RU

Hippokratın sirri: Onun andı necə və niyə dəyişdirilib?

Tez-tez eşitdiyimiz “Hippokrat andı” haqqında nələri  bilirik? Həkimlik diplomu qazanan hər bir tibb universiteti tələbəsi bu andı içir. “Hippokrat andı” hardasa, həkimlik sənətinin peşəkar etik kodu kimi qəbul edilib. Bu and həkimin davranışını təyin edən ən vacib müddəaları əhatə edir. Hər bir həkim karyerası boyunca azı bir dəfə də olsa bu cümləni eşidib: “Siz Hippokrat andı içmisiniz”. Lakin iş orasındadır ki, bu qədim andın sözləri dəfələrlə dəyişdirilib. Bu gün həkimlərin and içdiyi “Hippokrat andı” qədim, original variantından xeyli fərqlənir.

Bəs, adı dillər əzbəri olan Hippokrat - bu universal şəxsiyyət əslində kim idi? Onun tərtib etdiyi and nədən bu qədər məşhurlaşıb?

“Səhiyyə tanrısı”nın övladı

“Tibbin atası” sayılan Hippokrat haqqında bu günümüzədək çatan dəqiq mənbələrin sayı çox azdır. Buna baxmayaraq, qaynaqlarda Hippokrata aid edilən üç tərcümeyi-hal nümunəsi, eləcə də müəllifliyi ona aid edilən əsərlərin uzun siyahısı var. Əslində, Hippokratın bütün tərcümeyi-halı ölümündən uzun illər sonra yazıya alınmışdır. “Hippokrat korpusu” adlanan tarixi materiallar toplusu isə böyük təbibin özü tərəfindən deyil, onun məktəbinin davamçıları tərəfindən yazılıb.

Həmin materiallara əsasən, Hippokrat təxminən,  eramızdan əvvəl 460-cı ildə Kos adasında dünyaya gəlib.  Onun həm ata xətti, həm də ana tərəfi nüfuzlu ailədən olub. O zamankı inanca görə Hippokratın ata nəslinin təbabətin himayədarı olan tanrı Asklepinin soyundan gəlib.

Hippokratın anası isə Heraklın soyuna mənsub olub.

Qədim dövrlərdə həkimlik sənəti ənənəvi olaraq atadan oğula ötürülürdü. Hippokrat da bu peşəni atasından miras almışdı. Hippokrata aid edilən əsərlərdə onun Trakya və Makedoniya ərazilərinə səyahəti barədə məlumatlar var. Lakin digər mənbələrdə səyahətlərə Hippokratın yox, onun tələbələrinin çıxması qeyd olunur.  Hippokrat demək olar, bütün həyatı boyu təbibliklə məşğul olmuş, təxminən 80 yaşlarında Larisa şəhərində vəfat etmişdir.

Vəbanın qarşısını alan, Demokriti müalicə edən, düşmən ordusunu hipnoz edən həkim

Hippokratın həyatı və peşə fəaliyyəti barədə bir neçə rəvayət var. Rəvayətlərdən birində onun eramızdan əvvəl 420-ci ildə Afinada yayılmağa başlayan vəbanın qarşısını alması nəql edilir. Digər bir əhvalat Hippokratın məşhur filosof Demokriti müalicə etmək üçün dəvət edilməsi barədədir. Deyilənlərə görə tibbin atası filosofu müayinə edərkən onun dəli olmadığını, əksinə, dünyanın və insanların qüsurlarını daha aydın şəkildə gördüyünü aşkar etmişdi. Başqa bir rəvayətə görə afinalılar Hippokratın vətəni Kosa hücum edərkən, həkim işğalçı ordunun önünə çıxaraq təsirli bir nitq söyləyir və onları geri qaytararaq şəhəri dağılmaqdan xilas edir.

Bəs, bu hekayətlər nə dərəcədə həqiqətə uyğundur?

