RU

“Neftçi”nin udan günü var ki…

Misli Premyer Liqasının 5-ci turu qonaqlar üçün düşərli oldu. Təsadüfi deyil ki, qonaq komandalardan 3-ü qələbə qazandı, biri isə səfərdən 1 xalla qayıtdı. Yalnız “Səbail” ümumi ansambldan geri qaldı.

“Turan Tovuz”un qələbə sirri: Bir qol yetər

Cari mövsümə əla start verən “Turan Tovuz” uğurlu seriyanı bu turda da davam etdirdi. “Səbail”i qəbul edən Qərb təmsilçisi ənənəsinə sadiq qalaraq ilk hissədə rəqib qapısına yol tapmağı bacardı. Meydan sahiblərinin təzyiqi qarşısında bakılılar 34-cü dəqiqəyədək tab gətirə bildilər. Buna qədər “Səbail”in qapıçısı Hüseynəli Quliyev bir neçə epizodda komandasını real qoldan xilas etsə də, bu dəfə o da heç nə edə bilmədi. Denis Marandiçinin cərimə zərbəsindən hava ötürməsindən sonra “Səbail”in müdafiə xətti topu öz cərimə meydançasından çıxara bilmədi. Epizodun davamında isə Alexandro Serranonun o qədər də güclü olmayan zərbəsi qarşısında Hüseynəli Quliyev aciz qaldı.

“Turan Tovuz”un aşkar üstünlüyü şəraitində keçən ilk hissədə Kurban Berdıyevin yetirmələri daha bir neçə qol vəziyyəti yaratsalar da, epizodları dəyərləndirə bilmədilər.

Tovuz klubu adəti üzrə fasilədən sonra əsas diqqətini müdafiəyə yönəltdi. İkinci hissəyə “Səbail” daha istəkli başlayaraq, ardıcıl hücumlar qurdu. Ancaq bu hücumların heç bir faydası olmadı. Meydan sahibləri özləri də ikinci hissədə qol epizodu yaratdılar. Lakin oyunu ümumilikdə yaxşı keçirən Hüseynəli Quliyevin əla seyvi hesab arasındakı fərqin artmasına imkan vermədi. “Turan Tovuz” qələbə hesabını yenə sonadək qorumağı bacardı və 5 oyundan sonra xallarının sayını 13-ə çatdıraraq, 1-ci pillədəki mövqeyini möhkəmləndirdi.

“Sumqayıt”dan ardıcıl 2-ci məğlubiyyət

Ötən tur “Sabah”a uduzan “Sumqayıt” həmin məğlubiyyəti “Araz-Naxçıvan”la ev oyununda unutdurmaq istəyirdi. Ancaq Samir Abasovun komandası bunu bacarmadı. İlk dəqiqələrdən daha yaxşı oynayan Naxçıvan təmsilçisi səfərdən 3 xalla ayrıldı.

Elmar Baxşıyevin yetirmələri fasiləyədək bir neçə real qol vəziyyəti yaratdılar. Epizodların birində Ramon Maçadonun yaxın məsafədən zərbəsini “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov əla seyvlə dəf etdi. Növbəti epizodda Bəxtiyar Həsənalızadənin başla zərbə qapının yanından keçdi.

İlk hissənin sonlarında hər iki tərəfin ifasında təhlükəli hücumlar quruldu. Lakin nə daha çox şansı olan qonaqlar, nə də azsaylı kəsərli hücumları olan “Sumqayıt” istəyinə çatdı. Belə olan halda, komandalar fasiləyə qolsuz bərabərliklə yollandılar.

Tablodakı rəqəmlər 56-cı dəqiqədə dəyişdi. “Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos uzun reyd etdikdən sonra əla ara ötürməsi ilə Miço Kuzmanoviçi rəqib qapıçı ilə üzbəüz qoydu. “Araz-Naxçıvan”ın “14 nömrəsi” isə Mehdi Cənnətovdan sıyrılaraq topu boş qapıya göndərdi.

