Bazar günü Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına gözlənilən qələbəni gətirdi. Eyni zamanda, "marionet və ya cib müxalifəti qrupları" olan digər partiyaların nümayəndələri də 125 yerlik parlamentə keçib. Bu barədə Norveç Helsinki Komitəsinin sentyabrın 4-də yaydığı bəyanatda deyilir.
Bəyanatda onlarla seçki məntəqəsində ənənəvi metodlardan - çoxsaylı səsvermə, topa bülleten atılması, müstəqil və müxalifətyönlü müşahidəçilərə qarşı zorakılıq və təzyiqdən istifadə etməklə yol verilmiş çoxsaylı pozuntulardan bəhs olunur.
Ölkə parlamenti " formal orqandır", çünki real siyasi hakimiyyət prezidentin əlində sərt şəkildə cəmləşib.
"Azərbaycanda heç vaxt azad və ədalətli seçkilər olmayıb və bu seçkilər də istisna deyil", - Norveç Helsinki Komitəsinin baş katibi Berit Lindeman bildirib.
"Ötən illərdə Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti təşkilatlarını məhv etmək, müstəqil KİV-i bağlamaq, ictimai həyatın bütün aspektləri üzərində sərt nəzarəti saxlamaq, siyasi müxalifəti kənarlaşdırmaq və azərbaycanlıların öz fikrini söyləməsinə mane olmaq üçün qorxu mühiti yaratmaqdan ötrü əlindən gələni edib.
Belə repressiv şəraitdə azad və ədalətli seçkilər mümkün deyil. Azərbaycan xalqı saxtakarlıq və digər ədalətsiz praktikalar olmadan keçirilən həqiqi seçkilərdə iştirak edərək real səsə və ölkənin gələcəyinə əmin olmağa layiqdir. Nə qədər ki siyasi məhbuslar azad olunmayıb, siyasi opponentlərin və tənqidçilərin sıxışdırılmasına son qoyulmayıb, ölkədə Azərbaycan xalqının həqiqi iradəsinə uyğun etibarlı seçkilər keçirilməyəcək", - Lindeman bildirib.
Bazar günü seçkiləri söz azadlığının, dinc toplanışın yatırılmasına və hökumətin cəmiyyət üzərində onsuz da sarsılmaz nəzarətinin möhkəmləndirilməsinə yönəlmiş qorxu və repressiya şəraitində keçirildi, bəyanatda qeyd olunub. Seçki günü sosial şəbəkələrdə yayılan çoxsaylı videoçarxlar göstərdi ki, müxtəlif seçki məntəqələrində eyni seçicilər dəfələrlə səs verirlər. Başqa videolarda məktəb müəllimləri və digər dövlət qulluqçuları deyirlər ki, onlara tapşırıblar ki, hakim partiyaya səs versinlər.
Bir neçə seçki məntəqəsindəki müşahidə kameraları göstərdi ki, seçki komissiyalarının üzvləri bir neçə bülleteni qutulara atırlar. Hökumətin sərt şəkildə nəzarət etdiyi Mərkəzi Seçki Komissiyası bildirib ki, topa bülletenlərin atılması barədə məlumat almayıb, lakin ehtimal edilən pozuntular "hərtərəfli araşdırılacaq".
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) - regionda ən nüfuzlu seçki müşahidə orqanı bazar günü səsverməsini tənqid edərək onun demokratik standartlara cavab vermədiyini bildirib.
Hesabatın tam mətni aşağıdakı linkdə:https://www.nhc.no/en/azerbaijan-snap-parliamentary-elections-staged-and-flawed/