təhsil səviyyəsinin aşağı olması, xüsusilə qadınların təhsildən kənarda qalması bu problemi daha da dərinləşdirir. Cəmiyyətdə oğlan uşağına sahib olmaq arzusu bir çox hallarda sosial təzyiqlərlə dəstəklənir. Ailələr, xüsusən də yaşlı nəslin təzyiqi altında qız uşaqlarını abort etdirməyə meyilli olurlar. Cinsiyyətin erkən müəyyən olunması üçün tibbi texnologiyalardan sui-istifadə, selektiv abortların həyata keçirilməsinə şərait yaradır. Qız övladı dünyaya gətirənlərə "canın sağ olsun” deyə təsəlli verən bir toplumda yaşadığımızı etiraf etməliyik. Təəssüf... Ölkədə tibb sahəsində çoxsaylı "inkişaf"ları görürük, eşidirik, başımıza da qeyd etdiyim "inkişaf"lardan dolayı az hadisələr gəlməyib. Hə, bunun məsələyə “nə dəxli” deyə bilərsiniz. Amma birəbir dəxli var deyib ginekoloqlarımız arasında "dəqiq oğlan qrafiki deyən”lər ordusunun olduğunu xatırladıram. Hətta cinsiyyəti məlum olduqdan sonra adətən 12 həftənin tamamında - 3 aylıq körpəni - ürək döyüntüsü aydın eşidilən balasını sırf qız övladı olduğu üçün öldürən, bəli məhz öldürən valideyn-həkim "həmrəyliyi"nin də az şahidi olmamışıq. Bu addımı atmağa ana olmağa hazırlaşan qadına kim məcbur edir? Cəmiyyət? Ailə? Həyat yolunda addımlamağa məhkum olunduğu kişi? Oğluna "soyadını daşıyan olmayacaq, boşa bu qadını", "mənə oğlan nəvəsi verəcək təzə gəlin gətir" deyən qayınana faktorumu? Müqəssir qismində çox insanın adını çəkmək olar. “Qız bəzək, oğul şərəfdir” yox – “Hər iki övlad şərəfdir”. “Qız yükü, duz yükü deyil” – “Qız övladı nemətdir!” “Yeddi oğul istərəm, bircə dənə qız gəlin yox” - “Sağlam övlad istərəm!” 

 

“Qız balalarının həyatlarının Sevda kimi 11 bıçaq zərbəsiylə bitməməsi üçün hamımız hayqırmalıyıq”

Qız övladı Allahın ən böyük mükafatı və lütfüdür. Biz hamımız əlbir olub selektiv abortlara qarşı çıxmalı, ana bətnindəcə "qızdır" damğası vurulub məhv edilmə halları ilə mübarizə aparmalıyıq. "Əşşi, mənə nə, özü bilər", deyib keçdiyimiz hər bu cür durum qız övladlarının dünyaya göz açmamış məhvinə səbəb olur... Və o qız balalarının həyatlarının Sevda kimi 11 bıçaq zərbəsiylə bitməməsi üçün hamımız hayqırmalıyıq! Bu mövzuları BMT-nin Əhali Fondunun Azərbaycan media mənsubları üçün keçirdiyi “Azərbaycan mediasında gender həssaslığının artırılması” mövzusunda keçirilən üç günlük təlimdə danışdıq və duruma SOS dedik! Burada cəmiyyət və media həmrəy olmalı, yaxın müddətdə bu göstəricilərin dəyişməsi naminə var-gücümüzlə çalışmalı, mübarizə aparmalıyıq! 

Biz media olaraq bəzən qadın ölümlərini və qətllərini yanlış, həssasiyyətsiz başlıqlar və fotolarla təqdim etməyimizlə cəmiyyətə yanlış mesajlar veririk. Belə başlıqlar və görüntülər bəzən sensasiya yaratmaq məqsədilə istifadə olunur, lakin nəticədə zorakılığın normallaşdırılmasına, qurbanların yenidən zərər çəkmiş kimi qəbul edilməsinə və bəzən də cinayətkarların romantikləşdirilməsinə səbəb ola bilir. Və biz sensasiya yaratdığımız təqdirdə neçə Sevdanın həyatına son qoymuş oluruq... 


Ülkər Qasımova 

Избранный
77
news24.az

1Источники