Ermənistanda sığınacaq tapan keçmiş separatçı rejimin qalıqları növbəti təhlükəli, avantürist təxribata start veriblər. Belə ki, keçmiş separatçı rejimin "rəhbəri" olmuş Samvel Şahramanyan iddia edib ki, vaxtilə imza atıb ləğv etdiyi separatçı xuntanın buraxılması barədə sənəd “konstitusiyaya ziddir”. Ardınca da, Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib, hətta yenidən Qarabağı işğal etməkdən də bəhs edib.
“Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”, - deyə o bəyan edib.
Şahramanyan ilk dəfə deyil ki, bu cür təxribatçı bəyanatlar səsləndirir. Bu ilin mart ayında Fransanın “Le Fiqaro” nəşrinə müsahibəsində iddia etmişdi ki, qondarma rejimin buraxılması qərarını separatçı soydaşlarının həyatını xilas etmək məqsədilə atıb.
Şübhəsiz ki, bu avantüra Şahramanyanın öz beyninin məhsulu deyil. Bu cəfəngiyyatın arxasında kənar qüvvələrin durduğuna şübhə yoxdur. Çox güman ki, onu bu bəyanatı səsləndirməyə Qərb dövlətləri və erməni lobbisi məcbur edir. Rusiyanın müxtəlif dairələrini də bura daxil etmək olar. Bu sırada Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də var. Yəni sistemli şəkildə Azərbaycana qarşı hücuma start verilib.
Paşinyan vurğulayıb ki, qondarma rejimin ləğvindən bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verib və bu, Ermənistandakı məlum dairələr (müxalifət qüvvələrini nəzərdə tutur) tərəfindən dəstəklənib.
Erməni avantürasının arxasında, şübhəsiz ki, müəyyən çirkin planlar gizlənir. İlk növbədə, Qarabağdan "iti qovan kimi" qovulan separatçı rejimin tör-töküntülərindən ibarət “hökumət” qurmağa çalışılır. Azərbaycan buna simmetrik cavab verməli idi və verib də. Qərbi Azərbaycan İcması son bəyanatında mühacirətdə hökumət qurula biləcəyini gündəmə gətirib. İcma Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması işinə başlamaq niyyətində olduqlarını bildirib. Bəyanatda mühüm məsələlərdən biri də qurumun yeni seçilmiş parlamentdə Qərbi Azərbaycana qayıtmaq üçün komissiya yaratmaq məqsədi ilə respublikanın Milli Məclisinə müvafiq müraciət göndərmək təşəbbüsüdür.