Sentyabrın 4-də 70 saylı Neftçala seçki dairəsindən namizəd, ictimai fəal Vəfa Nağı bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayəti dairə seçki komissiyasına təqdim edib. Bu barədə o, bugünkü mətbuat konfransında bildirib.
Vəfa Nağı bildirib ki, seçki kampaniyası başlayandan digər namizəd – Vətəndaş Həmrəyliyi Partiyası rəhbərinin xanımı Tənzilə Rüstəmxanlının nümayəndələri tərəfindən ciddi problemlər və maneələrlə üzləşiblər.
"Onun adamları təşviqat kampaniyası boyunca afişalarımızı cırdılar. Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına şikayətlərimizə baxılmadı" , - Nağı deyib.
“İnzibati resursdan Rüstəmxanlının xeyrinə istifadə olundu, onun seçicilərlə görüşlərinə dövlət qurumlarının, büdcə sahəsinin əməkdaşları göndərildi. Yerli hakimiyyət mənimlə görüşməmək üçün əhaliyə təzyiq göstərdi", - namizəd qeyd edib.
Səsvermə günü hər yerdə saxtakarlıq – topa bülletenlərin atılması, "karusellər" və müşahidəçilərə təzyiqlər baş verib.
Evdə səs vermək “istəyənlərin” sayı çox olub, Nağı qeyd edib. "Seçki qutularını daşıyanların seçicilərə bülletenlərdə Tənzilə Rüstəmxanlının xeyrinə olan qrafanı qeyd etmələrini göstərdiklərini əks etdirən video- sübutlarımız var", - Nağı deyib.
Vəfa Nağının nümayəndəsi, hüquqşünas Xalid Bağırov seçkilərdə fəallığın süni şəkildə şişirdilməsinə diqqəti çəkib. Belə ki, bir məntəqədə Rüstəmxanlıya 66, Nağıya 51 səs verilib. Digər məntəqədə Nağı 92, Rüstəmxanlı 40 səs toplayıb. Başqa bir məntəqədə isə Nağı 140, Rüstəmxanlı 112 səs toplayıb. Lakin Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Rüstəmxanlı 5806, Nağı isə 3122 səs toplayıb.
Hüquqşünas deyib ki, demək olar ki, əhalinin olmadığı 2-ci Mayak seçki məntəqəsində iştirak 72 faiz səviyyəsində göstərilib. Bu da Rüstəmxanlının lehinə səsləri artırmaq üçün edilib.
Vəfa Nağı bildirib ki, seçkilərin nəticələrinə sonadək etiraz edəcək və hüquqları bərpa edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.