"Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb".
Bu barədə Baku.ws-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb:
"Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.
Qeyd edək ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır.
AYNA şəhərin dar küçələrində hərəkətin yenidən təşkili, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli şəkildə layihələr icra edir.
Belə ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev və Qara Qarayev prospektləri və Zabrat yoluna istiqamətlənir. Nəticədə bu yollara doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. Bir gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşüb. Sözügedən istiqamətdə 31 xətt üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində də yol hərəkəti yenidən təşkil edilib. Həyata keçirilən dəyişikliklər nəticəsində Yusif Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü saatda 950 avtomobil azalıb, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb.
Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də darboğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilib. Bakı şəhərinin küçə və prospektlərində hərəkətin yenidən təşkili üzrə layihələrin icrası davam etdirilir".
Mənbə: oxu.az