X MƏQALƏ
Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Milli birlik
“Milli birlik” anlayışı bir tərəfdən aydın məzmuna malikdir, digər tərəfdən isə fəlsəfi qavramaq istəsək, izah edilməli məqamları çoxdur. Ümumi mənada milli birlik cəmiyyətin bütün kəsimlərinin harmonik münasibətlərdə və tam həmrəylikdə olmasını ifadə edir. Onun kökü fərdi səviyyədə milli duyğular və milli psixologiya, birgəyaşamın xüsusiyyətləri ilə bağlıdır. Bu faktorların nisbətinə görə, milli birlik cəmiyyətdən-cəmiyyətə fərqlənə bilər. Bundan başqa, milli birlik daxili və xarici sosio-mədəni, siyasi, iqtisadi, ideoloji və s.faktorlarla şərtlənir. Deməli, burada üç səviyyədə birliyi anlama qarşılıqlı əlaqədə özünü göstərir – fərdi anlam, kollektiv anlam və hüquqi normalara uyğunluq.
Milli birlik, xüsusilə, mürəkkəb situasiyalarda sınaqdan keçir və yeni məna çalarları ala bilir. Yəni, o, dinamik, açıq proses kimi mövcud durumlara millətin kollektiv formada verdiyi reaksiyadır. Burada ictimai institutların əməkdaşlığı xüsusi rol oynayır. İctimai münasibətlər kontekstində baxdıqda isə onun müəyyən mərhələlərini ayırmaq olar. Bura konstitusiya, siyasi sistemin özünü daimi yaratması, siyasi və idarəetmə qərarlarının qəbulu və reallaşdırılması, siyasi sistemə nəzarət daxildir.
Belə alınır ki, milli birlik cəmiyyətin istənilən situasiyada baş verən proseslərə elə kollektiv münasibətdir ki, toplumun bütövlüyü, əməkdaşlığı, harmoniyası və həmrəyliyi təmin edilir. Aydın görünür ki, vurğulanan anlamda milli birlik cəmiyyət, vətən və dövlət faktorun nisbətini əhatə edir. Bu üç əsas faktorların vəhdəti konkret tarixi dövrdə milli birliyin məzmununu təşkil edir. Eyni zamanda, cəmiyyət –vətən – dövlət harmoniyasını yaradan mexanizmin mövcudluğu mütləqdir.
Vətən müharibəsi və milli birlik
Mürəkkəb situasiyalarda milli birlik cəmiyyət – vətən – dövlət münasibətlərində konkret təzahürünü tapır. Bu zaman birlik “sifarişi” cəmiyyətdən gəlməlidir. Yəni toplum özünün monolit surətdə birləşib, təhdid və təhlükələrə qarşı durmasını bir tələbat olaraq qəbul etməlidir. Vətəni müdafiə məsələsində məhz bu toplumsal daxili canatma mütləq mövcud olmalıdır. Əks halda, ən səmərəli birlik modeli belə real nəticə vermir.
Cəmiyyətin bu daxili “tələbatı və sifarişi”nin reallaşması üçün motivəedici və istiqamətverici ideologiya, mənəvi sistem gərəkdir. Azərbaycanda Vətən müharibəsi başlananda cəmiyyət həm bu tələbatı nümayiş etdirdi, həm də onun reallaşmasının ideoloji və bütövlükdə, mənəvi aspektini, sözün həqiqi mənasında, ortaya qoydu. Bu, Vətən sevgisi, azadlıq, müstəqil dövlətçilik və milli ləyaqət duyğularına asaslanan azərbaycançılıq idi!
Azərbaycan vətəndaşları bu canatmanı öz davranışlarında nümayiş etdirdilər. Onun bir neçə təzahür forması özünü göstərdi. Azərbacyan həm vətəndaş, toplum və xalq olaraq dövlət başçısının Vətəni müdafiə etməyə yönəlmiş səslənişlərini cani-dildən qəbul etdi. Canlı şahidiyik ki, bütün cəmiyyət coşqu içində idi. Bu, cəmiyyətin liderinə, vətəndaşın dövlət başçısına və əsgərin Ali Baş Komandanına tam etibar və etimadının göstəricisi idi. Deməli, Vətən müharibəsi bütün dünyaya sübut etdi ki, II Qarabağ savaşı onun milli, təbii, qanuni, mədəni və mənəvi-əxlaqi kimliyinin yaranmış mürəkkəb vəziyyətdə kon-kret təsdiqidir.
Vətən müharibəsində, bu, olduqca mühüm məqamdır. Müqayisəyə ehtiyac vardır. Ermənistanda da müəyyən həvəs özünü göstərirdi. Müharibənin ilk 3 günündə Azərbaycan Orudsunda (səbəbini bilmirəm) itki bir qədər çox olmuşdu. Qarşı tərəfin hərbi rəhbərliyi bundan daha da ruhlanmışdı. Hətta, xaricdəki şovinist xislətli ermənilər bir qədər coşmuşdular.
