Bir çoxları günün əksər hissəsini sosial şəbəkələrdə keçirir, həyatda baş verən müsbət halları paylaşır və ya ən gözəl fotoları izləyicilərlə bölüşür. Araşdırmalar göstərir ki, onlar natamamlıq kompleksinə görə yaşadıqları həyatla gerçəkliyi əks etdirməyən paylaşımlar edirlər. Psixologiyada bu problem “ördək sindromu” adlandırılır.
SİA xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Sadəcə, pozitiv anların dostlarla paylaşılmasını normal hesab etmək olar, amma bu gerçəkliyi əks etdirməyən və mübaliğəli hal alırsa, artıq psixoloji sindromdur. Sosial şəbəkə insanların xoşbəxtlik axtarışından bezdiyi cəmiyyət ideyasını gücləndirir. Burada nümayiş etdirilən bir növ saxta xoşbəxtlikdir. Nəyin bahasına olursa-olsun, uğur qazanmaq məcburiyyətində olduğumuzu söyləyən həmin xoşbəxtlik alqoritmi sosial media tərəfindən yaradılır”.
Gerçək həyatda insanlar bir-birilərinə “çox gözəlsən”, “çox dəbli görünürsən”, “bu paltar sənə çox yaraşır”, - deyə fikrini bildirmir. Sosial şəbəkələrdə isə əksinə, bu cür paylaşımlara dərhal şərhlər və reaksiyalar gəlir və bu da insanların xoşuna gəlir. Amma bu mükəmməl həyatların arxasında tez-tez asılılıqdan əziyyət çəkənlər və depressiyaya düşənlər olur. “Ördək sindromu” yaşayanlar özlərini başqaları ilə müqayisə edir, onların daha yaxşı olduğunu hiss edir, hər zaman tənqidolunma qorxusu ilə yaşayır.
“Həmin sindromun daşıyıcıları başqalarının gözündə yüksəlmək üçün özünü fərqli göstərir. Əslində bu, çox narahatedicidir, çünki bununla yalnız müəyyən bir imic üçün sevilmək olar, özünüz olduğunuz üçün yox. Rəqəmsal xoşbəxtlik bir ixtiradır, onun arxasında duran bədbəxt insanların xoşbəxt ola biləcəkləri fikridir. Bir çoxları yalançı xoşbəxtlik və sevinc nümayiş etdirir, xoşbəxt olmadığını bu yolla gizlədir. Xoşbəxt insanlar isə demək olar ki, çox az paylaşım edir, çünki onların şəkil çəkdirmək yadlarına da düşmür” ,- deyə psixoloq bildirib.
Əsl xoşbəxtlik sosial şəbəkədəki paylaşımda deyil, gerçək həyatda ailə, dostlar, qohumlarla olan xoş münasibətdədir.
Afət Tahirqızı