Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2026-cı ilə qədər digər alternativ və hüquqi sənədlərin verilməsində elektron formaya keçməyi hədəfləyir.
“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində Bakıda keçirilən “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək:
“Bundan başqa əlavə requlyativ fəaliyyət göstərmədən öz satınalmalarımıza diqqət etməyə çalışırıq. Satınaldığımız məhsulların “Ekofriendly” olmasına diqqət yetiririk. Bir sıra hallarda bunu təchizatçılarımızdan tələb edirik”.
R. Həsənov vurğulayıb ki, 2018-ci ildən elektron sənəd dövriyyəsinin tətbiq edilməsindən bu günə 4 milyon səhifədən ibarət sənədi biz çap etmədən emal etməyə nail olmuşuq: "Bu təxminən 500 ağacın kəsilməkdən xilas olması deməkdir".