RU

Aqrar sahədə yenilik

“Yaşıl subsidiya” çərçivəsində fermerlərə daha çox dəstək göstəriləcək

Kənd Təsərrüfatı Nazirliyi (KTN) 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Tərəflər Konfransının (COP29) çağırışları nəzərə alaraq iqlim dəyişmələrindən təsirlənən kənd təsərrüfatı sektorunda yaşıl inovasiyalara üstünülük vermək niyyətindədir. Bu məqsədlə sudan səmərəli istifadəni və ətraf mühitin qorunmasını dəstəkləmək məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə əlavə əkin subsidiyası - “yaşıl subsidiya” veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn ildən müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası tətbiq olunacaq.

“Yaşıl subsidiya” çərçivəsində 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, 1 hektara minimum 1500 tingin əkildiyi tarlaqoruyucu zolaq bitkilərinin hər hektarına görə 1000 manat məbləğində əkin subsidiyası təyin olunub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə əkin subsidiyası 400 manat məbləğində müəyyən edilib. Bundan başqa, bir sıra bitkilərin əkinlərinə verilən subsidiyalaşma təşviq ediləcək, qarğıdalı və günəbaxan üzrə həm əkin, həm də məhsul subsidiyası veriləcək. Həmçinin, 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyaları müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilərək artırılacaq.

“Yaşıl subsidiya” nədir?

“Yaşıl subsidiya” ətraf mühiti və dayanıqlı iqtisadi fəaliyyətləri dəstəkləmək məqsədilə dövlətlər və digər təşkilatlar tərəfindən təmin edilən maliyyə dəstək proqramlarının bir alətidir. Bu subsidiyalar ətraf mühitə olan mənfi təsirləri azaltmaq, dayanıqlı inkişafı təşviq etmək və iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün istifadə olunur. “Yaşıl subsidiya”nın əsas məqsədlərindən biri də ətraf mühitin qorunmasıdır: Karbon emissiyalarını azaltmaq, hava və su çirkliliyini önləmək və ekosistemləri qorumağa xidmət edir. Həmin təşviqlər aqrar sahədə fəaliyyət göstərən mülkiyyətçiləri və fermerləri karbon oksidi azaldan texnologiyalardan daha çox istifadə etmək, eləcə də ənənəvi enerji sərfini azaltmaq və  istifadəyə yararlı enerji mənbələrinin istifadəsini artırmaq, dayanıqlı inkişaf, eyni zamanda,  innovasiya və texnologiya yönümlü aqrar yeniliklərə keçmək məqəsdi daşıyır.

Dünya ölkələrində “yaşıl subsidiya” növləri çoxdur. Onlardan biri birbaşa maliyyə dəstəyidir ki, bu mexanizmin köməyilə günəş panellərinin və ya külək türbinlərinin quraşdırılmasını dəstəkləyən sahibkarlara xüsusi subsidiyalar verilir. İkinci bir mexanizm vergi, kredit və maliyyə təşviqləridir. Bu alət çərçivəsində ətraf mühit dostu layihələr üçün aşağı faizli kreditlər və ya xüsusi maliyyə seçimləri nəzərdə tutulur. Bu, dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini asanlaşdırçağa xidmət edir. Beynəlxalq praktikada təmiz ekoloji mühit konsepsiyalarına uyğun olaraq bir çox ölkələr biznes sektorunu “yaşıl hidrogen” və “yaşıl enerji”yə cəlb etmək, onların bu sahəyə sərmayə qoyuluşlarını təşviq və motivasiya etmək məqsədilə vergi-gömrük sistemində bir sıra müasir alətlərdən istifadə edir. Dünyada ekoloji vergilər ətraf mühitə neqativ təsir edən sahələrdə fəaliyyət göstərən müəssisələrdən tutulur. Bu növ vergilər Avropa Birliyi, ABŞ, Rusiya və digər ölkələrdə tətbiq edilir.

“Yaşıl vergi” nəyə xidmət edir?

Digər bir subsidiyalaşdırma “yaşıl vergi”dir. Bu mexanizm hazırda dünyada ən çox üstünlük verilən alətlərdən biridir. Azərbaycan hökuməti də buna xüsusi diqqət yetirir və ölkəmizdə “yaşıl enerji”yə keçid strategiyasından irəli gələn tələblər nəzərə alınmaqla ekoloji dayanıqlılığı təmin və təşviq edən vergi islahatlarının tətbiqinə start verilib. İqlim dəyişikliyinə qarşı mübarizənin hazırda daha da aktuallaşdığı və beynəlxalq koalisiyanın öz kapitallarını  dayanmadan “yaşıl texnologiyalara” yatırdığı dövrdə “yaşıl vergilər”in tətbiqi də geniş xarakter almaqdadır. “Yaşıl vergi”nin tətbiqi həm də ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına xidmət edir. Eyni zamanda, istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılmasıdır.

“Yaşıl subsidiya” alətlərindən araşdırma və inkişaf fonları da mühüm yer tutur ki, bu siyasət çərçivəsində ətraf mühitə dost texnologiyaların geniş tətbiqi, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacağa keçilməsi, enerji istehsalında su elektrik stansiyalarının və külək, günəş enerjisi stansiyalarını payının artırılması, məişət tullantılarının idarə edilməsi layihəsi üzrə emal zavodlarının yaradılması, aqroparkların sayının çoxaldılması, az karbonlu enerji səmərəlililiyinin təmin olunması, bərpa olunan enerji texnologiyalarından istifadənin maksimum səviyyəyə çatdırılması nəzərdə tutulur. Həmin istiqamətlərdə fəal mövqe sərgiləyən biznes nümayəndələrinə, o cümlədən aqrar və aqrar-sənaye layihələrində yeni inovativ texnologiyalar, ekoloji təmiz məhsul istehsalı üzrə yeniliklər tətbiq edən və təşşəbüslərlə çıxış edən sahibkarlara güzəştlər verilir, dəstək göstərilir.

Ümumilikdə, “yaşıl subsidiya”lar ətraf mühitin qorunması və dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün müasir vasitədir və dünya ölkələri bu cür mexanizmləri aqrar inkişafın vacib predmeti hesab edir.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
400
yeniazerbaycan.com

1Источники