Ermənistan MDB-nin qeyri-rəsmi sammitində və BRİCS sammitində iştirak edəcək. Bu barədə Ermənistan parlamentində jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
BRİCS - Braziliya, Rusiya Federasiyası, Hindistan, Çin Xalq Respublikası və Cənubi Afrika Respublikasından ibarət olan dövlətlərarası birlikdir. 2023-cü il avqustun 24-də bu birliyə daha İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və Səudiyyə Ərəbistanı qoşulub.
Ermənistan özünü ziddiyyətli siyasi addımların mərkəzində tapıb və bu, onun xarici siyasətində ən azı anlaşılmaz bir vəziyyət yaradır. Bir tərəfdən, ölkə Avropa İttifaqı strukturlarına inteqrasiya etməyə çalışır, NATO-ya üzv olan ölkələrdən, o cümlədən Fransadan hərbi yardım alır və NATO-nun müttəfiqi olan Hindistandan dəstək görür. Digər tərəfdən, Ermənistan BRİCS sammitində iştirak edir - bu təşkilat Qərb alyanslarına alternativ olaraq yaradılaraq Avropa İttifaqı, NATO və Beynəlxalq Valyuta Fondu ilə fəal şəkildə rəqabət aparır.
BRİCS yeni dünya valyutasının yaradılmasını və Qərbin dominant təsirinə meydan oxumaq üçün qlobal strukturların qurulmasını dəstəkləyir. Ermənistanın BRİCS sammitində iştirakı, belə bir kontekstdə, eyni vaxtda həm Qərb strukturları ilə əlaqəni qoruyub saxlamaq, həm də onların birbaşa rəqibləri ilə münasibətləri gücləndirmək cəhdi kimi görünür.
Bu addım Ermənistanın xarici siyasətində ardıcıllıq barədə suallar doğurur. BRİCS kimi təşkilatlara qoşulmaq qərarı, Qərb tərəfdaşları ilə münasibətlərdə gərginliyin artmasına və ölkənin strateji kursunun şübhə altına alınmasına səbəb ola bilər. Bu cür "çoxvektorlu" yanaşma daha çox dəqiq xarici siyasət xəttinin olmamasını göstərir, nəinki çevik diplomatiyanın həyata keçirildiyini.
... Ermənistan öz prioritetlərini müəyyənləşdirməlidir, əks halda qərarların qəbulunda belə "ikili oyun" ölkəni hər iki tərəfdən real dəstəkdən məhrum edə bilər.
Ermənistanın BRICS sammitində iştirakı, ölkənin beynəlxalq arenada öz mövqeyini müəyyənləşdirmə cəhdlərinin bir hissəsi olaraq diqqətəlayiqdir. Bu sammit 2024-cü ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçiriləcək və burada Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşü gözlənilir.
Azərbaycanın da BRICS-ə üzvlüklə bağlı müraciət etməsi və bu təşkilatda mövqeyini gücləndirməsi Ermənistanın bu addımlarının ciddi suallar doğurduğunu göstərir.
Azərbaycanın BRICS-ə üzvlük üçün müraciəti ölkənin Asiya təşkilatları ilə əlaqələrinin dərinləşdirilməsi üzrə strategiyasının tərkib hissəsidir. Bu addım Azərbaycanın beynəlxalq platformalarda mövqeyini daha da gücləndirmək məqsədi daşıyan çoxvektorlu xarici siyasətinin bariz nümunəsidir. Ölkənin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi qlobal təşkilatlarda fəal iştirakı təkcə iqtisadi deyil, həm də siyasi mövqeyini möhkəmləndirir. Buna qarşı olaraq, Ermənistanın BRICS-də iştirakının xarici qüvvələr tərəfindən dəstəkləndiyini və çox zaman hökumətin öz iradəsindən kənarda qaldığını görürük.