19-Tibb tarixçisi Saveli Kovner yazır:

“Hippokrata aid əhvalatlarda gerçəklik kimi qəbul edə biləcəyimiz əsas məqamlar Hippokratın tarixi şəxsiyyət kimi mövcudluğu, onun həqiqətən Kos adasında doğulması, Peloponnes müharibəsinin şahidi olmasıdır. O da həqiqətdir ki, Hippokrat “periodeutus” (səyyar həkim) kimi çoxlu səyahət edib, tibbə dair xeyli sayda araşdırmalar aparıb”.

Elm inanca qarşı

Antik dövrdə xəstəliklərin fərqli müalicə metodları var idi. Müxtəlif iksirlərin və məlhəmlərin istifadəsi, cərrahi əməliyyatlar, fizioterapiya, gimnastik hərəkətlər, müxtəlif vannaların qəbulu kimi müalicə üsulları mövcud idi. Həmin vaxtlarda tibbi müalicə ilə yanaşı, dini inanclara əsaslanan rituallar da həyata keçirilirdi. Məsələn, geniş yayılmış bir inanca görə, xəstə Asklepi məbədində qurbanlıq heyvanların dəriləri üzərində yatmalı və yuxu görməli idi. Guya, Səhiyyə tanrısı bəxti gətirən xəstənin yuxusuna girir və ona xəstəlikdən necə qurtulacağına dair dəqiq işarələr verirdi.

Hippokrat bu inancları qəbul etmir, insanları bu cür cəfəngiyatlara inanmamağa çağırırdı. O, tələbələrinə belə deyirdi: “Əvvəlcə xəstəni diqqətlə müşahidə edin, onunla danışın, orqanizminin xəstəliklə mübarizə aparacağına xəstədə inam və şərait yaradın”.

Hippokratın təliminə görə xəstəliklə mübarizə aparmağa xəstələnməmişdən öncə başlamaq lazımdır. Bunun üçünsə o, idmanla məşğul olmağı və az-az qidalanmağı tövsiyə edir, həmçinin, orqanizmdə dörd əsas maddənin - qan, selik, öd və qara ciyərin vəziyyətini diqqətdə saxlamağı məsləhət görürdü.

“Hippokrat andı”nın original prinsipləri 

Beləliklə, gələk dünyaca məşhur “Hippokrat andı” məsələsinə. “Hippokrat andı” təxminən, eramızdan əvvəl 400-cü ildə yazılmışdır. Bir çox qədim mənbədə bu andın antik həkimin ilk əxlaqi və etik kodeksi olduğu fikrinə rast gəlmək olar. Əslində andın ortaya çıxma səbəbi olduqca primitiv idi. Hippokrat geniş auditoriyalı tibb məktəbi yaradan ilk həkimlərdən biri kimi mövcud adət-ənənənin əksinə getmişdir. Belə ki, o, təkcə övladlarına deyil, həmçinin kənardan gələn və həkim nəslindən olmayan şagirdlərə də ödəniş müqabilində dərs deyirdi. Həkim ailəsindən olmayan şagirdlərin bu məktəbə, ümumilikdə isə tibbə hansısa şəkildə zərər verə biləcəyindən qorxan Hippokrat onlar üçün xüsusi maddələrdən ibarət and hazırlamışdı. Hippokratın orijinal andının əvvəli belə başlayırdı: 

“Tibb tanrıları Apollona, As?lepiyə, Gigiyenaya və Panaseyaya, eləcə də bütün tanrılara və ilahələrə and içirəm ki, mənə həkimlik sənətini öyrədən müəllimi  valideynlərimə bərabər tutacaq, qazancımı onunla  bölüşəcək, lazım gələrsə, ehtiyaclarında ona kömək edəcəyəm. Onun övladlarını özümə qardaş biləcəm, bu sənəti öyrənmək istədikləri təqdirdə ödəniş almadan onları öyrədəcəyəm... Gücüm çatdığı müalicələrimi pislik üçün deyil, hər zaman insanlara yardım üçün istifadə edəcəyəm. Məndən istifadə üçün zəhər istəyənə onu verməyəcək, belə bir hərəkət tərzini heç kimə  tövsiyə etməyəcəyəm...”