Saxta erməni vətənpərvərliyi
Lakin bu coşqunun möhkəm mənəvi, ideoloji və əxlaqi təməli yox idi. Çünki, o, nifrətə, qonşunu aşağılamağa, onun tarixini, dövlətçiliyini və mədəniyyətini qabalıqla oğurlamağa söykənirdi. Erməni əsgəri üçün elə bir ciddi və qalıcı motivasiya yoxdur ki, son damla qanına qədər torpaq uğrunda vuruşsun. Çünki qəlbinin dərinlərində bilir ki, bu torpaq onun deyil. Babaları onu kişi kimi savaşıb almamışdılar. Bu torpaqları onlara ingilis, fransız və rus havadarları hədiyyə etmişlər. Buna görə də erməni bir əsgər olaraq haqlı olmadığını təhtəlşüurunda bilirdi. Ona görə də Azərbaycan Ordusunun tezliklə özünə yeni çəki-düzən verməsi və qarşı tərəfə Vətəni qorumağın əsl mənasını anlatmağa başlayan andan erməni əsgərinin qorxaqlığı özünü göstərdi.
Nümunə kimi, savaşın gedişində erməni tərəfin özünün və onun Avropa və Rusiyada olan ağalarının çəkdikləri savaş səhnələrini göstərə bilərik. Onlardan birində aydın görünür ki, 20 nəfərə yaxın “qəhrəman erməni əsgəri” uzaqdan gördükləri 5-6 nəfərlik Azərbaycan komandosundan qorxaraq dovşan kimi qaçırlar. Sonradan Fransada yaşayan bir erməni şovinist bu kimi səhnələri şərh edərkən demişdi: “türklər (yəni azərbaycanlılar) elə gəlirdilər ki, görünüşləri qorxuya salırdı”.
“Məni də Vətənin müdafiəsinə aparın!”
Azərbaycan cəmiyyəti bu gerçəkliyi yaratdı və sona qədər inkişaf etdirdi. Savaşın elə bir anı olmadı ki, Azərbaycan cəmiyyət kimi coşmasın, gənclərimiz hərbi komissarlıqların qarşısında yaxşı mənada “üsyan etməsin”. Tələb bir idi: “məni Vətəni qorumağa göndərin!” Şahidi olduğum bir hadisəni dəyərli oxucularla bölüşməkdən qürur duyuram.
Binəqədi Hərbi Komissarlığına oğlumu əsgərliyə yola salmağa getmişdik. Orada iki gənc öz ataları ilə “savaşırdı”. Yaşda bir qədər böyük olan oğlan özünün minaatan olduğunu və müharibəyə aparılmasını tələb edirdi. Ata da onunla razılaşırdı. Lakin hərbin öz qanunları var – ordu buna hələlik ehtiyac görmürdü. Və bu gənc küsdü! Təsəvvür edin, azərbaycanlı gənc inciyir ki, niyə onu Vətəni qorumağa aparmırlar. Və bu epizodun fonunda əsgər gedən qardaşı özünü çox rahat hiss edir, çiyninə saldığı bayrağı yellədərək gülümsəyirdi – yəni mən o şərəfə nail oluram! Maraqlı idi ki, yaşlı ata da böyük öğlu ilə həmfikir kimi özünün də yararlı ola biləcəyini deyirdi!
Bu epizodun canlı psixoloji təsirini, yaratdığı duyğusal qüruru heç zaman unutmyacağam! Çünki belə faktlar sözdə deyil, əməldə Vətən savaşının daxili məzmununu, məntiqini və psixologiyasını dərk etməyin ən gözəl faktıdır. Bura dünyanın hər tərəfindən azərbaycanlıların Prezident İlham Əliyevə, hakimiyyət orqanlarımıza, ordu rəhbərliyinə “biz də gəlirik, bizi də aparın!” hayqırtılarını əlavə etmək gərəkdir. Bu hayqırtılar, qanuni və milli tələblər Təbrizdən, Dərəbənddən, Borçalıdan və dünyanın ən uzaq ölkələrində yaşayan azərbaycanlılardan da gəlirdi. Əgər onlardan ordu düzəltsən milyonlar alınardı! Bəlkə də sayı Ermənistan əhalisinin sayını ötüb keçərdi. Bu coşqunun mənbəyi hardandır?
Şübhə yoxdur ki, dərinlikdə azərbaycanlı kimliyinin tarixi formalaşması, dövlətçiliyin qanımıza hopması, ailə tərbiyəsi və əsrlərin sınağından çıxmış birlik fəlsəfəsi dayanır. O da maraqlı və əhəmiyyətlidir ki, bütün bu faktorların fonunda müasir mərhələdə Azərbaycan cəmiyyətinin toparlanmasına şərait yaradan dövlət siyasəti çox əhəmiyyətli görünür. Onun bir neçə əlamətini vurğulaya bilərik.