Ermənistanın BRICS sammitinə qatılmasının əsas səbəblərindən biri Hindistanın təsiridir. Hindistan BRICS-in üzvü olan ən güclü dövlətlərdən biridir və Azərbaycanın bu təşkilatda mövqeyinin güclənməsinə müəyyən dərəcədə soyuq yanaşır. Hindistanın Ermənistana BRICS-lə daha sıx əməkdaşlıq üçün təzyiq göstərməsi mümkündür, bu isə ölkənin məcburiyyət altında bu platformalarda iştirak etdiyini göstərir. Eyni halı ŞƏT kontekstində də müşahidə etdik: Ermənistan və Azərbaycan hər iki ölkənin statusunu artırmaq üçün təşkilata müraciət etdi. Bu addımların mənbəyi Ermənistanın müstəqil iradəsi deyil, tərəfdaş ölkələrin təklifləridir.
Bununla belə, Ermənistan hökumətinin qərblə yaxınlaşma cəhdləri ilə Asiya və Avrasiya strukturlarına daxil olma məcburiyyəti arasında dərin ziddiyyətlər mövcuddur. Ermənistan hökumətinin rəsmən Qərb yönümlü olduğu bəyanatlarına baxmayaraq, ölkə Çin və Hindistan kimi ölkələrlə sıx münasibətlərə görə ŞƏT və BRICS-də iştirak etməyə məcbur olur. Bundan əlavə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) kimi təşkilatlarda qalması Rusiya ilə əlaqələrini davam etdirmək məcburiyyəti ilə əlaqədardır. İranın Ermənistana təsiri isə 3+3 formatında onun iştirakını şərtləndirir.
Maraqlıdır ki, Azərbaycan BRICS-ə üzvlük niyyəti ilə bağlı açıqlama verəndə, Qərb mediasında və diplomatiyasında müəyyən narahatlıq və reaksiya baş verdi. Lakin Ermənistanın bu təşkilatda iştirakının elan edilməsi ilə eyni reaksiya gözlənilmir. Bunun səbəbi Ermənistanın artıq Rusiya və digər Asiya dövlətləri ilə sıx əlaqələrə malik olmasında, Azərbaycanın isə beynəlxalq səviyyədə daha müstəqil və güclü rol oynamağa çalışmasındadır.
Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi isə Azərbaycanın güclənməsi və Ermənistanın beynəlxalq arenada ziddiyyətli mövqeyidir. 2020-ci ildən sonra Ermənistanın destruktiv və aqressiv xarici siyasəti ölkəni bir çox sahələrdə dalana dirəyib. Bu siyasətin nəticəsi olaraq, Ermənistan, xarici qüvvələrdən asılı bir hala gəlib və öz müstəqil iradəsini göstərməkdə çətinlik çəkir. Ermənistanın beynəlxalq arenada neytral statusa keçməsi, ölkəni bu təzyiqlərdən qurtarmağın ən optimal yolu ola bilər. Lakin hazırkı şəraitdə bu, çox çətin görünür.
Bu cür beynəlxalq bipolyar siyasət Ermənistanın milli maraqlarına ciddi zərbə vurur. Ölkənin daha böyük beynəlxalq platformalarda müstəqil hərəkət edə bilməsi üçün öz mövqeyini yenidən gözdən keçirməsi və çoxvektorlu siyasətdən daha praqmatik yanaşmaya keçməsi zəruridir.
Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİCS-ə qoşulmaq cəhdləri İrəvanın geosiyasi strategiyasının ziddiyyətli və anlaşılmaz olduğunu göstərir. Bir tərəfdən, Ermənistanın Qərbə inteqrasiya olmağa can atması və Qərb yönümlü xarici siyasət kursunu inkişaf etdirməsi, digər tərəfdən isə Qərbin açıq şəkildə antoqonist gördüyü təşkilatlara, ŞƏT və BRİCS-ə üzv olmaq istəyi, ölkənin beynəlxalq arenadakı siyasi mövqeyinin qeyri-müəyyən olduğunu sübut edir.
BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) beynəlxalq iqtisadi və siyasi təşkilat olaraq inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarını gücləndirmək məqsədilə yaradılmışdır. Bu təşkilatın əsas hədəfi Qərbin nəzarət etdiyi beynəlxalq maliyyə institutlarına, xüsusən də Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ yaratmaq və yeni iqtisadi və maliyyə münasibətləri formalaşdırmaqdır. Son illərdə BRİCS-in qlobal siyasətdə rolu artıb və inkişaf edən iqtisadiyyatlar arasında əməkdaşlıq platforması kimi mühüm yer tutur. BRİCS-in tərkibində Rusiya və Çin kimi güclü ölkələrin olması onu Qərbin strateji rəqibi kimi görməyə əsas verir.
ŞƏT də oxşar məqsədlərə malikdir, lakin onun əsas diqqəti daha çox təhlükəsizlik və geosiyasi əməkdaşlıqdır. 1996-cı ildə yaradılmış ŞƏT başda Çin və Rusiyanın rəhbərliyi ilə Asiyada təhlükəsizlik, əməkdaşlıq və sabitliyi təmin etmək üçün formalaşdırıb. Təşkilatın əsas üzvləri sırasında Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan və digər Orta Asiya ölkələri var. Qərb bu təşkilatı regional güclərin, xüsusilə də Çin və Rusiyanın təsir dairəsini genişləndirmək vasitəsi kimi görür.
Ermənistanın bu təşkilatlara qoşulmaq cəhdləri İrəvanın çoxvektorlu xarici siyasət yürütmək arzusundan irəli gəlir. Amma Ermənistanın mövcud siyasi durumu onu qərarsız və müstəqil olmayan bir dövlət kimi göstərir. Bir tərəfdən Ermənistan NATO və Avropa Birliyi ilə əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən isə Rusiya və İran kimi Qərbin rəqibləri ilə yaxınlaşmağa çalışır. Bu yaxınlaşmanın səbəblərindən biri ölkənin iqtisadi və hərbi asılılığının böyük ölçüdə Rusiya və İrandan asılı olmasıdır.
BRİCS və ŞƏT-ə qoşulmaq niyyətini bəyan edən Ermənistan, bu təşkilatların üzvləri ilə iqtisadi əməkdaşlıq qurmağa və regional inteqrasiyanın bir hissəsi olmağa can atır. Bununla belə, Ermənistanın belə bir qərarı Qərblə münasibətlərini daha da gərginləşdirə bilər. Bu, İrəvanın xarici siyasətindəki ziddiyyətli yanaşmaları, onun hələ də tam müstəqil dövlət subyekti kimi formalaşa bilməməsinin göstəricisidir. Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan hələ də xarici güclərin təsiri altındadır və bu təsir onun qərarlarına ciddi şəkildə təsir edir.
BRİCS və ŞƏT kimi təşkilatlara qoşulmaqla Ermənistan regional güclərlə əlaqələrini gücləndirməyə çalışır, lakin bu, ölkənin Qərbə inteqrasiya istəyi ilə ziddiyyət təşkil edir. Ermənistanın geosiyasi mövqeyi tarixi baxımdan daim dəyişkən olub. Müstəqillik əldə etdikdən sonra Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv oldu, lakin eyni zamanda Qərb ölkələri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə çalışdı. 2023-cü ildə Ermənistanın ŞƏT-də statusunun artırılması ilə bağlı müraciət etməsi, indi də BRİCS-in Kazanda keçiriləcək sammitində üzvlük istəyini bəyan etməsi ölkənin hələ də qərarsız xarici siyasət kursunu davam etdirdiyini göstərir.
Son nəticədə Ermənistanın BRİCS və ŞƏT-ə qoşulmaq cəhdləri ölkənin xarici siyasətində daha dərin ziddiyyətləri üzə çıxarır və dövlətin hələ də müstəqil subyekt kimi formalaşa bilməməsinə işarə edir. İrəvanın bu istiqamətdə atdığı addımların nəticələri isə həm regional, həm də beynəlxalq səviyyədə ciddi geosiyasi təsirlərə səbəb ola bilər.
Elçin Alıoğlu
TREND