Andın sonrakı hissəsində isə Hippokratın məşhur prinsipləri gəlir: Tibbi biliklərindən istifadə edərək insanlara zərər yetirməmək, xəstələrə öldürücü dərmanlar verməmək, qadınlara abort dərmanları verməmək, təhsili başa vurmadan cərrahi əməliyyat keçirməmək, savadlı və tanınmış cərrahlara güvənmək, onları pisləməmək, xəstənin məxfi məlumatlarını paylaşmamaq...

Yeni versiyaların yaranması 

Müasir tədqiqatçıların fikrincə, “Hippokrat andı” qədim zamanlarda bizim ona yüklədiyimiz müqəddəs mənalar  daşımırdı. Daha doğrusu, bu qaydalar təxminən, aşağıdakı formada səslənən adi bir gildiya andı idi:

“Mən filan peşə qrupuna aid bir şəxsəm,  birliyimizin müəyyən etdiyi qaydalara əsasən davranacağıma dair  öhdəlik götürürəm. Əgər əhdimi pozsam, nə xoşbəxtliyim, nə də şöhrətim olsun!”

Hippokratın yaradıcılığına gəldikdə, məlumdur ki, həm avropalı təbiblər, həm də ərəb həkimləri onun əsərlərindən geniş şəkildə istifadə ediblər. Tarixi gedişata və məkanlara uyğun olaraq, “Hippokrat andı” da zaman-zaman dəyişdirilib. Məsələn, andın orijinal versiyasındakı  qədim yunan tanrıları Apollon və Asklepi isimləri orta əsrlərdə dəyişdirilərək yeni tanrılarla əvəz edilib. 

Məsələn, “Hippokrat andı” Rusiyada həkim Matvey Mudrov (1776-1831) tərəfindən rus dilinə tərcümə edilərək o qədər dəyişdirildi ki, and “Rus həkiminin fakültə vədi”nə çevrildi.

Mudrovun versiyası belə oldu:

“Mən tibb elmini öyrənməyə davam edəcəyimə və kəşf etdiyim hər xırda detalı elm dünyasına çatdıraraq onun çiçəklənməsinə var gücümlə töhfə verəcəyimə and içirəm. Söz verirəm ki, gizli dərmanlar hazırlayıb satmayacaq, həmkarlarıma qarşı ədalətli olacaq və onlar haqda təhqiramiz söz işlətməyəcəm. Xəstənin maraqlarını qoruyacaq, tərəfsiz və obyektiv olacağam”.

Müasir “Hippokrat andı”

Beləliklə, “Hippokrat andı” zamanın tələblərinə uyğun olaraq, getdikcə təkmilləşdi. 1948-ci ildə Ümumdünya Tibb Assosiasiyasının 2-ci Baş Assambleyası mahiyyətcə dəyişdirilmiş “Hippokrat andı” olan Cenevrə Bəyannaməsini qəbul etdi. Bu konvensiyaya əlavə olaraq, müəllimlərə minnətdarlıq və peşə vəzifəsini ləyaqətlə yerinə yetirmək öhdəliyi də daxil edildi.

ABŞ-da isə bu andın mətni professor Lui Lazanya tərəfindən yenidən tərtib edildi. Lazanyanın versiyası belədir:

“Hər an xatırlayacağam ki, tibbdə elmlə yanaşı yaradıcılıq da var. Bəzən, qayğıkeşlik, məhəbbət və vicdan cərrahın neştərindən də, əczaçının dərmanından da üstün ola bilər. Heç vaxt “mən bilmirəm” deməkdən utanmayacaq, xəstənin sağlamlığı naminə lazım gələrsə, həmkarlarımın köməyindən istifadə edəcəyəm”.

Murad Köhnəqala

Избранный
202
41
yeniazerbaycan.com

10Источники