Ukraynanın ədliyyə, strateji sənaye, ekologiya nazirləri və dövlət əmlak fondunun rəhbəri istefa verib. Kadr dəyişikliklərinin davam edəcəyi gözlənilir.
Prezident Vladimir Zelenski açıqlayıb ki, müharibə dövrü kabinetini yeniləmək istəyir.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da istefa ərizəsini yazıb.
Maraqlıdır gələcək proseslər hansı istiqamətdə irəliləyəcək?
Ukrayna nazirlərinin istefa verməsi ölkə siyasətində nələrin baş verəcəyini göstərir?
Politoloq Fikrət Sadıqov "Sherg.az"a bildirib ki, bəzi hökumət üzvlərinin fikirləri prezident Zelenskinin mövqeyindən fərqlidir:
"Onlar qalmaqal yaratmamaq üçün və ciddi ziddiyyətli vəziyyət formalaşmasın deyə istefa verirlər. Məlum olduğu kimi Ukraynanın xarici işlər naziri Kuleba da parlament spikerinə ərizəsini yazıb. O da istefaya getmək fikrindədir.
Əlbəttə, bu mürəkkəb vəziyyətdə, cəbhədə yaranan problemlər də Kiyevin xarici siyasət addımlarına öz mənfi təsirlərini göstərir. Çünki Qərb və Avropa ölkələri Ukraynaya köməklik göstərərək, onu silahla təmin edirlər".
Hələlik bu yöndə ciddi bir nəticələrin olmadığını söyləyən politoloq bunun bir sıra hökumət üzvlərini çox narahat etdiyini qeyd edib:
"Düşünmürəm ki, bundan sonra Zelenski öz strateji kursunu ciddi şəkildə dəyişsin. Amma çox güman ki, müəyyən düzəlişlər ediləcək. Və artıq yeni təyin olunan nazirlərlə birgə hansısa bir çıxış yolu tapılsın deyə bu yöndə müəyyən addımlar atılacaq".