“Sumqayıt” hesabda geri düşdükdən sonra ayıldı və dərhal böyük qüvvə ilə irəli atıldı. Bundan sonra oyun üstünlüyü meydan sahiblərinin tərəfinə keçdi və “Araz-Naxçıvan” bütün diqqətini müdafiəyə yönəltmək məcburiyyətində qaldı. Samir Abasovun yetirmələri ardıcıl təhlükəli hücumlar qurdular və çoxsaylı qol epizodu yaratdılar. Ancaq bu fürsətləri heç cür qola çevirmək mümkün olmadı. Nəticədə “Araz-Naxçıvan” Sumqayıtda 3 xal qazanan tərəf oldu, “gənclik şəhəri” təmsilçisi isə ardıcıl 2-ci məğlubiyyətini aldı.

Keçilməz Fernandes və çarəsiz “Neftçi”

“Neftçi” ilə görüş Premyer Liqaya qayıdışından sonra “Şamaxı”nın ilk ev matçı idi. Bu mənada, Ayxan Abbasovun komandası doğma divarlar arasında yaxşı nəticə qazanaraq, azarkeşlərini sevindirmək istəyirdi. Cari mövsümdə qələbə üzünə həsrət qalan “Neftçi” isə tilsimi qırmaq niyyətində idi. Ancaq Roman Qriqorçukun komandası yenə fanatlarını məyus etdi.

Oyunda ilk real qol vəziyyəti 25-ci dəqiqədə qeydə alındı. “Neftçi”nin futbolçusu Dembo Darbonun yaxın məsafədən başla zərbəsini “Şamaxı”nın qapıçısı Rikardo Fernandes əla qurtarışla dəf etdi. “Şamaxı”nın cavab hücumunda isə Giorgi Kantariyanın uzaq məsafədən zərbəsi qapıdan azca aralı keçdi. Ardınca isə Belajdi Pusi meydan sahiblərini hesabda önə keçirməyə yaxın olsa da, onun başla zərbəsində dəqiqlik çatışmadı.

“Neftçi” 1 saatın tamamında hesabı açmağa yaxın oldu. Oyuna sonradan qoşulan Azər Əliyevin qüvvətli zərbəsinə Fernandes əla reaksiya göstərdi. “Şamaxı”nın heyətində isə Leroy Mikels xüsusi fəallıq göstərirdi. O, ikinci hissədə bir neçə dəfə diqqət mərkəzinə düşsə də, zərbələri qeyri-dəqiq alındı.

“Neftçi” son dəqiqələrdə təzyiqi artırsa da, nə qədər çalışsa da, Fernandes səddini keçə bilmədi. Beləliklə, böyük ümidlərlə gətirilən Roman Qriqorçukun “ağ-qaralar”da qələbə həsrəti davam etdi. “Şamaxı” isə Premyer Liqaya qayıdışından sonra keçirdiyi ilk ev oyununda özündən qat-qat çox büdcəsi olan “Neftçi”dən 1 xal almağı bacardı.

“Ağ-qaralar”ın indiki halını görəndə adamın lap ürəyi ağrıyır. Ölkənin ən köklü klubu çempionatın startından 5 tur keçməsinə baxmayaraq, hələ də qələbə qazana bilmir. Belə anda istər-istəməz “Yol əhvalatı” filmi yada düşür. Mərhum aktyor Yaşar Nurinin “Neftçi”nin udan günü var ki…” ifadəsi bu dəqiqə yerinə düşür.

“Sabah”dan “come-back”

Adil Şükürovla yollar ayrıldığı üçün “Kəpəz”i “Sabah”la oyuna müvəqqəti baş məşqçi Xaliq Mərdanov çıxartmışdı. Tovuzda baş tutan qarşılaşma olduqca dramatik alındı. Heç kimin gözləmədiyi halda, “Kəpəz” ilk hissəni 2 top fərqilə öndə bitirdi. 10-cu dəqiqədə Karim Lkoçanın ötürməsini Viktor Braqa dəqiq zərbə ilə tamamladı. Bu, Gəncə təmsilçisinin cari mövsümdə ilk qolu oldu.

