Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə - sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığını təsdiqləyib.
Bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılması məsələsi yubanır. Paşinyan hakimiyyəti nə Qazaxın 3 kəndi və Kərkidən danışır, nə də Zəngəzur dəhlizi ilə bağlı danışıqlara gedir. Naxçıvana gediş-gəlişin təmin edilməsi məqsədilə ilk olaraq İran üzərindən alternativ yol təklif edilmişdi. Amma indi bu dəfə alternativ olaraq Dərələyəz yolu gündəmə gəlib. Zəngəzur dəhlizi açılmasa Dərələyəz alternativ yol kimi verilə bilərmi və olarsa bu yol üzərində kimin nəzarəti olacaq?
Mövzunu Sonxeber.az-a şərh edən siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, burada əsas məsələ kimi ilk növbədə Azərbaycan torpaqlarının bütöv şəkildə nəzərdə keçirməliyik:
" Naxçıvan və Zəngilan arasındakı torpaqlarda Azərbaycanın tarixi əraziləridir. Sadəcə olaraq sovet Rusiyası bu torpaqları vaxtilə Ermənistana peşkəş edib. Bu o demək deyil ki, Naxçıvan və Zəngilan arasında heç bir əlaqə olmamalıdır. Əslində əvvəllər var idi. Sovet Rusiyası bu torpaqları bilərəkdən Ermənistana versə də, yenə də azərbaycanlılar öz torpaqlarına gedə bilirdilər. İndiki halda isə Zəngəzur ilə bağlı müəyyən meşələr ortaya çıxdı. Bəyannamədə olan məsələnin sonradan gündəmi gəlməsi və müzakirə prosesi yarandığı üçün indiki məqamda alternativ yollar düşünülür. Onlardan biri də Dərələyəzdir. Dərələyəz də Azərbaycanın torpaqları olub. Ona görə də Zəngəzur məsələsində müəyyən mənada təxirəsalınma varsa yaxud sülh sazişindən sonra bu məsələyə baxılması iddia olunursa, alternativləri düşünə bilərik".
Siyasi şərhçinin sözləöərinə görə, Dərələyəz üzərindən Naxçıvan və Zəngilan arasında, Zəngəzur yerinə Dərələyəz yolundan istifadə etmək mümkündür. Ermənistan Fransanın və ABŞ-nin təsiri altında olmasa, Dərələyəz yoluna Azərbaycan və Ermənistan birlikdə nəzarət edə bilər. Bu olacaqsa Azərbaycanın öz sözü olacaq:
"Bu yoldan azərbaycanlılar istifadə edəcək. Yolun nəzarəti bu baxımdan Azərbaycanın üzərinə düşür. Ancaq rəsmi olaraq Dərələyəz Ermənistana aid hesab olunduğu üçün Ermənistanın belə burada nəzarəti ola bilər. Eyni zamanda üçüncü tərəf kimi bəzi qüvvələrin iştirakı Azərbaycan və Ermənistan arasında qarşılıqlı anlaşma şəklində ola bilər. Şübhəsiz ki, bununla bağlı Rusiya da sakit dayanmayacaq. Dərələyəz yolunun ortaya çıxması onu göstərir ki, rəsmi Bakı bütün hallarda Naxçıvan və Zəngilan arasındakı yolu bərpa etmək istəyir və bu olmalıdır. Başqa yol mümkün deyil. Əgər dediyimiz kimi, sovet dönəmində hər hansı bir formada yol var idisə, bu indi olmalıdır. Alternativ yolun olması Ermənistanın özünə xəbərdarlıqdır. Azərbaycanlılar öz torpaqlarına sərbəst şəkildə gedib gəlməlidirlər. Burada bir qüvvənin diqtəsindən söz gedə bilməz. Bu və ya digər hallarda Zəngəzur, Dərələyəz yolunun fərqi yoxdur. Yolun açılması mütləq gerçəkləşəcək".
Sevda Səfərova