Bu layihədə 1,1 min kilometrlik sualtı, 95 kilometrlik yerüstü kabel xəttinin çəkilməsi nəzərdə tutulub
Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində ölkəsinin xarici işlər naziri Peter Siyartoya istinadla Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyadan olan enerji operatorlarının tezliklə “yaşıl” enerji sahəsində tərəfdaşlıq haqqında yenilənmiş sazişi imzalamağı planlaşdırdıqlarını bildirib.
Z.Kovaç daha sonra “yaşıl” enerjinin Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya idxal etməyə imkan verən layihənin praktiki icrasına yaxınlaşdığını, bununla bağlı Macarıstan–Azərbaycan–Gürcüstan–Rumıniya tərəfdaşlığına dair Buxarestdə keçirilən görüşdə milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyinin vurğulandığını, eyni zamanda, “Azərbaycan–Gürcüstan–Avropa Qara dəniz vasitəsilə “yaşıl” enerji dəhlizi” layihəsinin Gürcüstan və Azərbaycandan yeni enerji mənbələrinin reallaşacağına şərait yaradacağını, bununla da Macarıstanın enerji istehlakında dayanıqlığının artacağını qeyd edib.
Paylaşımda, həmçinin layihədə iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin birgə müəssisə yaradılması və tezliklə “yaşıl” enerji sahəsində tərəfdaşlıq haqqında dəyişdirilmiş sazişin imzalanmasının planlaşdırılması diqqətə çatdırılıb. Məlumatda belə layihələrin uğurunun çox vaxt maliyyələşdirmədən asılı olduğu, Avropa İttifaqının bu layihəyə lazım olan infrastrukturun inkişafı üçün maliyyə dəstəyi göstərəcəyinə ümid edildiyi bildirilib. Paylaşımın sonunda 1100 kilometrlik sualtı kabelin uzunluğuna görə rekord olacağı və layihə başa çatdıqdan sonra “yaşıl” enerjinin idxalının asanlaşacağını vurğulayıb.
Xatırladaq ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər–Rəhbər Komitənin iclası keçirilib. Energetika Nazirliyindən aldığımız məlumata görə, toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil ediblər. Görüşə Bolqarıstan, Avropa Komissiyası, ötürücü sistem operatorları və CESI şirkətinin nümayəndələri də qatılıblar.
İclasda layihənin CESI şirkətinin həyata keçirdiyi texniki-iqtisadi əsaslandırmasının cari vəziyyəti, birgə müəssisənin təsis edilməsi ilə bağlı görülən işlər, “yaşıl” enerji dəhlizinin fiber-optik komponenti, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarına və digər istiqamətlərə dair məsələlər müzakirə edilib.
Pərviz Şahbazov “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırıldığını vurğulayaraq prosesin intensivliyini gerçəkləşdirəcək tövsiyələr verib. Nazir, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl” enerji dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Nazir daha sonra deyib: “Bu gün birgə müəssisənin təsis sənədlərinin imzalanması ilə layihəmiz yeni mərhələyə qədəm qoyur. Birgə müəssisə – Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və icrası proseslərinə nəzarətə məsul, iştirakçı ölkələr tərəfindən həvalə edilən tədbirləri həyata keçirən qurum kimi fəaliyyət göstərəcək. “Yaşıl” enerji dəhlizinin əsas resurs mənbəyi olan Azərbaycan Avropa ölkələrinin bərpaolunan enerji sahəsində də əsas tərəfdaşlarından biri olacaq”.
Müzakirələrdən sonra Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları (“AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM) arasında birgə müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar müqaviləsi”, həmçinin iclasın yekunlarına dair protokol imzalanıb. Birgə müəssisə və İşçi qrupa müəyyənləşdirilən müddət ərzində layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması üçün məsləhətçi şirkətlə birgə prosesləri sürətləndirmək, nazirlərin növbəti görüşünədək birgə müəssisənin fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb.
“Yaşıl” Enerji Dəhlizi Birgə Müəssisəsinə rəhbərliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa, ümumi və qarşılıqlı maraq doğuran layihələrin ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərçivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib. COP29 İqlim Liderlərinin Sammiti zamanı layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirilməsinə də dəstək ifadə olunub. Yekunda nazirlərin Buxarest görüşünün nəticələrinə dair brifinq keçirilib.
Xatırladaq ki, 2022-ci il dekabr ayının 17-də imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də Rumıniya ilə respublikamız arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi nəzərdə tutulub və 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisi qərara alınıb. Bu anlaşma ilə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası qoyulub.
Layihənin əhəmiyyətini nəzərə alan Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı vasitəsilə Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatlarının aparılmasının maliyyələşdirilməsi üçün 35 milyon dollar məbləğində krediti təsdiqləyib. Avropa İttifaqı (Aİ) isə Şərq Tərəfdaşlığı İnvestisiya Planına əsaslanaraq layihəyə 2,3 milyard avro ayırmaq niyyətini bəyan edib. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihəyə dəstək məqsədilə müzakirələrə başlayıb.
Yeri gəlmişkən, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl” enerji təchizatçısına çevrilməyi planlaşdırır. Çünki Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. “Yaşıl” enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Əlbəttə, bu göstəricilər xarici strateji investorların Azərbaycanın enerji bazarı üçün maraqlı olmasını deməyə əsas verir.
Xəzər regionundan Aİ ölkələrinə Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi 4 qiqavata qədər “yaşıl” enerjinin ötürülməsini asanlaşdıracağı gözlənilir. Eyni zamanda, bu layihə ilə yanaşı, Xəzər regionundan Aİ-yə “yaşıl” hidrogenin çatdırılması üçün sistemin yaradılması da diqqətdə saxlanılır. Artıq Xəzər dənizindən Qara dənizə, oradan da Avropaya istiqamət götürəcək bu layihənin texniki-iqtisadi əsaslandırılması sonuncu mərhələyə qədəm qoyub. Layihənin texniki-iqtisadi əsaslandırılmasını İtaliyanın CESİ şirkəti həyata keçirir. Texniki-iqtisadi əsaslandırmanın bu ilin sonuna qədər hazır olacağı gözlənilir. Araşdırmalar nəticəsində elektrik kabelinin optimal xarakteristikası müəyyənləşdirilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu təhlil olunub, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün zəruri işlərin təsviri və tenderlə bağlı texniki tapşırıq da tərtib olunub.