Qonaqlar qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət edildilər. Yenə Lkoça assist müəllifi oldu, onun budəfəki ötürməsindən sonra isə Lassana Ndiaye topu boş qapıya göndərməkdə çətinlik çəkmədi.

Bu qoldan sonra “Sabah” özünə gəldi. Fasiləyədək qonaqlar bir neçə dəfə hesab arasındakı fərqi azaltmağa yaxın oldular. “Bayquşlar”ın heyətində xüsusən Coy-Lens Mikels fəal idi. Amma o, ilk hissədə əlinə düşən bütün qol imkanlarını boşa verdi. “Kəpəz”in qapıçısı Məmməd Hüseynov fasiləyədək hesabın dəyişməməsində mühüm rol oynadı.

Bununla belə, “Sabah” ilk hissənin son 15-20 dəqiqəsindəki oyunu ilə hesabı dəyişəcəyini hiss etdirmişdi. Elə də oldu. İkinci hissənin əvvəlində bakılılar penalti vurmaq hüququ qazandılar. Ehtiram Şahverdiyevin cərimə meydançası daxilində topa əllə toxunması “Kəpəz”in qapısına 11 metrlik cərimə zərbəsinin təyin olunması ilə nəticələndi. Topa yaxınlaşan Mikels şansı qaçırmadı.

Dəqiqələr keçdikcə “Sabah” təzyiqi bir qədər də artırır, “Kəpəz”in isə gücü tükənirdi. Gəncə təmsilçisi qonaqların ardıcıl hücumları qarşısında çox tab gətirə bilmədi. 70-ci dəqiqədə Amin Seydiyevin ötürməsini başla qola çevirən Cesse Sekidika tarazlığı bərpa etdi.

“Sabah” hakimin final fitinədək hesabda önə keçməyi də bacardı. Mikels sol cinahdan qapı qarşısına ötürülən topu dəqiq zərbə ilə tora qovuşdurdu. Beləliklə, Coy-Lensin dublu və Cessenin qolu sayəsində geridönüş edən paytaxt klubu ardıcıl 3-cü qələbəsini qazandı.

Addai siftəni etdi

Tura “Zirə” – “Qarabağ” oyunu ilə yekun vuruldu. Matçda ilk qol vəziyyətini meydan sahibləri yaratdılar. Davit Volkovun başla zərbəsini Ağdam klubunun qapıçısı Fabian Buntiç dəf etdi. “Qarabağ”ın cavab həmləsi ilə qolla nəticələndi. Yassin Benzianın hava ötürməsini Toral Bayramov dəqiq baş zərbəsi ilə tamamladı.

Az sonra “Qarabağ”ın yeni transferi Emmanuel Addai fərqlənməyə yaxın oldu. Ancaq onun cərimə meydançası daxilindən zərbəsinə “Zirə”nin qolkiperi Tiaqo Silva əla reaksiya göstərdi. Bununla belə, Addai çox keçmədi ki, istəyinə çatdı. Toral Bayramovun uzaq məsafədən zərbəsini Silva dəf etsə də, o, Addainin təkrar zərbəsi qarşısında aciz qaldı.

“Zirə” fasiləyədək hesab arasındakı fərqi azaltdı. Ceyhun Nuriyev sol ayağı ilə qapının uzaq küncünü dəqiq nişan aldı. Ancaq Rəşad Sadıqovun komandasının bundan artığına gücü çatmadı.

İkinci hissədə də üstün tərəf “Qarabağ” idi. “Köhlən atlılar” bunun məntiqi nəticəsi olaraq, 88-ci dəqiqədə oyunda son nöqtəni qoydular. Meydana sonradan daxil olan Abdullah Zubir o qədər də qüvvətli olmayan zərbə ilə topu tora qovuşdurdu.

AĞA

Избранный
135
1
futbolinfo.az

2Источники