Azərbaycan lideri və Azərbaycan əsgəri
Birincisi, qarşı tərəf Azərbaycan insanına, cəmiyyətinə, mədəniyyətinə, kimliyinə və günahsız insanlarına qarşı çox yaramaz, qəbuledilməz, vəhşi hərəkətlər etmişdi. Bu barədə faktlar kifayət qədər deyilmişdir və təkrara ehtiyac yoxdur. Yəni azərbaycanlılar erməni təcavüzkarlarının mərdanə döyüşüb, torpaq alan tərəf kimi deyil, xalqa, insanlara, qocalara, qadınlara və uşaqlara qarşı vəhşilik edən çaqqallar kimi baxırdılar və tam haqlı idilər.
İkincisi, azərbaycançılıq məfkurəsi 1993-cü ildən başlayan təcrübənin göstərdiyi kimi, real olaraq cəmiyyəti birləşdirmişdi, onu mürəkkəb vəziyyətlərdə Vətən və dövlətçilik naminə mübarizəyə psixoloji olaraq hazırlamışdı.
Üçüncüsü, Azərbaycanın liderinə inam tamdır. İlham Əliyev Prezident, Lider və Ali Baş Komandan kimi aparıcılıq qüdrətini bütün incəliyi ilə sübut edirdi. Dövlətin başçısı davranışları, məqsədləri və atdığı gerçək addımları ilə həm Azərbaycan cəmiyyətinə, həm də bütün dünyaya qələbə əzmini qətiyyətlə nümayiş etdirdi. Hərb meydanında verdiyi qərarlar, informasiya savaşında apardığı qətiyyətli və ədalətli mübarizə, xalqına, dövlətə və milli tarixə olan dərin sədaqətini nümayiş etdirməklə Vətən savaşının mahiyyətini formalaşdırdı!
Dördüncüsü, Azərbaycan əsgəri! Savaşın qəhrəmanı, hərb meydanında göstərdiyi Vətən sevgisi, ölümə meydan oxuması, şücaəti, döyüş qabiliyyəti, intizamı və sonsuz qələbə əzmi ilə tarix yazdı! Azərbaycan əsgəri müasir mərhələdə Vətən savaşının nə demək olduğunu bütün dünyaya göstərdi!
Xalq dəstəyi
Azərbaycan xalqının liderinə və ordusuna verdiyi inanılmaz dəstək ayrıca araşdırılmalıdır! Fəlsəfi araşdırma üçün unikal bir vəziyyət yaranmışdı. Dünyanın çox ölkələrində sosial və milli həmrəyliyin təmin edilməsinin yollarını axtarırlar, lakin Azərbaycan xalqı keçən əsrin 90-cı illərinin saysız-hesabsız psixoloji travmalarına rəğmən böyük birlik nümayiş etdirdi. Vətəndaş şəhid və qazi olmağı özünə namus borcu və şərəf bildi! Vətən torpaqlarının hər qarışının azad ediməsi böyük coşqu yaradırdı. Hər kəs sevincdən ağlamağa hazır idi. Hər kəs özünün Vətəni müdafiə etməyə necə kömək edə biləcəyinin üsullarını axtarırdı. Bütövlükdə xalq Vətəni müdafiə etməyə köklənmişdi. Və qarşısında kimsə dayana bilməzdi!
Burada fəlsəfi kontekstdə xalq dəstəyi ilə milli birliyin məzmunu arasında maraqlı bağlantıları tədqiq etmək aktualdır. Məsələ onunla bağlıdır ki, xalq dəstəyi, eyni zamanda, bir toplum kimi, birlikdən qaynaqlanır. Milli birliklə xalq birliyi bu məqamda bir-biri ilə qovuşur. Onları vahid birlik modelinə gətirən isə azərbaycançılıq fonunda vahid Vətən və vahid müstəqil dövlət anlamlarıdır. Azərbaycançılıq Vətən və müstəqil dövlət anlayışlarının daxili məzmun birliyini təmin etdi!
Azərbaycançılığın dörd ideya vahidinin qısa fəlsəfi təhlili göstərir ki, Vətən müharibəsi zəngin mənəvi, əxlaqi, mədəni, ideya və dövlətçilik kimi məna çalarlarına malikdir. Onun tədqiq edilməsi çox aktualdır. Eyni zamanda, II Qarabağ savaşının Vətən müharibəsi kimi regional və qlobal miqyasa təsiri xüsusi mövzudur. Bunun fonunda II Qarabağ savaşının regional geosiyasi mənzərəni dəyişməsi və regionlar-arası miqyasda Azərbaycanın dövlət kimi iştirakının fəlsəfi özəlliklərini təhlil etmək də ayrıca aktual məsələdir. Bu məqamların üzərində dayanaq.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru